AZ

Hərbi analitik: “Hər an Ermənistanın təxribatı ilə üzləşə bilərik”

Hərbi

“Son iki ildə Azərbaycan-Ermənistan münasibətləri dalğavari şəkildə inkişaf edir. Yəni bir mərhələdə sanki münasibətlər normal olur, digər mərhələdə isə gərginlik özünü göstərir. Başqa sözlə, münasibətlərdə yaxşı və pis hallar müşahidə edilir. İndi müşahidə etdiyimiz növbəti pisləşmə halıdır. Bu vəziyyəti düzgün qiymətləndirməli və buna hazır olmalıyıq”.

Bu sözləri Reyting.az-a hərbi analitik Azad İsazadə son günlər Ermənistan ordusunun Azərbaycan ərazilərində təxribatlar törətmək cəhdlərini şərh edərkən bildirib.

A. İsazadə deyib ki, hazırda Azərbaycan və Ermənistan arasında rəsmi dövlət sərhədi yoxdur, ona görə də nəzəri olaraq söhbət cəbhə xətti-dövlət sərhədindən gedə bilər: “Biz bu hissədə periodik olaraq Ermənistanın təxribatları ilə rastlaşırıq. Bu kimi halları reallıq kimi qəbul etməli, buna hazır olmalıyıq. Anlamalıyıq ki, hər an Ermənistanın təxribatı ilə üzləşə bilərik. Biz bir növ İsrailin oktyabrın 7-nə qədər yaşadığı dövrü yaşamalıyıq. Nə qədər ki, erməni cəmiyyəti ədalətli sülhü qəbul etmir, belə təxribatların şahidi ola bilərik. Mən istisna etmirəm ki, gələcəkdə hətta dövlət sərhədi müəyyənləşdikdən sonra da, Ermənistan silahlı qüvvələri təxribata əl atmayacaq”.

Hərbi analitik əmindir ki, təxribatlar yaratmaqla mövcudluğunu göstərməyə çalışan Ermənistan ordusu hər hansı bir eskalasiyaya və ya geniş hərbi qarşıdurmaya hazır deyil: “Bu səbəbdən də mümkün müharibə və ya geniş çaplı hərbi əməliyyatları istisna edirəm. Çünki erməni ordusunun belə bir potensialı və qüdrəti yoxdur. Amma mümkündür ki, onlar təxribatlar törətməklə Azərbaycan Ordusunun səbr kasasını daşırıb, bizim əhatəli cavab verməyimizi təmin etmək istəyirlər ki, sonra dünyada səs-küy salıb, sülh müqaviləsinə dair müzakirələri uzatsınlar”.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
reyting.az

10Mənbələr