Bakı, 29 iyul, AZƏRTAC
Banqladeşdə kütləvi tələbə etirazları və onların nəticələri, o cümlədən komendant saatı və internetin bağlanması ölkə iqtisadiyyatına ən azı 10 milyard dollar zərər vurub.
AZƏRTAC xəbər verir ki, “The Daily Star” nəşri bu barədə Banqladeşin Ticarət-Sənaye Palatasına istinadla məlumat yayıb.
Məlumata görə, komendant saatı zorakılıq dalğasının qarşısını alsa da, iqtisadiyyat üçün ağır nəticələrə səbəb olub. Qadağa səbəbindən bir çox müəssisə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. İnternetin kəsilməsi isə ölkə ixracatının təxminən 85 faizini təşkil edən tikiş sənayesinə mənfi təsir göstərib. Ekspertlərin fikrincə, etirazların təsiri onsuz da pis vəziyyətdə olan iqtisadiyyatda gərginliyi bir qədər də artıracaq.
Qeyd edək ki, iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində kütləvi etirazlar başlayıb. Etirazçılar 1971-ci ildə müstəqillik müharibəsində iştirak edənlərin qohumları üçün iş kvotalarının ləğvini tələb edir.
Əvvəlcə dinc xarakterli aksiyalar sonradan 170-dən çox insanın ölümü ilə nəticələnən iğtişaşlara çevrilib. Hökumət isə buna cavab olaraq paytaxtda komendant saatı tətbiq edib, rabitə əlaqəsini kəsib və televiziya kanallarını bağlayıb. İyulun 21-də Banqladeş Ali Məhkəməsi əksər iş yerləri üzrə kvotaları ləğv edib. Hüquq-mühafizə orqanları hadisələrlə əlaqədar ümumilikdə 5 min 500-dən çox insanı saxlayıb.