AZ

Ukrayna Rusiyadakı neft anbarına zərbələr endirdiyini, Moskva isə Donetsk bölgəsində yeni ərazilər aldığını bəyan edir

AP:  Ukrayna bazar günü bəyan edib ki, Rusiyanın cənubundakı Kreml qoşunlarını təchiz edən neft anbarına zərbələr endirib, Rusiyanın Ukraynanın şərqindəki Donetsk bölgəsinə zərbələri nəticəsində 5 mülki vətəndaş ölüb və 15 nəfər yaralanıb.

Ukrayna Baş Qərargahı verdiyi açıqlamada Kiyevin təhlükəsizlik xidmətlərinin Rusiyanın cənubundakı Kursk bölgəsində Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün istifadə edilən və ümumi tutumu 7000 kubmetr olan neft anbarına endirilən pilotsuz uçan aparat hücumuna görə məsuliyyət daşıdığını bildirib. Əlavə edib ki, həmin səhər Kursk vilayətinin cənub hissəsində pilotsuz təyyarə vurulub. Hücum “güclü partlayışlara və yanğına səbəb olub...”.

"Müdafiə qüvvələri rus işğalçılarının hərbi və iqtisadi potensialını sarsıtmaq və Rusiya Federasiyasını Ukraynaya qarşı silahlı təcavüzünü dayandırmağa məcbur etmək üçün bütün tədbirləri görməyə davam edir", - bəyanatda deyilir.

Bazar günü səhər saatlarında Rusiya Müdafiə Nazirliyi bir gecədə Rusiya ərazisi üzərində 7 Ukrayna pilotsuz uçan aparatının vurulduğunu, bölgə rəsmisi isə pilotsuz təyyarənin zərbəsi Kursk vilayətindəki neft anbarının alovlanmasına səbəb olduğunu bildirib. Yanğınsöndürənlər bazar günü səhər üç yanacaq çəninin alışmasından sonra yanğınla mübarizə aparıblar, region qubernatoru Aleksey Smirnov bildirib. O, heç kimin xəsarət almadığını da bildirib.

Kursk bölgəsi Ukraynanın Sumı vilayəti ilə həmsərhəddir, burada Ukrayna son aylarda Rusiya ərazisindəki müxtəlif hədəflərə, o cümlədən neft anbarlarına və digər hərbi infrastrukturlara PUA və digər silahlarla dəfələrlə hücum edib. Ukrayna rəsmiləri Qərb müttəfiqlərinə Rusiya daxilində daha qiymətli hədəfləri vurmaq üçün müasir və daha təkmil silahlardan istifadə etmələri üçün təzyiq göstərirlər.

Bazar günü Rusiya qoşunları Ukraynanın müharibədən əziyyət çəkən şərqindəki Donetsk vilayətində mövqelərini möhkəmləndirməyə davam edərək, qərbə doğru Pokrovsk və Kuraxovo şəhərlərinə doğru irəliləyib. Həmin gün Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, onun qoşunları Pokrovsk, Proqres və Evgenyevkadan təxminən 30 kilometr şərqdə yerləşən iki qonşu kəndi nəzarətə götürüb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlayıb və milyonlarla insanı qonşu ölkələrə qaçmağa məcbur edib. Ölkənin sənaye mərkəzi olan və hazırda illərlə davam edən döyüşlərin izlərini daşıyan Donetskə nəzarəti ələ keçirmək Kremlin əsas hərbi məqsədlərindən biridir.

Yerli hökumətin bildirdiyinə görə, şənbə günü və bir gecədə Rusiyanın Donetsk vilayətinə endirdiyi zərbələr nəticəsində 5 mülki şəxs həlak olub, 15 nəfər yaralanıb. Bu barədə bazar günü Vadim Filaşkin “Telegram”da məlumat verib. Az sonra digər Ukrayna rəsmiləri bəyan ediblər ki, Rusiyanın hücumu nəticəsində ölkənin şərqində və cənubunda uşaqlar da daxil olmaqla daha çox mülki vətəndaş yaralanı.

Moskva qoşunlarının bazar günü Ukraynanın şərqindəki Nikopol şəhərini vurması nəticəsində ən azı 8 nəfər yaralanıb, yerli qubernator Sergey Lısak həmin gün bildirib. Lısak qurbanlar arasında bir körpə və 10 yaşlı bir qızın da olduğunu, onlardan altısının xəstəxanaya yerləşdirilməli olduğunu deyib.

Yerli rəsmi Roman Mroçko bildirib ki, bazar günü Rusiyanın Ukraynanın cənubundakı Xerson vilayətindəki bir kəndinə hücumu zamanı 10 yaşlı uşaq və iki yeniyetmə də daxil olmaqla daha səkkiz dinc sakin yaralanıb.

 

Seçilən
99
50
turan.az

10Mənbələr