AZ

Bir əlifba xəstəlik – Hepatitlər

“Hepatit” qaraciyərin xəstəliyidir. Törədicisi qan tərkibli çox dəyişkən bir virusdur. Daha təhlükəlisi isə odur ki, tez-tez öz formasını və genotipini dəyişdiyinə görə diaqnostikasında və müalicəsində müəyyən problemlər yaradır. Bu dəyişkən xassəsinə görə onun diaqnostik aparatlar vasitəsi ilə təyin edilməsi, dolayısı ilə müalicə dərmanları çox bahalıdır, eyni zamanda uzun müddətlidir.

Hepatit B və C ən zərərli növlərdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, hər il dünyada 1,3 milyon insan bu virusun yaratdığı xəstəliklərdən ölür. Bu, hər 30 saniyədə bir Hepatit ölümü deməkdir. Hepatitin hər gün sürətlə yayılmasının əsas səbəbi isə cəmiyyətin bu virusdan qorunma yollarını hələ də bilməməsidir. ÜST-ə görə Hepatit B Sakit okeanın qərb regionunda (Çin, Yaponiya və Avstraliya) 97 min nəfərdə, Afrikada 65 milyon insanda rastlanıb. Cənub-Şərqi Asiya regionunda (Hindistan, Tailand və İndoneziya) 61 milyon insanda müşahidə olunur. ÜST bildirir ki, Hepatit B hər il dünyada 20 milyon insana yoluxur.

Hepatitə əlinizdəki kiçik bir yaradan, stomotoloqdan, doğum evindən, hepatitli biri ilə cinsi əlaqədən, hepatitli insanın qanına təmas etdikdə, birdəfəlik itifadə üçün nəzərdə tutulmuş tibbi alətlərin təkrar istifadəsindən, hepatitli anadan doğularaq, hepatitli insanın üzqırxan aləti, diş fırçası, dırnaq qayçısı kimi gigiyenik əşyalarına toxunaraq, hemodializ və ya akapunktur (iynəsancma ilə müalicə) prosesləri zamanı yoluxa bilərsiniz.

Hepatit B virusu AİDS-dən 100 dəfə artıq yoluxucu virusdur, müalicə ilə nəzarət altında saxlanması mümkündür, lakin bunun üçün erkən diaqnoz vacibdir. Əgər vaxtında aşkarlanmasa və müalicə edilməsə gizli inkişaf edən xəstəlikdir, bunun da nəticəsi qaraciyərin serrozu və ya xərçəngidir. Müasir texnologiya Hepatit B-nin aşkarlanması üçün bütün imkanlara sahibdir, bunun üçün bu təhlükəli virusun aşkarlanması əvvəlki illərə nisbətən daha asandır. Peşəkar həkim lazımı avadanlıq olduğu təqdirdə qan analizi ilə bunu təyin edə bilər.

Həkimlər Hepatit B virusundan qorunmağın ən güvənli yolunun bu virus əleyhinə peyvənd olduğunu deyirlər. Yoluxma baş verdikdən sonra isə qaydasında aparılan müalicə - iynə və dərman təyinatı vacibdir. Hepatit B virusunun xüsusilə hamilələrdə daha təhlükəlidir, 1998-ci ildən bəri dünyada bu virusa qarşı peyvənd də tətbiq edilir. Həkimlər deyir ki, yenidoğulmuşlara dərhal Hepatit B əleyhinə peyvənd edilir, amma xəstəxanalarda yox, evində, ara həkimlərinin evində doğan qadınların da olduğunu nəzərə alsaq, onda Hepatit B-nin yayılmasının qarşısını tam ala bilmədiyimizi görərik. Hepatit B virusu daşıyan anaların doğuşdan əvvəl müalicə edilməsi, doğulan uşağa ilk 8 saat ərzində Hepatit B peyvəndinin və dərmanının verilməsi uşağın bu təhlükəli virusdan qorunmas üçün vacibdir. Tibb elminə görə, Hepatit B peyvəndi uşaq doğulanda və 6-cı ayda 3 doza halında vurulmalıdır, yaxşı olar ki, valideynlər 1 yaşında uşağı Hepatir B testindən də keçirsinlər.

Hepatit A ən çox nəcislə çirklənmiş qida və ya içməli su istehlakı və ya əvvəlcədən bu növə yoluxmuş şəxslə birbaşa təmas nəticəsində ötürülür. Gigiyena şərtlərinin tam əməl edilmədiyi aşağı və orta gəlirli ölkələrdə Hepatit A-ya daha çox rast gəlinir. 1998-ci ildə Çinin Şanxay şəhərində çirkli suya görə 300 min insan bu xəstəliyə yoluxmuşdu. Əgər immun sistemi qüvvətli olarsa onun simptomları qısa müddətdə yox olur və demək olar ki, hər kəs sağalır. Ancaq ölümcül qaraciyər çatışmazlığına səbəb ola bilər.

Məlumat üçün qeyd edək ki, bu gün dünyada Hepatitin A, B, C, D, E tipləri geniş yayılıb. Dünyada qaraciyər xərçənginə tutulanların 78 faizi Hepatit B və ya C daşıyıcılarıdır. Hepatit vurusları hər il dünyada 1 milyon insanın ölümünə səbəb olur. Dünyada hər 12 insandan birində xroniki Hepatit var və bu insanların əksəriyyəti də xəstəliyindən xəbərsizdir.

Hepatit B-yə yoluxmuş insanın əvvəlcə qaraciyər hüceyrələrində iltihabi proses başlayır, xəstədə iştahasızlıq, ürəkbulanma, qusma, zəif qızdırma, sidiyin tündləşməsi və sarılıq əmələ gəlir. Hepatit B virusuna yoluxma baş veribsə dərhal həkimə müraciət edin. İlkin 24 saat ərzində Hepatit B immunoqlobulinlərinin inyeksiyası sizi Hepatit B-nin inkişafından xilas edə bilər. Bununla yanaşı, ardıcıl olaraq üç dəfə Hepatit B peyvəndini almanız gərəkdir.

Heç bir əlamət olmasa belə Hepatit B ilə yoluxmusunuzsa, o sizin qaraciyərinizi zədələyə bilər və özünüz də bilmədən sizdən digər insanlara keçə bilər. Odur ki, əgər azacıq da yoluxma təhlükəsini mümkün hesab edirsinizsə mütləq müayinə olunun. Bununla həm özünüzü, həm də yaxınlarınızı qorumuş olarsınız.

Hepatit B əsasən doğuş zamanı anadan uşağa, çirkli iynələr və şprislər, döymə-tatuaj, pirsinq, yoluxmuş qan və cinsi əlaqə zamanı ötürülür. Hepatit C və D həmçinin yoluxmuş qan vasitəsilə, məsələn, iynələrin və şprislərin paylaşılması və ya yoluxmuş qanın köçürülməsi yolu ilə ötürülür. Yalnız Hepatit B olanlar Hepatit D-yə yoluxa bilər və bu, xroniki Hepatit B olanların 5%-də rastlanır. Hepatit E çirklənmiş su və qida qəbulu ilə ötürülür. Ən çox Cənubi və Şərqi Asiyada rast gəlinir və xüsusilə hamilə qadınlar üçün zərərli ola bilər.

ÜST-yə görə, hepatitin simptomları qızdırma, zəiflik, iştahsızlıq, ishal, ürəkbulanma, mədə ağrısı, tündləşmiş sidik və nəcis, dərinin və göz ağlarının sarılığıdır. Eyni zamanda, hepatiti olan bir çox insanlarda yalnız yüngül simptomlar da ola bilər və ya heç bir simptom hiss edilməz. ÜST-nin 2022-ci ildə dərc etdiyi məlumatlara görə, dünyada Hepatit B xəstələrinin yalnız 13%-nə və xroniki Hepatit C xəstələrinin yalnız 36%-nə diaqnoz qoyulub. Təhlükə ondan ibarətdir ki, onlar bilmədən infeksiyanı başqalarına ötürə bilərlər.

Hepatit A-nın xüsusi müalicəsi yoxdur. Lakin yoluxmuş insanların əksəriyyəti tez sağalır və immunitet yaranır. Xroniki Hepatit B və C antiviral dərmanlarla müalicə olunur ki, bu da serroz və qaraciyər xərçənginin inkişaf riskini azaldır. Hepatit A və B-nin qarşısını alan dərmanlar var. Körpələr dünyaya gələn kimi onlara vurulan Hepatit B peyvəndi xəstəliyin anadan uşağa keçməsinin qarşısını alır və Hepatit D-dən də qoruya bilir. Hepatit C-yə qarşı peyvənd hazırlanmayıb və Hepatit E peyvəndləri də hazırda geniş yayılmayıb.

ÜST 2030-cu ilə qədər Hepatit B və C-yə yoluxanların sayını 90% və bu xəstəliklərdən ölənlərin sayını 65% azaltmaq istədiyini bildirir. Lakin yenə eyni qurumun statistik məlumatlarına baxanda görünür ki, hepatit viruslarından ölənlərin sayı artır. ÜST bildirir ki, yüz milyonlarla insan hələ də hepatit testindən keçmək üçün mübarizə aparır və dünya ölkələrinin yalnız 60%-i pulsuz və ya sığortalı hepatit testini təmin edir. Afrika ölkələrinin isə yalnız üçdəbirində bu imkan var.

Lalə Mehralı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
sesqazeti.az

1Mənbələr