AZ

“Sonuncu Şam yeməyi”nin İsası və onun şagirdləri...

Beynəlxalq siyasət praktikası göstərir ki, qlobal miqyasda keçirilən bütün tədbirlərin beynəlxalq ictimaiyyətə öz mesajı var.

Və bu mesaj, bir qayda olaraq, həmin tədbirlərin açılış və ya bağlanış mərasimlərində ötürülür. Şübhə yoxdur ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi də qlobal, dünya əhəmiyyətli hadisədir.

Açılış törənini planetimizin milyardlarla sakini izləyirdi və Paris bundan istifadə edərək öz mesajını bütün bəşəriyyətə çatdırdı. Açılş tədbirinin kulminasiyası olan “Sonuncu Şam yeməyi”ndə özünü İsa Məsih və onun şagirdləri kimi təqdim edən transvestitlərin göstərdiyi iyrənc şou həqiqətən sarsıdıcı oldu.

Aydın oldu ki, Parisin dünyaya ötürmək istədiyi əsas mesaj LGBT təbliğatından başqa bir şey deyilmiş. belə bir iyrənc təbliğat kampaniyasının aparılması üçün Yay Olimpiya Oyunları kimi qlobal bir hadisənin seçilməsi də heç də təsadüfi deyil. O da təsadüfi deyil ki, bu biabırçılıq məhz Fransada Makronun hakimiyyəti dövründə mümkün oldu. Çünki hazırda ultra-qlobalistlər və qlobalistlər arasında gedən qlobal qarşıdurmada mühüm rol oynayan məhz Makronun Fransasıdır.

Dediklərimi daha yaxşı anlamaq üçün bu qarşıdurmanın mahiyyətinə varmalıyıq.
Ənənəvi qlobalistlər dünyanın gələcək inkişafını mövcud dövlətlərin suverenliyinin qorunub saxlanılmasında, eləcə də sənayeni və bütün cəmiyyətlərdə orta təbəqəni inkişaf etdirməkdə görürlər. Eyni zamanda, onlar cəmiyyətin ənənəvi dəyərlərinin qorunub saxlanılmasını zəruri hesab edirlər.

Ultra-qlobalistlərin xəyal etdiyi dünyada isə prinsipcə dövlətlər və eləcə də orta təbəqə olmamalıdır. Dünya bir neçə böyük meqa-korporasiyadan ibarət olmalıdır. Ultra-qlobalistlər bəşəri dəyərlərlə heç cür uzlaşmayan “LGBT” cəmiyyətlərini dəstəkləməklə ənənəvi dəyərlərdən imtina edilməsinin və dövlət və dövlətçilik anlayışının aradan qaldırılmasının tərəfdarıdırlar. Onlar dünyanın gələcək inkişafını onun xaosla idarə edilməsində görürlər. Maraqlıdır, deyilmi?

Hazırda ultraqlobalistlərin əlində kifayət qədər resurs var – dünyanın müxtəlif ölkələrinin prezidentləri və baş nazirləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron da belə resurslardandır. Bu da son deyil. Ultra-qlobalistlər artıq çoxdan LGBT cəmiyyətini təbliğ edən, müntəzəm olaraq ənənəvi dəyərləri gözdən salan və müxtəlif dinlər üçün müqəddəs sanılan hər şeyi ləkələyən çox sayda nüfuzlu beynəlxalq media resurslarına malikdirlər və ya nəzarət edirlər. Bütün bunlarla yanaşı, əsasən Qərbdə formalaşdırılan və maliyyələşdirilən və “insan haqları təşkilatları” kimi fəaliyyət göstərən çoxsaylı GHT-lər də ultra-qlobalistlərin əlində olan güclü təsir vasitələridir.
Məsələn, 2014-cü ildə BMT-nin o vaxtkı Baş katibi Pan Gi Munun “Eurovision” mahnı müsabiqəsinin “qalibi” , Avstriyalı müğənni Konçita Vurst ilə görüşü bu təbliğatın bariz nümunəsi idi və bu görüşdə ultraqlobalistlər özlərinin ən cəsarətli mesajlarını dünyanın ən yüksək vəzifəli şəxsinin dilindən bütün dünyaya səsləndirdilər. Elə o zaman hamıya aydın oldu ki, “Eurovision” kimi kontinental miqyaslı mahnı müsabiqəsi heç də sadəcə mədəniyyət hadisəsi deyil, həm də ultra-qlobalistlərin əlində öz ideyalarını dünyaya sırımaq üçün silahdır. Eləcə də dünyanın müxtəlif ölkələrinin paytaxtlarında mütəmadi şəkildə təşkil olunan gey paradları və “rəngli inqilablar” da ultra-qlobalistlərin haos uğrunda apardıqları mübarizənin görüntüləridir.
Dünyanın dialektik qanunauyğunluq əsasında inkişafını inkar edən və bu inkişafı öz istədikləri səmtə yönləndirməyə çalışan bu qüvvələrin ümumi sponsorları olduğu kimi ümumi rəqibləri də var. Bugünkü Avropada onlardan biri Macarıstanın baş naziri Viktor Orbandır. Siyasi fəaliyyətində xristian mühafizəkarlığını təbliğ edən Viktor Orban 2021-ci ildə həddi-buluğa, yəni 18 yaşına çatmamış şəxslərə homoseksuallığın təbliğini qadağan etdi. Məhz onun təşəbbüsü ilə qəbul olunmuş qanunla Macarıstanda eynicinsli nikahlar tanınmır, yalnız heteroseksual cütlüklərin ailə yarada biləcəyi və qanuni olaraq uşaqları övladlığa götürə biləcəyi təsbit edilir. Bu qanunla Orban hökuməti nikahı yalnız bir kişi və bir qadının birliyi kimi öz Konstitusiyasında təsbit etdi, eyni zamanda geylər tərəfindən uşaqların övladlığa götürülməsini məhdudlaşdırdı.
Viktor Orbanın bəşəri dəyərlərə əsaslanan bu təşəbbüsləri Avropa İttifaqı və ultra-qlobalistlərin idarə etdiyi çoxsaylı “insan haqqları təşkilatları” tərəfindən kəskin tənqid atəşinə tutuldu. Maraqlıdır ki, Orbana qarşı bu kampaniyalarda onun siyasi rəqiblərinə sponsorluq edən əsas güc mərkəzi əslən elə Macarıstandan olan Sorosun bədnam Fondu idi. Dünyanın ən məşhur ultra-qlobalist mərkəzi kimi tanınmış Soros Fondu çoxsaylı ölkələrdə siyasi qeyri-sabitlik yaratmaqla dünyanı haosa yönəldən əsas qüvvə hesab olunur. Daha maraqlısı və bəlkə də təhlükəli olan odur ki, ultra-qlobalistlər bəzi ölkələrdə dəfələrlə uğursuzluğa düçar olsalar da məqsədlərindən əl çəkmirlər.
Bu dəfə də Viktor Orban Parisdə Olimpiya Oyunlarının açılışı ilə bağlı çox düzgün və ədalətli bir açıqlama verdi. “Parisdə Olimpiya Oyunlarının açılış mərasimi göstərdi ki, Qərbin ümumi mənəvi əsası yoxdur. Qərbdə artıq milli dövlətlərin mövcud olmadığını düşünürlər. Nəticədə onlar ortaq mədəniyyətin və onun üzərində qurulmuş ümumi əxlaqın mövcud olduğunu inkar edirlər. Ortaq əxlaq yoxdur ! Siz dünənki Olimpiya Oyunlarının açılışına baxsanız, bunu görə bilərdiniz”, – deyə Macarıstan Baş naziri bildirib.

Orbanın istifadə etdiyi “Qərb” sözünün altında o, özlərinə məxsus yeni dünya nizamı ideyasını öz istədikləri şəkildə bəşəriyyətə təlqin etməyə çalışan ultra-qlobalistlərdən danışırdı.
Viktor Orbanın bu açıqlamasında biz planetimizin gələcəyini müəyyən edəcək müxtəlif təmayüllər arasındakı kəskin qarşıdurma epizodlarını görürük. Və buna görə də bu yaxınlarda Viktor Orbanın ABŞ prezidentliyinə namizəd, hazırda mötədil qlobalistlərin təmsilçisi və himayədarı kimi tanınan Donald Trampla görüşü başa düşüləndir.
Bu qlobal qarşıdurmada bütün təhdidlərə və təzyiqlərə baxmayaraq Azərbaycan öz qətiyyətli seçimini edib. Bu, dövlətimizin suverenliyinin möhkəmləndirilməsinin xeyrinə seçimdir.

Bu, mədəniyyətimizin və adət-ənənələrimizin qorunub saxlanması və hörmət edilməsinin xeyrinə seçimdir. Bu seçim ölkəmizdə keçirilən Eurovision, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi qlobal tədbirlər vasitəsilə bütün dünyaya təqdim olunub. “Biz milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirməliyik, gənclərimizi milli ruh və ənənəvi dəyərlər əsasında tərbiyə etmək dövlətin və hər bir ailənin borcudur”. Ultra-qlobalistlərin fəal şəkildə qarşı çıxdıqları da elə budur.
Azərbaycanı özlərinə hədəf seçənlər və Cənubi Qafqazda öz xəyallarını gerçəkləşdirmək üçün Ermənistanı özünə alət seçənlər bilməlidirlər ki, Azərbaycan Yeni Dünya nİzamını fərqli şəkildə görür. Biz də kollektiv Qərbin yeni dünya düzənini necə gördüyünü indiki Yay Olimpiya Oyunlarının açılış mərasimində gördük. Bu, qlobal miqyaslı əxlaqsızlıq və o əxlaqsızlığın bayramı idi. Bu, ultra-qlobalizm tərəfdarlarının bəşəriyyəti itələdiyi uçuruma doğru daha bir addım idi.

Cavanşir Feyziyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
qafqazinfo.az

2Mənbələr