AZ

“Brügge” 19-cu çempionluğu qeyri-adi şəkildə qazandı

“Brügge”nin azarkeşlərinin çemponluq həsrəti iki il çəkdi.

“Football-plus.az” xəbər verir ki, 2020-22-ci illərdə ardıcıl üç dəfə Belçika çempionatında qalib gələn “göy-qaralar” ardıcıl çempionluq sayına görə 1976-78-ci illərdəki seriyasını təkrarlamışdılar. Komanda 2022/23 mövsümündə “Antverp”in sürpriz çempionluğuna mane ola bilməsə də, bu ilin mayında jüpile liqanı zirvədə başa vurmağı bacardı. Sözün düzü, brüggelilərin son çempionluğu da qeyri-adi alındı. Niyə? İndi biləcəksiz.

Format “Brügge”nin işinə yaradı
2023/24 mövsümünün əsas sualına mükafatlar uğrunda mübarizənin lap sonunda cavab tapıldı və “Brügge” 19-cu çempionluğuna qovuşdu. Hərçənd komanda 30 turluq müntəzəm çempionatın yekun cədvəlini lider “Yunion”dan 19 (!) xal geri qalmaqla 4-cü (!!) yerdə başa vurmuşdu. Bəs necə oldu ki, bir neçə həftə sonra bu qədər fərqi aradan qaldıraraq azarkeşlərinə inanılmaz sevinc bəxş etdi?

Bax, mövsümün həlledici mərhələsində ölkə çempionatının formatı brüggelilərin işinə yaradı. Gəlin, jüpile liqanın reqlamentinə nəzər salaq. 16 komanda çempionatın birinci mərhələsində ikidövrəli sistemlə mübarizə aparır. Yekun cədvəldə ilk 6 yeri tutanlar növbəti mərhələdə mükafatlar, 7-12-ci yeri tutanlar Konfrans Liqasına vəsiqə, son 4 sırada olanlar isə yüksək liqada qalmaq uğrunda yarışırlar. İlk iki “6-lıq” həlledici mərhələyə ilk mərhələdəki xalların yarısı ilə başlayır. Başqa sözlə, “Brügge” ikinci mərhələ ərəfəsində liderdən 19 yox, artıq 9 xal geri qalırdı. Sözsüz, xalların ikiyə bölünməsi daha çox 30 oyuna 70 xal qazanan “Yunion”a zərbə vurdu. Yoxsa bu komandanın mövqeyini əldən verəcəyi o qədər də real görünmürdü. Amma brüggelilərin nümunəsində 9 xallıq fərqi “əritmək” ehtimalı, təbii ki, artmalıydı.

Belə də oldu. “göy-qaralar” mükafatlar uğrunda mübarizədə keçirdikləri 10 oyunda məğlubiyyət üzü görmədilər (halbuki ilk mərhələdə 30 oyunda 7 dəfə uduzmuşdular). Həlledici mərhələdə 7 qələbə qazanıb 3 oyunu heç-heçə başa vurdular. Sonuncu turun “Serkl Brügge” ilə ev oyununda qolsuz “sülh” Belçikanın ən titullu ikinci komandasının qızıl medallara qərq olması üçün kifayət etdi. Komanda jüpile liqada son 5 mövsümdə 4-cü dəfə çempion oldu.

Əvvəlki çempion qitə arenasına çıxa bilmədi
Əlbəttə, brüggelilərin yenidən zirvəyə çıxmasına əsas rəqiblərin mini-turnirdə həddən artıq xal itirməsinin də təsiri oldu. Bu planda “Yunion”un geriləməsi diqqəti daha çox cəlb etdi. Birinci mərhələnin lideri əsas izləyicisi “Anderlext”i 7, 3-cü yerdəki “Antverp”i 18 xal qabaqlayırdı. Lakin “Yunion” həlledici mərhələdə gözləniləndən az xal qazandı. 4 qələbə qazanıb 2 dəfə heç-heçə edən və 4 oyunda uduzan almaniyalı Aleksander Blessinin komandası sonda “Brügge”dən bir xal az topladı. Maraq üçün “Yunion”un mükafatlar uğrunda mübarizədə yeni çempionla keçirdiyi iki oyunda (1:2, 2:2) qələbə qazana bilmədiyini də qeyd edək.

Bu baxımdan “Antverp” azarkeşlərini daha çox məyus etdi. Əvvəlki çempion müntəzəm çempionatı 3-cü yerdə başa vursa da, həlledici mini-turnirdə sonuncu – 6-cı yeri tutan niderlandlı Mark van Bommelin komandası mövsümün faciəvi nəticə ilə bitirdi: qitə arenasına çıxa bilmədi.

Hayen iki aya “qızıl”ı təmin etdi!
Şübhəsiz, “Brügge”nin çoxlarının gözləmədiyi halda çempion olması mövsümün ən yaddaqalan faktıdı. Rəhbərlək ötən ilin mayında Ronni Deylanı baş məşqçi təyin etmək üçün “Standard”a təxminən 2 milyon avro təzminat ödəmişdi. Lyejli fanatlar bu yerdəyişməni heç cür qəbul edə bilməmişdilər: norveçli “satqın” adlandırılmış, “Brügge”yə nifrət daha da artmışdı.

Brüggelilər Deylanı təyin etməklə çempionluğu qaytarmaq niyyəti güdürdülər. Lakin ona bəslənilən ümidlər doğrulmadı. Narazılıqlar hələ sentyabrda komanda bir-birinin ardınca xal itirərərkən başladı. Oktyabrın əvvəlində vəziyyət daha da pisləşdi: Deylanın komandası 10-cu turda “Standard”a, növbəti oyunda isə autsayder “Kortreyk”ə uduzdu. Yerli media ilk 11 turda 33 mümkün xaldan 16-nı qazanan “Brügge”nin son 40 ildə ən uğursuz start götürdüyünü yazdı...

48 yaşlı Deyla əsas problemi qol vəziyyətlərindən effektsiz yararlanma ilə izah edirdi. Norveçlini qınamaq olmur: “Brügge” ilk dövrədən sonra 7–ci yerdə idi, halbuki hücumameyilli oyunçuları qol vəziyyətlərindən normal qaydada yararlana bilsəydilər, komanda 2-ci yerdə də ola bilərdi. Bu ilin martında nəticələr bir qədər yaxşılaşdı, amma liderlə xal fərqi artdığından Deylanın qovulması qaçılmaz oldu.

Rəhbərlik onun köməkçisinə etimad göstərdi. Niki Hayen baş məşqçi kimi fəaliyyətə fırtına kimi başladı. Mart-may aralığında keçirilən mini-turnirdəki 10 oyunluq məğlubiyyətsiz seriya “göy-qaralar”ın ikiillik çempionluq həsrətinin sona çatmasında böyük rol oynadı. Bir sözlə, 43 yaşlı Hayen iki aya “qızıl”ı təmin etdi!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
football-plus.az

1Mənbələr