AZ

Çingiz Hüseynzadə: “İlk uğurumuz sonuncu olmayacaq” - MÜSAHİBƏ

“Azərbaycan 3-cü dəfə cüdoda qızıl medal qazanır. 1992-ci ildə ilk dəfə Nazim Hüseynov Olimpiya çempionu olmuşdu. 16 il sonra Pekin-2008 Olimpiadasında Elnur Məmmədli, növbəti 16 ildən sonra isə Parisdə Hidayət Heydərov qələbə qazanıb”.

İdman.biz xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) uğuruna münasibət bildirib: “Bu gün Hidayət xarakter göstərdi. Bu qələbə bütün Azərbaycan xalqını sevindirdi. Ümid edirəm ki, ilk uğurumuz sonuncu olmayacaq. Digər cüdoçulardan da uğurlu nəticələr gözləyirik. Hələ güləşçilərimiz Parisə gəlməyiblər.

- Hidayət qələbəsindən sonra dedi ki, fransalıları Parisdə Azərbaycan himnini dinləməyə məcbur etdim...

- Bəli, bu çox gözəl sözlərdir. Bizim dövlətin Fransa ilə münasibətlərinin gərgin olduğunu bir zamanda Hidayətin finalda məhz yerli cüdoçuya qalib gəlməsi böyük fərəh doğurur. O, gözəl vurğulayıb. Fransalılar öz idmançılarına güclü dəstək verirdilər. Amma məğlubiyyətdən sonra tribunları tərk etmədilər. Onlar mükafatlandırma mərsimini izlədilər və bizim idmançımızı alqışladılar. Bu, bizim böyük uğurdur.

- Hələ medala iddialı idmançılar olduğunu bildirdiniz. Hansı nəticələri gözləyirsiniz?

- Dünən boksçumuz çox çətin qələbə qazandı. Alfonso Dominqes ikiqat Olimpiya çempionunu məğlub etdi. Digər boksçularımızdan da uğurlu çıxış gözləyirik. Dediyim kimi, güləşçilərimiz hələ buraya gəlməyiblər. Onların nailiyyət qazanmaq şansı yüksəkdir. Digər idman növlərində də müəyyən uğurla ola bilər. Olimpiada elə bir yarışdır ki, bəzi idman növlərində 5-ci, 6-cı yerləri tutmaq özü yaxşı nəticədir.

- Artıq medal hesabı açılıb. Milli Olimpiya Komitəsinin rəsmisi kimi neçə mükafata ümid edirsiniz?

- İdmançıların yolasalma mərasimindəki çıxışımda ən azı 9 medal qazana biləcəyimiz demişdim. Ümid edirəm ki, 9 medal olacaq. Ola bilər daha yaxşı nəticə qazanacağıq. Rio-2016, Tokio-2020 Olimpiadalardakı nəticələri yaxşılaşdırmaq gücündəyik. Yaponiyada qızıl medalımız olmamışdı, artıq yarışların 3-cü günündə bunu qazanmışıq. 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirəm, çox vaxt proqnozların özünü doğruldur. Bu dəfə də belə olacağına inanıram.

- Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Həmişə təşkilatçılığımız başqa ölkələrə nümunə kimi göstərilib. Parisdə təşkilatçılıqla bağlı ciddi narazılıq səslənir. Bu barədə nə deyə bilərsiniz?

- Bugünkü tədbirdə qonaqlar çıxışları zamanı Azərbaycanın böyük idman yarışlarını yüksək səviyyədə təşkil etdiklərini qeyd etdilər. Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin nümayəndələri bunu xüsusilə vurğuladılar. İdman qurğuları, nəqliyyat, könüllülərlə bağlı problemlər var. Ümid edirəm ki, Olimpiadanın ortasına kimi vəziyyəti düzəldərlər. Əsas odur ki, çox böyük hadisələr baş verməz və Oyunlar uğurla yekunlaşar.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
idman.biz

2Mənbələr