AZ

Bağırovun Stalinə məktubu – Cənubi və Şimali Azərbaycanı BİRLƏŞDİRMƏK İDEYASI

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.

Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.

Yazının əvvəli 29 iyul 2024-cü ildə Medianews.az saytında dərc olunub.

Dağıstan Vilayət Partiya Komitəsinin təşəbbüsü sayəsində respublikanın zəhmətkeşləri ilə Dağıstandan olan  Qızıl Ordunun əsgərləri arasında müntəzəm yazışmalar təşkil olunurdu. Sovet əsgərləri vilayət partiya komitəsinə göndərdikləri çoxsaylı məktublarda Dağıstan zəhmətkeşlərinin fədakar əməyinə, ümumi məqsədə – faşizm üzərində qələbəyə nail olmaq üçün göstərdikləri vətənpərvərlik fəaliyyətlərinə görə minnətdarlıqlarını bildirirlər.

Dağıstanlılar müdafiə fonduna 500 milyon rubldan çox vəsait keçirdilər, əsgərlər üçün 1 milyon ədəddən çox isti paltar, 200 minə yaxın qoyun dərisi və xəz palto, 300 min kq yun toplanmış, 140 vaqon ərzaq və geyim hədiyyələri göndərilmişdi.

Müharibə illərində hərbi qulluqçuların ailələrinə yardımın göstərilməsi, təxliyə edilmiş əhalinin məşğulluğunun təmin edilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülmüşdür. Bu məsələlərlə bağlı DMSSR Xalq Komissarları Soveti və Dağıstan Vilayət Komitəsi tərəfindən xüsusi qərarlar qəbul edilmişdi.

1 noyabr 1943-cü il tarixli qərarda sovet və partiya təşkilatlarından hərbçi ailələrinə müavinət və təqaüdlərin vaxtında verilməsini təmin etmək, onları tikinti materialları, sənaye malları, geyimlə təmin etmək, onlara tərəvəz bağları üçün torpaq sahəsi ayırmaq və digər köməkliklər göstərmək xahiş olunurdu. Körpələr evlərinə, uşaq bağçalarına və uşaq evlərinə gündəlik diqqət yetirilməsi, onların ərzaq və yanacaqla təmin olunması məsələləri vurğulanırdı.

Məhz bu ağır müharibə illərində Dağıstandakı fəaliyyətinə görə Əziz Əliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Lenin ordeni” ilə təltif edilmişdi.

O, SSRİ Ali Soveti Rəyasət Heyətinin 12 yanvar 1943-cü il tarixli fərmanı ilə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin  1 may 1944-cü il fərmanı ilə “Qafqazın müdafiəsi uğrunda” medalı ilə təltif edilmişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 iyun 1944-cü il tarixli fərmanı ilə Əziz Əliyev ikinci dəfə “Lenin ordeni” ilə təltif edilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli fərmanı ilə 1941 – 1945-ci illər Böyük Vətən müharibəsində “Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif edilmişdir. 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “I dərəcəli Vətən Müharibəsi ordeni” ilə təltif edilmişdir.

Artıq 1944-cü ildə Almaniya üzərində tam qələbəyə əminlik yarandıqdan sonra sovet rəhbərliyi yenidən Cənubi Azərbaycan məsələsinə qayıtdı. Üstəlik İran ərazisində aşkar olunmuş böyük neft ehtiyatları iri dövlətlər arasında böyük rəqabətə səbəb oldu.

Amma müharibə illərində bu aktivliyin azalmasının pis nəticəsi kimi artıq İran rəhbərliyinə ABŞ və İngiltərənin təsiri daha çox hiss edilirdi. Buna görə də sovet rəhbərliyi istənilən yolla İranı öz təsir dairəsinə çəkməyə çalışırdı. Neft uğrunda mübarizə Stalini ən kəskin addımlar atmağa məcbur edirdi. Bu şəraitdən  istifadə edən M.Bağırov Cənubi Azərbaycan məsələsinin yenidən gündəmə gətirir. O, Stalini inandıra bilir ki, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək adı altında onlara muxtariyyət tələb etməklə şah rejiminə təzyiq göstərərək, SSRİ-nin maraqları naminə xeyir əldə etmək olar.

M.Bağırovun əsl məqsədi Cənubi Azərbaycanı muxtariyyətdən suveren dövlətə çevirmək və Şimali Azərbaycan ərazisi ilə birləşdirmək, Moskva maraqları baxımından da  regionda ABŞ və İngiltərənin təsirini azaltmaq idi. Əsas məsələ Stalini buna inandırmaq idi. Stalin bu məsələyə ciddi yanaşdı və V.Molotova İranın azərbaycanlı əhalisinin hüquqlarının pozulması ilə bağlı İran şahına nota göndərməyi tapşırdı.

14 sentyabr 1944-cü il tarixdə M.Bağırov Stalinə ünvanlanmış məktubunda  göstərirdi ki, Cənubi Azərbaycanda tezliklə demokratik quruluş yaradılacaq və əsasən azərbaycanlılardan ibarət olan və Cənubi Azərbaycanda iri siyasi təşkilatlardan biri sayılan Xalq Partiyasının başında indiyədək erməni Ərdəşir Avanesyan dayanması Xalq Partiyasının gözdən düşməsinə və azərbaycanlıların bu partiyadan uzaqlaşmasına səbəb olur (sonradan bu məktub M.Bağırovun məhkəməsində onu millətçi kimi ittiham olunması üçün istifadə olunacaqdı-A.M.).

Bu məktubu müəyyən ixtisarla oxuculara təqdim edirəm.

ARPİİİSSA F №1, siy. №90, iş №71

ÜİK (b) P MK

İ.V.STALİN yoldaşa

CƏNUBİ AZƏRBAYCANDA VƏZİYYƏTLƏ

BAĞLI BƏZİ MƏSƏLƏLƏR

Son zamanlar Sizin Cənubi Azərbaycanda Sovet İttifaqının təsirinin gücləndirilməsi haqqında göstərişlərinizi yerinə yetirərək, bizim tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir.

Respublikanın rəhbər sovet və hərbi kadrları sırasından Cənubi Azərbaycana 245 nəfər göndərilmişdir, onlardan diplomatik işə 13 nəfər, ticarət işinə 10 nəfər, əsasən qarnizon komendantları kimi 150 nəfər, qalanları isə təsərrüfat, nəqliyyat və mədəni-maarif təşkilatlarının xətti ilə ezam  olunmuşdur. Xarici ticarət xalq komissarlığı, səhiyyə, dəmiryol nəqliyyatı və digər sovet təsərrüfat təşkilatları sistemində iş üçün 375 nəfər seçilib ki, onlar da yaxın günlərdə Cənubi Azərbaycana yola düşəcəklər. İşləməyə göndərilənlər istisnasız olaraq Cənubi Azərbaycanın məişətini, dilini, dinini və digər milli xüsusiyyətlərini bilən azərbaycanlılardır ki, bu şəxslər əhali ilə çox tez və çox yaxın münasibət quraraq, qısa müddət ərzində əsasən ziyalılar, fəhlələr, kəndlilər və müəyyən qədər də ruhanilər və tacirlər arasında xeyli nüfuz qazana bilmişlər.

ÜİK(b)P MK-nın qərarına müvafiq olaraq, Təbrizdə işıq üzü gördüyü ilk gündən Cənubi Azərbaycanın geniş xalq kütlələrinin, xüsusilə də ziyalıların rəğbət və sevgisini qazana bilmiş Azərbaycan dilində «Vətən yolunda» hərbi qəzeti nəşr olunmağa başlamışdır. Qəzet Cənubi Azərbaycanın bütün şəhərlərində və bir çox kənd rayonlarında kifayət qədər uğurla yayılır. Qəzetdə Cənubi Azərbaycanın Biriya, Yusuf, Təhfi, Mehtaq Rza, Əliyarzadə, Mir Mehdi, Yəhya Təhfi, Humay Xanım, Lalə Xanım və s. kimi bir çox gənc və istedadlı yazıçı və şairlərinin fəal iştirak etməsi faktı ciddi nailiyyət sayıla bilər. Onların kəskin siyasi əsərləri faşizmə qarşı yönəlib, xalqlar dostluğu, SSRİ-yə rəğbət ruhunda yazılb ki, bu də qəzetin nüfuzunu daha da artırmış və onu geniş əhali kütlələrinə yaxınlaşdırmışdır. Təbriz ziyalılarından başqa qəzetin işində İranın Tehran, Miyana, Ərdəbil, Mərənd, Şahpur və s. kimi digər şəhərlərindən olan 30 azərbaycanlı müxbir də iştirak edir. Buna qabaqcıl ziyalıların, o cümlədən Cənubi Azərbaycan qadınlarının Azərbaycan qəzetində fəal iştirak etməyə böyük meyli də öz təsirini göstərmişdir.

Təbriz şəhərinin qabaqcıl ziyalılarının nəşr olunan qəzetə münasibətini səciyyələndirmək üçün ibtidai məktəb müəllimi Lalənin aşağıdakı məktubunu misal göstərmək olar: “Lalə  yazır,-qəzetin birinci nömərəsini aldım və onu həyəcanla oxudum. Nömrəyə görə bütün var-dövlətimi belə verməli olsaydım, bunu böyük məmuniyyətlə edərdim. Arzu edirəm ki, “Vətən yolunda” qəzeti parlayan ulduz kimi öz şüaları ilə Təbrizin üfüqlərini işıqlandırsın”.

“Vətən yolunda” qəzetində həmçinin Sovet Azərbaycanı yazıçıları, şairləri, jurnalistləri də fəal iştirak edirlər. “Vətən yolunda” qəzetinin təşkil olunması ilə Təbrizdə İran şairi Balaş Azəroğlunun rəhbərliyi altında antifaşist komitənin fəaliyyəti də güclənmişdir. Antifaşist komitə sistematik olaraq son dərəcə kəskin antifaşist məqalə və şeirlərin nəşr olunduğu vərəqələr buraxır ki, bu da geniş əhali kütlələri arasında böyük populyarlıq qazanmışdır.

Cənubi Azərbaycanın əhalisi, xüsusilə də kəndliləri arasında ruhanilərin güclü təsirini nəzərə alaraq, bizim tərəfimizdən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu yaxınlarda Bakı şəhərində keçirilmiş Zaqafqaziya ruhaniləri və mömin müsəlmanlarının qurultayında qəbul olunmuş bütün müsəlmanlara antifaşist müraciəti tərəfimizdən İrana göndərilmiş və əhali arasında Azərbaycan və fars dillərində 5.000 nüsxədə yayılmışdır. İran ruhaniləri və əhalisi bu müraciəti böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Bu mənada  mətbuatda İranın parlament deputatları Şeyxülislam Məlayiri, Hacı Seyid Rza Firuzbəyli, həmçinin qazı Mirzə Bağır Ağa, müctəhidlər Ağa Siqqətilislam, Hacı Mirzə Xəlil Ağa və s. kimi görkəmli və nüfuzlu din xadimlərinin bu müraciətlə bağlı rəyləri səciyyəvidir. Bundan başqa şeyxülislam Əlizadənin başçılığı ilə Zaqafqaziya müsəlmanlarının yerli seçilmiş dini idarəsi bizim təsirimizin daha da gücləndirilməsi məqsədi ilə Cənubi Azərbaycanın din xadimləri ilə şəxsi əlaqələr qurur.

Sovet Azərbaycanı incəsənətinin nailiyyətlərini nümayiş etdirmək məqsədilə iri şəhərlərə 44 nəfərdən ibarət konsert qrupu göndərilmiş və bu qrup Tehran, Təbriz, Pəhləvi, Rəşt, Ərdəbil, Qəzvin, Maku, Şahpur və Rezaiyyə şəhərlərində böyük uğurla çıxış etmişdir. Konsert qrupu sovet qoşunları qarnizonlarında çıxışlar etmiş və kasıb əhali üçün pulsuz konsertlər vermişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan konsert qrupunun İrana ezam olunması Azərbaycan incəsənətinin İranda, ən başlıcası isə əhalinin Azərbaycan xalqının dünəni və bu gününü əks etdirən, ona doğma və anlaşılan olan sənətini böyük ruh yüksəkliyi ilə qarşılandığı Cənubi Azərbaycanda populyarlaşdırılmasının nə qədər faydalı olduğunu göstərdi. “Yaşa Azərbaycan” və respublikadan gətirilmiş digər mahnılar xalq arasında geniş yayıldı.

İran əhalisi arasında Bakıdan Azərbaycan və fars dillərində yayımlanan radio verilişləri, xüsusilə də Azərbaycan musiqisindən ibarət konsertlər böyük populyarlıq qazanmışdır. Bakıdan radio verilişlərinin yayımlandığı saatlarda Cənubi Azərbaycanın şəhərlərindəki reproduktorlarımız qarşısında Sovet İnformasiya bürosunun məlumatlarına, Vətən müharibasi cəbhələrindən müxtəlif epizodlara, konsertlərə və s. diqqətlə qulaq asan böyük insan kütlələrinə tez-tez rast gəlmək olar.

Sovet İttifaqının, xüsusilə də Zaqafqaziya respublikalarının iqtisadi və mədəni nailiyyətləri ilə geniş tanış olmaq üçün Təbriz şəhərində Mədəniyyət evinin filialı təşkil olunub.

Partiya MK-nın qərarına əsasən, biz Təbrizdə rus və Azərbaycan dillərində tam orta məktəbin təşkilinə başlamışıq ki, bunun üçün də ixtisaslı pedaqoji personal, avadanlıq, dərs ləvazimatı və s. seçilmişdir. Bu müddətdə bizim Cənubi Azərbaycanda apardığımız mədəni-maarif işi sovet meylli gənclərin sovet məktəbində təhsil almaq arzusunu nümayiş etdirdi. Buna görə də Təbrizdə belə bir məktəbin açılması vaxtında görülmüş aktual bir işdir.

Partiya MK-nın qərarına müvafiq olaraq, Təbrizdə səhmdar cəmiyyət formasında trikotaj-corab fabriki yaradılır ki, İrandakı sovet təşkilatları onun üzvü olacaqdır. Bunun üçün rəhbər kadrlar, mütəxəssislər və zəruri avadanlıq, həmçinin müvafiq bina seçilmişdir. Fabrik  yaxın zamanlarda, bu məsələ Xarici ticarət xalq komissarlığı xətti ilə tam rəsmiləşdirildikdən sonra açılacaqdır. Biz fabriki elə təşkil etmək istəyirik ki, o bütün Cənubi Azərbaycanda nümunəvi müəssisə olaraq, yerli əhalini, ilk növbədə qadınları işə cəlb etsin.

Belə bir faktı da diqqətsiz qoymaq olmaz ki, əsasən azərbaycanlılardan ibarət olan və Cənubi Azərbaycanda iri siyasi təşkilatlardan biri sayılan Xalq Partiyasının başında indiyədək erməni Ərdəşir Avanesyan dayanır. Bu yoldaş, deyilənlərə görə, sadiq və yaxşı rəhbərlərdən biridir, amma bununla belə milli məqam Xalq Partiyasının gözdən düşməsinə və azərbaycanlıların bu partiyadan uzaqlaşmasına səbəb olur.

Yuxarıda göstərilən bütün bu faktlar bizim İrandakı bir çox sovet təşkilatlarının hələ də bizim xəttimizi sovet meylli ictimai təşkilatlar və ayrı-ayrı nüfuzlu şəxslər vasitəsilə həyata keçirə bilmədiyindən xəbər verir. Bununla yanaşı, yalnız əhalinin deyil, həm də İranın bütün hökumət dairələri və yüksək qurumlarının hasablaşacağı bir vəziyyət yaratmağı bacarmayan İrandakı Sovet qoşunları komandanlığının nümayiş etdirdiyi, qətiyyətsizliyi də qeyd etmək lazımdır. Bu hal iranlılar tərfindən zəiflik kimi qiymətləndirilir, fitnəkar və cinayətkar ünsürlərə münaqişələr yaratmaq imkanı verir. Bizim komandanlığın gözü qarşısında kürdlərin uzun müddətdən bəri Azərbaycan əhalisini  çapıb-talamısını, komandanlığın isə onlara qarşı təsirli tədbirlər görməyib təkcə xəbərdarlıqla kifayətlənməsini yalnız bununla izah etmək olar.

Bizə belə gəlir ki, hal-hazırda bizim İrandakı bütün təşkilat və əməkdaşlarımızın işini aşağıdıkı istiqamətlərdə yenidən qurub gücləndirmək məqsədəuyğun olardı:

1. Qəti mövqe tutmaq və müəyyən formada Cənubi Azərbaycandan Məclisə namizədliklərin təsdiq olunmasında təkid etmək .

2. Yaxın zamanlarda həmkarlar ittifaqlarını birləşdirmək üçün lazımı tədbirlər görmək, bütün fitnəkar və Sovet İttifaqına düşmən elementləri onların rəhbərliyindən çıxaraq, bizim onlara təsirimizi gücləndirmək.

3. Xalq Partiyası (“Hizbi-Tudə”) rəhbərliyinin nüfuzlu ziyalılar, ilk növbədə azərbaycanlılar hesabına möhkəmləndirilməsinə nail olmaq və ziyalılar, fəhlələr və kəndlilər arasında onun hörmət və təsirinin artırılması üçün zəruri tədbirlər görmək.

4. Cənubi Azərbaycandakı İran hakimiyyət orqanları vasitəsilə mahiyyətcə bizə qarşı yönəlmiş münaqişələr yaradan düşmən təxribatçı elementlər və cinəyatkarlarla bağlı qəti tədbirlər görmək.

5. İrandakı sovet qoşunları komandanlığına, həmçinin bizim diplomatik işçilərimizə kürdlərin azərbaycanlılar üzərinə hər cür hücumlarının, silahlı qarətlərin qarşısının alınması, kürdlər və azərbaycanlılar arasında normal qarşılqlı münasibətlərin yaradılması məqsədilə bəzi kürd tayfa başçılarına münasibətdə daha qətiyyətli mövqe tutmaq göstərişi vermək.

6. İranda sovet qoşunlarının yerləşmə zonasında normal ictimai qayda-qanun və intizamın yaradılması üçün bu rayonlarda qarnizonların rolu və nüfuzunu artırmaq və İran hakimiyyəti tərəfindən həyata keçirilən heç bir inzibati tədbirin sovet qarnizonlarının maraqlarına toxunmamasına nail olmaq.

7. İlk növbədə əhalinin nüfuzlu hissəsindən istifadə etməklə kəşfiyyat işlərini gücləndirmək.

8. Mümkün və son dərəcə ehtiyatlı formalarda kəndlilər arasında bizim işimizin gücləndirilməsinə diqqət yetirmək.

AZƏRBAYCAN K (b) P

MK-nın KATİBİ  M. C. BAĞIROV

14 sentyabr 1944-cü il

№ 391

Bakı şəhəri.

Ardı var

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
medianews.az

1Mənbələr