AZ

Brayan Xil və Alexandro Franses “Jirona”da

İspaniyanın “Jirona” klubu heyətini iki yeni futbolçu – sol vinger Brayan Xil və mərkəz müdafiəçisi Alexandro Franseslə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İngiltərənin “Tottenhem” klubunda forma geyinən İspaniya yığmasının üzvü Brayan Xil icarə əsasında “Jirona”ya keçib. 23 yaşlı vinger qarşıdakı mövsümün sonuna kimi La Liqa təmsilçisində forma geyinəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. İspan futbolçunun İngiltərə klubu ilə müqaviləsi isə 2026-cı ilin 30 iyununa qədərdir.

Brayan Xil İspaniyanın “Sevilya” klubunun yetirməsidir. O, bu klubda olarkən “Leqanes” və “Eybar”da icarədə də olub. “Tottenhem” bu futbolçunu 2021-ci ilin yayında 25 milyon avroya məhz “Sevilya”dan transfer edib. Yarımüdafiəçi London klubunda cəmi 43 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İspan futbolçu “Tottenhem”də möhkəmlənə bilmədiyi üçün 2022-ci ildə “Valensiya”ya, 2023-cü ildə “Sevilya”ya icarəyə verilib. Bu il isə o, ölkəsinin digər təmsilçisi “Jirona”nın uğurları üçün çalışacaq.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Xil, əsas millidə də 4 oyun keçirib.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

Alexandro Franses isə 3,5 milyon avro müqabilində “Saraqosa”dan “Jirona”ya tamhüquqlu əsasda keçib. 21 yaşlı ispan müdafiəçi yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Franses “Saraqosa”nın yetirməsidir. Gənc müdafiəçi bu klubun əsas komandasında 127 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
arena.az

1Mənbələr