AZ

Gənc muğam ifaçısı: Ən böyük hədəflərimdən biri muğamı dünyada təbliğ etməkdir

Qonaq olaraq getdiyim musiqi məktəbindən muğam ifaçısı kimi çıxdım

Bakı, 30 iyul, Gülay Nəzərova, AZƏRTAC

AZƏRTAC Beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Bu dəfə ki həmsöhbətimiz Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının tələbəsi, “World Harmony” ikinci beynəlxalq klassik və folklor musiqi müsabiqəsində I yerin qalibi, VIII “Muğam” Televiziya müsabiqəsinin qalibi, beynəlxalq və respublika müsabiqələri iştirakçısı Həzrət Əzizlidir.

Həzrətin 16 yaşı var. O, musiqi sahəsinə ilk addımlarını Mərdəkan qəsəbəsindəki Xəzər rayon Bülbülcan adına musiqi məktəbində atıb. Sonra Həzrət musiqi təhsilini 24 nömrəli onbirillik musiqi məktəbində davam etdirib. 2019-cu ildə isə çoxdan arzuladığı Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasına - Aytən Məhərrəmovanın sinfinə xanəndə ixtisası üzrə qəbul olub. O, müəllimindən muğamlarımızın sirlərini böyük həvəslə öyrənib.

“Muğama sevgim yarandığı andan onun tarixini araşdırmağa başladım. Muğamı dərindən öyrəndikcə anlayırdım ki, seçimimi düz etmişəm. Məni ən çox həvəsləndirən isə muğamın qorunub saxlanmasında və inkişaf etdirilməsində çox böyük xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq” sözləri oldu. Gənc muğam ifaçısı olaraq, ən böyük hədəflərimdən biri qəlbimin və ruhumun bir parçası olan muğamı dünyanın hər bir guşəsində təbliğ etməkdir. Bu istiqamətdə ilk addımlarımı atmağa başlamışam”, - deyə Həzrət vurğulayıb.

İçindəki hissləri muğam vasitəsilə ifadə edən Həzrət onsuz həyatını təsəvvür belə edə bilmir: “Uşaqlıqda incəsənətə çox böyük həvəsim olub. Demək olar ki, musiqi ilə böyümüşəm. Çünki anamın musiqi duyumu güclüdür. Kiçik yaşlarımdan valideynlərimin dəstəyi ilə musiqi ilə məşğul olmağa başlamışam. Xalamın qızı Bülbülcan adına musiqi məktəbində təhsil alırdı. Mənim bu sahəyə marağım olduğu üçün bir gün məni də onunla apardılar. Məktəbə qonaq kimi getmişdim, amma oradan muğam ifaçısı kimi çıxdım. Müəllim məni görəndə bu sahəyə olan həvəsimi anlamışdı. Mahnı ifa etdim, müəllim çox bəyəndi. Beləliklə musiqi məktəbinə daxil oldum”.

Gənc xanəndə ilk uğurunu Şuşa şəhərində Vətən müharibəsində canlarından keçmiş şəhidlərin övladları üçün “Mənim atam qəhrəmandır!” adlı layihə çərçivəsində keçirilən tədbirdə qazanıb. O, fəal iştirakına görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmana layiq görülüb.

Konsertlərdə “Xudayar təsnifi”ni məharətlə ifa edən Həzrət bildirib ki, həmin anlarda Xudayarı xəyalında canlandırırdı. Həmçinin istedadlı yeniyetmə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin beşillik yubileyinə həsr olunan konsertlərdə iştirak edib. Sözügedən layihə çərçivəsində “Qələbə bizimdir! Qarabağ Azərbaycandır!” adlı onlayn konsertdə də məharətini nümayiş etdirib. Muğam ifaçısı Azərbaycanı ölkə xaricində də uğurla təmsil edib. Gürcüstanda və Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə uğurla çıxış edib. Eyni zamanda, Vyanada keçirilən beynəlxalq müsabiqədə ölkəmizi yüksək səviyyədə təmsil edib və mükafatlandırılıb.

Həzrət Əzizlinin qəlbi Vətən sevgisi ilə döyünür. O, düşmən tapdağından azad olunan Cəbrayıl rayonunun Xudafərin körpüsündə “Qarabağ Azərbaycandır” adlı mahnısını sənət yoldaşları və müəllimi Aytən Məhərrəmova ilə birgə ifa edib.

Ən böyük uğurunu VIII “Muğam” Televiziya Müsabiqəsində qazandığını söyləyən Həzrət bu işdə sevimli müəllimi Aytən Məhərrəmovanın böyük rolu olduğunu deyib: “Yarışmada onun mənə olan ümidlərini doğrultdum. Birinci yeri qazandım. Bu mənə çox böyük motivasiya verdi”.

Həzrət sonrakı illərdə Bakıda keçirilən bir çox beynəlxalq tədbirlərdə xalq mahnılarını böyük ustalıqla səsləndirib. Onun çıxışları dinləyicilər tərəfindən maraqla qarşılanıb. Xüsusilə qeyd etmək lazımdır ki, Həzrət Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Cıdır düzündə təşkil olunan “Dostluq” konsertində “Bayatı-Şiraz” ifa edib.

Muğam ifaçısının ən böyük arzularından biri də Qarabağda “Qarabağ şikəstəsi”ni ifa etmək, Şuşa şəhərində isə solo konsert verməkdir.

Onlarla yeniyetmə arasında ustad xanəndələrin diqqətini cəlb etmək, Azərbaycanın tanınmış muğam ifaçıları ilə birlikdə bir səhnəni bölüşmək və ona göstərilən yüksək etimadı doğrultmaq Həzrətin gələcəkdə yüksək nəticələr əldə edəcəyini göstəricisidir.

Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının, milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək, istedadlı gənclərimizi dəstəkləmək, tanıtmaq hər birimizin mənəvi borcudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
azertag.az

1Mənbələr