AZ

“Bloomberg”: Çin və Rusiya ABŞ-ın dəniz dibinə iddialarını qanunsuz hesab edir

“Bloomberg”:

Bakı, 30 iyul, AZƏRTAC

Rusiya və Çin rəsmiləri bildirirlər ki, ABŞ-ın geniş dəniz dibinə və orada ola biləcək ehtiyatlara dair iddialarının beynəlxalq hüquqda heç bir əsası yoxdur və rədd edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin iyulun 30-da dərc etdiyi məqalədə deyilir. Müəllif xüsusilə qeyd edir ki, bu fikirlər Beynəlxalq Dəniz Dibi Təşkilatının Yamaykanın Kinqston şəhərində keçirilən sessiyasında müzakirələr zamanı ABŞ-ın Sakit okean, Atlantik okeanı, Meksika körfəzi və Berinq dənizindəki kontinental şelfinə təxminən bir milyon kvadrat kilometr əlavə edəcək iddialarına cavab olaraq səsləndirilib.

1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasını ratifikasiya etmiş ölkələr özlərinin dənizaltı kontinental şelflərinin hüdudları barədə razılığa gəlmək üçün uzun beynəlxalq prosesdən keçirlər. Agentlik vurğulayır ki, bu demarkasiyalar vacibdir, çünki onlar potensial gəlir gətirən dəniz dibi ehtiyatlarına müstəsna iqtisadi hüquqlar üçün əsasdır.

Məsələn, Rusiya, Kanada və Danimarka (Qrenlandiya adından) yüksək Arktikada yerləşən ərazilərə iddialar irəli sürüblər, çünki iqlim dəyişikliyi regionu artan dəniz nəqliyyatına və kəşfiyyata açıq edir.

“Bloomberg” sonda yazır: “Rusiya nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar BMT-nin Konvensiyasını ratifikasiya etməyib və onun birtərəfli iddiaları kövrək beynəlxalq balansı, eləcə də həmin sənədin bütövlüyünü təhdid edir. Onun sözlərinə görə, Moskva ABŞ-ın beynəlxalq hüquqa seçici yanaşmasına qarşıdır.

Çin nümayəndəsi isə bəyan edib ki, ABŞ-ın birtərəfli qaydada bu cür iddialar irəli sürməyə haqqı yoxdur və onu ratifikasiya etmədən Konvensiyanın faydalarına ümid edə bilməz. Pekin rəsmisi, həmçinin beynəlxalq dəniz dibinin ehtiyatlarını bəşəriyyətin ümumi irsi adlandırıb və bildirib ki, bunu təhdid edən hər hansı hərəkət təqdir edilə bilməz”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
azertag.az

3Mənbələr