AZ

Qafqazdaki sülhün açarı neytral və rasional olmaqdan keçir

Qafqazın güc balanslarının və bölgədəki təsir dairələrinin dəyişməsindən sonra buradakı ölkələr arasında münasibətlər də dəyişir. Bu baxımdan, Türkiyə-İran, Azərbaycan-İran münasibətləri və ümumilikdə region ölkələri arasındakı münasibətləri qiymətləndirmək faydalı olardı. Türkiyə indiyədək İranla bağlı bəzi problemlər yaşayıb. Bəzən Suriya, bəzən də İraqla bağlı məsələdə qərəzli mövqelər yaranıb. Beləliklə, Şərqdə istədiyi siyasəti yürütməyə nail ola bilməyən Türkiyə bir çox hallarda İranı günahlandırıb. Digər tərəfdən İranın bölgədə anti-Türkiyə siyasəti yürütdüyünü göstərən xəbərlər, şərhlər, təhlillər görürdük. Bu gün isə bütün bu iddialar ən pis halda qismən doğru ola bilər.

Qarabağdakı müharibənin müqəddəratı həll olana qədər İranla Azərbaycan arasında da problemlər var idi. Xüsusilə 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı ilə başlayan Qarabağ məsələsində İran açıq şəkildə ermənipərəst siyasət yürüdürdü. 2022-ci ildə isə Azərbaycanın böyük üstünlüyü və qəti qələbəsi ilə nəticələnən İkinci Qarabağ Müharibəsi zamanı biz gördük ki, İran hökumətinin Azərbaycanla bağlı mövqeyi birmənalı deyil. Lakin müharibədən sonrakı müddətdə İran hökuməti öz siyasətini xeyli dərəcədə yumşaltdı. Rusiyanın İrana verdiyi mesajlar da bu baxımdan çox müsbət rol oynadı. Məhz Moskvaya səfər edən İranın xarici işlər nazirinin qatıldığı konfransda Sergey Lavrovun Azərbaycanın artıq ərazisinin böyük bir hissəsini azad etdiyini, 10 noyabr 2020-ci il tarixli müqavilənin olduğunu bildirməsi və bu müqavilənin tələblərinin yerinə yetirilməsi lazım olduğunu söyləməsi kifayət qədər effektiv nəticələr vermişdi. Bundan sonra İranın Azərbaycana münasibətində bir qədər yumşalma müşahidə olunurdu. Buna baxmayaraq, vaxtaşırı İranda bəzi akademiklər və rəsmi vəzifəsi olmayan bəzi şəxslər Zəngəzur dəhlizi ilə bağlı bəzi mənfi fikirlər səsləndirirdilər.Bilindiyi kimi, dəhliz İranın bölgədəki maraqlarına böyük zərbə vuracaq və Ermənistanla quru əlaqəsini aradan qaldırmaq kimi ehtimal yaradacaq. İranın Ermənistanla quru əlaqəsinin önəmini və sərhədləri qorumaq məqsədini anlamaq olar. Amma problem İranın bu barədə danışıqlar aparmağa yaxınlaşmaması idi. Belə ki, 10 noyabr 2020-ci il tarixli sazişə əsasən Zəngəzur dəhlizi İranın da bundan yararlanmasını istisna etmir. Yeni administrasiya isə bunu böyük ölçüdə başa düşmüş kimi görünür. Beləliklə, Azərbaycan güc tətbiq etmək bahasına Zəngəzur dəhlizini açmağa çalışsa belə, İranın Azərbaycanı güc tətbiq etməklə hədələməsi artıq gündəmdə deyil. Çünki Türkiyə və Azərbaycan artıq müharibədən əvvəlkindən daha yaxın və güclüdür. Şuşa bəyannaməsindəki, qarşılıqlı müdafiə ilə bağlı bəndlər bunu deməyə əsas verir. Ona görə də İran belə məsələlərdə artıq daha rasional davranır. Digər tərəfdən, o bilir və görür ki, İran belə bir münaqişəyə girməyə cəhd etsə, bunun nəticələri çox ağır olacaq. Belə bir vəziyyətdə İsrail, Amerika və regiondakı bir çox ərəb ölkələrinin münaqişəyə daxilolma ehtimalı istisna edilməməlidir.Azərbaycan və Türkiyə isə bu vəziyyəti İrana qarşı təhdid kimi istifadə etmir. Onlar İranla münasibətlərini ən yaxşı səviyyədə saxlamağa cəhd edir. Belə ki, biz İrana qarşı nə İsrailin, nə də Amerikanın yanında olmamışıq və bu neytral mövqeyə davam edəcəyik. Eyni zamanda region ölkələri olaraq biz İsrailə qarşı İranla da bir yerdə olmamalıyıq. Başqa sözlə, Ukrayna böhranında olduğu kimi balanslı və diqqətli siyasətə ehtiyacımız var. Əks halda bu münaqişələrin və qərəzlərin təzəcə sülh görmüş Qafqaza sirayət etməsi an məsələsidir.

Müəllif: Zərdüşt Quluzadə

Seçilən
74
50
sesqazeti.az

10Mənbələr