AZ

Bölgə turizminə maraq niyə bu dərəcədə azalıb?

Image

Ramin Qafarov: “Bizdə bölgələrdə turizm mövsümi xarakterli olduğuna görə, işçilərin peşəkarlığına önəm verilmir”

Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, əlverişli təbiəti, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaradır. 

Azərbaycan son illər xarici turistlərin ən çox səyahət etdiyi ölkələrdən birinə çevrilib. Lakin müşahidələr onu göstərir ki, gələn turistlər daha çox Bakıda qalmağa üstünlük verirlər. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verir. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıb. Bütövlükdə, xarici turistlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi  isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Məlum olur ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar.

Maraqlıdır, bölgə turizmi niyə paytaxta uduzur?

“Regionlarda xarici turistləri cəlb etmək üçün infrastruktur yetərincə inkişaf etməyib, bununla yanaşı…” 

Turizm sahəsi üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, regionlarda xarici turistləri cəlb etmək üçün infrastruktur yetərincə inkişaf etməyib. Bakıda olan  hotellər arasında müqayisə aparsaq görərik ki, turistlər əsasən Bakıda məskunlaşır və paytaxt hotellərini seçir: “Dünya səviyyəsində keçirilən tədbirlər, yüksək səviyyəli beynəlxalq təşkilat rəhbərləri, xarici ölkələrdən gələn rəsmilər paytaxta gəlir. Bu da bizdə zərurət yaradır ki, hotellərin çoxu məhz Bakıda fəaliyyət göstərsin. Ümumiyyətlə, artıq neçə ildir ki, paytaxt hotellərinə daha çox üstünlük verilir. Yaxşı olar ki, ucqar bölgələrdə hotellərin inşasına daha çox önəm verilsin. Bununla aşağı büdcəli turistlər üçün səfər imkanı yaransın. Hotellər hər kəs üçün əlçatan olmalıdır”. 

Ekspert hesab edir ki, turistlərin görməli yerlərlə tanışlığı üçün yol nişanlarının tətbiqi də vacib amillərdəndir: “Sakinlər evləri, bağları özlərinin təşkil etdiyi bir platformada təklif edə bilərlər. Düzdür, bunu edirlər, amma qənaətbəxş deyil. Evini kirayə vermək istəyən adam özü internet resursları ilə necə davranmaq haqda məlumatlı deyil. Bunu daha çox vasitəçilər edir ki, onlar da pul qazanırlar. Əsas odur ki, məlumatı müştərini aldatmadan versinlər. Gəzməli-görməli yerlər haqda hər regionun turizm mərkəzi məlumat verməlidir. İnternetdə nə qədər çox məlumat yerləşdirilərsə, insanlar üçün də o qədər asan olar. Məkan adları, turistik yerlərin adı qeyd edilməlidir. Aidiyyəti qurumlar  bu məlumatların yayılmasında maraqlı olmalıdırlar. Bununla bağlı turizm şirkətləri ilə birgə işlənilməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, xaricdən gələn turistlərin bölgələrdən çox Bakıya üz tutmasının bəlli səbəbləri var: “Problem ondadır ki, regionlarda xarici turistləri cəlb etmək üçün infrastruktur yetərincə inkişaf etməyib. Bölgələrdə otellərin sayı çox deyil. Regionlarda turizm sahəsi üzrə ixtisaslaşmış mütəxəssislər çatışmır. Təkcə pulum var deyə hansısa rayonda turizm obyekti açmaqla, yaxın qohum-əqrabasını işə götürməklə məsələ həll olunmur. Turizm işinin təşkili böyük bir prosesdir və burada bir sıra komponentlər bir-birini tamamlamalıdır. İşin təşkilindən tutmuş xidmət səviyyəsinin qurulması, xidmətin keyfiyyəti və digər bir sıra məsələlər bura daxildir. Problem ondadır ki, regionlarda otel problemi ilə yanaşı, xidmət səviyyəsi də aşağıdır. Bizdə bölgələrdə turizm mövsümi xarakterli olduğuna görə, işçilərin peşəkarlığına önəm verilmir. Xarici turistləri bölgələrdə gəzdirə və tarixi abidələr barədə məlumat verə biləcək bələdçilər olmalıdır. Başqa bir tərəfdən, regionlarda qiymətlər bahadır. Xidmət aşağı, amma qiymət baha. Belə olan halda, təbii ki, xarici turist regionlara getməkdə maraqlı olmaz”.

Ekspert hesab edir ki, turistlər daha çox seçim imkanı olan yerlərə üstünlük verirlər. Otellərin, restoranların sayının çox olması burada əsas məsələlərdən biridir: “Əslində bu bölgəyə turistlər gedir, amma qalmaq üçün infrastrukturu daha yaxşı olan bölgələrə üz tuturlar. Məsələn, Naftalanda qalan turistlər həftə sonlarında Göygöl, Gəncəyə səfərlər edirlər. Zaqatala, Balakən və Şəkiyə üz tutanlar daha çox qalmaq üçün Şəkiyə gedirlər. Zaqatala və Balakəndə bu infrastruktur zəifdir, həmin rayonlarda barmaqla sayılacaq qədər otellər var. Ümumiyyətlə, nəqliyyatın rahatlığı, qalmaq üçün şərait və turistləri əyləndirəcək məkanların yaradılması burada önəm kəsb edir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
baki-xeber.com

1Mənbələr