AZ

"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK" LAYİHƏSİ DAVAM EDİR

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Təbiətə valeh olanlar”

layihəsi uğurla davam edir. Şair Zeynəb Camaləddin “Dağlar oy” şeirini kitabxananın oxucularına təqdim etdi. Şeir başı göyləri dələn əzəmətli dağlara həsr edilib.  Min illərdir yaxşını-yamanı görüb, zamanı qarşılayıb yola salan, bu dünyaya nur diləyən dağların əzəməti insana güc-qüvvə verir. Şeir insanları təbiəti sevməyə, onu qorumağa hər dağın, daşın qədrini bilməyə çağırır.

             DAĞLAR OY

 Zirvələrin ağ örpəklə şallanır,

Ətəklərin al geyinir, allanır,

Ruhum çıxıb, gözlərimdən sallanır,

Ürəyimə nur çiləyən dağlar oy,

Ulduzlara əl eləyən dağlar oy.

 

Min illərdi gördün yaxşı-yamanı,

Qarşıladın, yola saldın zamanı.

Geyib, gümüş xalat kimi dumanı,

Yaxasını düymələyən dağlar oy,

Ulduzlara əl eləyən dağlar oy.

 

Zirvədə qar ağ şalındı kim bilir,

Ağ saçındı, saqqalındı kim bilir,

Qırışlanmış ağ alındı kim bilir,

Dünyagörmüş pir, biləyən dağlar oy

Ulduzlara əl eləyən dağlar oy.

 

Cəngavərtək yarında, yarağında,

Növbə çəkir ayın nur çırağında.

Axşamüstü günün qürub çağında,

Təpəsində od qalayan dağlar oy,

Ulduzlara əl eləyən dağlar oy.

 

Zirehlənib dəmir, polad atında,

Bir azmandı, çıxıb yerin çatından

Bünövrəsi yerin yeddi qatında,

Hiddətlənsə, daş ələyən dağlar oy

Ulduzlara əl eləyən dağlar oy.

 

Qucaq açdı yamacları, yalları,

Eyni tutdu həm şahları, qulları.

Tarixlərdən iz qoparan yolları,

Belə kəmər tək dolayan dağlar oy,

Ulduzlara əl eləyən dağlar oy.

 

Dərdi olan sənə göndərdi ahı,

Həm səvabı, həm zülmü, həm günahı.

Başın göydə, çağırırlar Allahı,

Bu dünyaya nur diləyən dağlar oy,

Ulduzlara əl eləyən dağlar oy.

Təqdim etdi: Y.Məmmədli 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
tezadlar.az

1Mənbələr