AZ

ATBA tələbələri COP-29 tədbirləri ilə bağlı Ədəbiyyat Muzeyində təcrübə keçiblər

Bakı, 31 iyul, AZƏRTAC

Bakıda keçiriləcək COP29 tədbirləri ilə əlaqədar Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası (ATBA) sənayeyə yeni bələdçilərin hazırlanması məqsədilə tələbələr üçün təlimlərə başlayıb.

Tələbələr turizm sektoru üçün böyük əhəmiyyət kəsb edən COP-29 tədbirləri ilə bağlı ölkəmizə gələn qonaqların layiqincə qarşılanması, tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəni irs və incəsənətimizin dünyada tanıdılması istiqamətində layihələrdə maraqla iştirak edirlər. Bu istiqamətdə tələbələrin praktiki biliyinin artırılması məqsədilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil edilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tələbələr ekspozisiyada xalçalar, miniatürlər, xüsusən repressiya və mühacirət ədəbiyyatını əks etdirən nümunələr ilə tanış olublar. Onların bu mövzularla bağlı sualları muzeyin elmi işçisi Aysel Məhərrəmova tərəfindən cavablandırılıb. O, həmçinin tələbələrə Azərbaycan ədəbiyyatının inkişaf yolundan ətraflı bəhs edib və yaxın günlərdə ölkəmizdə COP-29 tədbirlərində iştirak edəcək qonaqların yüksək səviyyədə qarşılanmasının vacibliyini vurğulayıb.

Muzeyin qonaqpərvərliyindən məmnun qalan tələbələr COP-29 tədbirlərinə hazırlıq ərəfəsində onlara bələdçilik üzrə təlimlərdə iştirak etməkdə və biliklərini təkmilləşdirməkdə yol göstərən Ədəbiyyat Muzeyindən minnətdarlıq hissi ilə ayrılıblar.

Qeyd edək ki, ATBA 2019-cu ildə Azərbaycanda turizm bələdçisi peşəsini təmsil edən peşəkar şəxslərin fəaliyyətinə dəstək və onların vahid şəkildə cəmləşməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
azertag.az

2Mənbələr