AZ

Hansı cəmiyyəti sağlam hesab etmək olar? - MÜNASİBƏT BİLDİRİLDİ

"O cəmiyyəti daha sağlam hesab etmək olar ki, orada əsas üç şərt qarşılıqlı olaraq hər zaman ödənilir". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, birinci odur ki, insanlar fiziki cəhətdən qənaətbəxş səviyyədə olmalıdırlar: "İnsanların fiziki sağlamlığı getdikcə yaxşılaşmalıdır. Ondan sonra insanlar mənəvi cəhətdən daha zənginləşməlidir. Bu istiqamətdə də işlər getdikcə artmalıdır. Hamıda öz əməyinə yaradıcı münasibət tələbatı artmalıdır. Yəni hər kəs gördüyü işi sabah daha da yüksək keyfiyyətlə görmək istəyir. Evdar qadın sabah daha yaxşı xörək hazırlamaq, evi daha yaxşı dizayn etmək istəyir. Bir dərzi daha yaxşı paltar tikmək, bənna daha yaxşı ev tikmək, elmi işçi daha intensiv çalışmaq istəyir. Hər kəsdə bir tələbat olur ki, daha da yaxşı çalışsın. Bu, "Ahəngyol" elminin gəldiyi nəticələrdən biridir. Beynəlxalq seminarlarda da dəfələrlə məruzə etmişəm və maraqla qarşılanıb.

Sağlamlıq, sağlam cəmiyyət deyəndə söhbət təkcə fiziki sağlamlıqdan gedə bilməz. İnsanlar fiziki cəhətdən olduqca sağlam ola bilər, amma elə mənəvi əhvalda ola bilərlər ki, o cəmiyyəti sağlam hesab etmək düzgün olmaz. Yaxud da, insanlar fiziki cəhətdən sağlam olar, amma tənbəl olarlar. Bu da sayılmır. Ona görə üç şərt daha yaxşı ödənəndə o cəmiyyəti daha sağlam saymaq olar. Belə bir cəmiyyət həmişə tərəqqi edir. İnsanlar fiziki də sağlam olur, mənəvi də zəngin olur, əməyə yaradıcı münasibət tələbatları da artır".

"İqtisadiyyat, ekologiya, siyasət, mədəniyyət bu üç şərtin ödənməsinə xidmət edir. Bizdə iqtisadiyyatımız, siyasətimiz, mənəviyyatımız, mədəniyyətimiz də inkişaf etməlidir ki, üç şərtə kömək olsun, mane olmasın. Bəzən iqtisadiyyatı sürətlə inkişaf etdirib digərini unudurlar. Onda bizim 20-30 il əvvəlki Sumqayıt şəhəri kimi ekoloji cəhətdən fəlakətli şəhər yaranır. Belə bir yanaşmaya necə sağlam münasibət demək olar? Ona görə sağlam cəmiyyətdə bütün proseslər dediyim üç şərtin qarşılıqlı ahəng yaratmasına kömək etməlidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
sia.az

1Mənbələr