AZ

“Dövlət Məşğulluq Agentliyi onlara imkanlar təqdim edə bilər” —400 müəllim işlə təmin olunur

Sertifikasiyadan kəsilən müəllimlər üçün iş imkanları yaradılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, 400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi davam edir. N.İsmayılbəyli qeyd edib ki, işdən azad olunmuş müəllimlərlə əlaqədar komissiyalar yaradılıb: "Bəzi müəllimlərin sertifikasiyadan keçməməsinə və işdən uzaqlaşdırılmasına baxmayaraq onların sosial həssaslığı araşdırılır. Bu hal təsdiqini taparsa, həmin müəllimlər müxtəlif işlərlə təmin olunacaqlar", deyə müdir müavini diqqətə çatdırıb.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında Nazirliyin bu addımını müsbət qiymətləndirib. Onun sözlərinə görə 4 mindən çox təhsilverən sertifikatlaşdırmadan keçmədiyi üçün əmək müqavilələrinə xitam verilib:

“Elm və Təhsil Nazirliyi həssas qrupa daxil olan, maddi imkanları zəif ailələri müəyyənləşdirərək müəllimlərin əlavə bacarıqlarına uyğun olaraq onların alternativ işlərlə təmin olunması üçün tədbirlər görür. Ola bilər ki, onlar təhsil müəssisəsi daxilində texniki işlərə və ya tədrislə əlaqəsi olmayan digər vəzifələrə cəlb edilsinlər. Bura təhsil müəssisələrindəki vakansiyalar, sosial pedaqoq, nizam-intizam prossesinin təşkili kimi işlər daxildir. Başlıca məqsəd odur ki, onlar tədris prosesindən kənarda olsunlar, eyni zamanda da maddiyyat sarıdan əziyyət çəkməsinlər. Təhsil müəssisələrində bəzi istiqamətlər üzrə həmin müəllimlər çalışa bilərlər. Bu, Nazirliyin humanist davranışıdır, gözəl təşəbbüsdür və təqdirəlayiqdir. Fikrimcə, Dövlət Məşğulluq Agentliyi ilə Nazirlik arasında anlaşma olmalıdır. Bu müəllimlərin işlə təmin olunması üçün Agentliyə müraciət etmək olar, onlar bacarıqlarına uyğun olaraq müxtəlif sahələr üzrə istiqamətləndirilə bilərlər”.

Törə Zeynallı
Demokrat.az 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
demokrat.az

1Mənbələr