AZ

“Onun tərəfdarları Təbrizdə “Azərbaycan İslam Respublikası” yaratmağa cəhd etdi...”

“Azərbaycanlılar və ya Azərbaycan türkləri müəyyən imtiyazlar əldə etmək məqsədilə İslam inqilabında fəal iştirak etdilər, bir çox hallarda aparıcı və hərəkətverici qüvvə rolunda çıxış etdilər...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: )
 
Müasir dövrdə Cənubi Azərbaycana ictimai-siyasi proseslər...- XXXXXII mövzu
 
Ötən əsrin 20-ci illərindən başlayaraq Cənubi Azərbaycanla bağlı proseslərə bir daha qısa nəzər salaq. Həmin vaxta qədər İran necə adlandırılmasından asılı olmayaraq türk sülalələrinin 1000 illik hakimiyyətini davam etdirən, əsasən türk və fars millətləri tərəfindən idarə olunan dövlət idi. Bu dövlətdə fars dili ilə yanaşı Azərbaycan türkcəsi də geniş şəkildə işlədilirdi. 1925-ci ildə Azərbaycan Qacarlar sülaləsinin çevriliş yolu ilə devrilməsindən sonra Pəhləvilər sülaləsini təmsil etdiyini elan edən Rza şah hakimiyyətə gəldi. Pəhləvilərin əsas ideologiyası İran (fars) millətçiliyinə əsaslandırdı. Bu hakimiyyət “vahid İran milləti” konsepsiyasını ortaya atdı. Bu konsepsiyaya görə, ölkənin bütün xalqları fars kökənli vahid milləti təşkil edirdi [33]. Rza şah hakimiyyətə gəldikdən sonra Azərbaycan türk dilinin statusunu heçə endirdi, təhsildə, mətbuatda, idarə işlərində istifadəsinə qadağa qoydu. 1930-cu ildə fars dili dövlətin rəsmi dili elan olundu. 1935-ci ildə dövlət İran adlandırıldı, demək olar ki, bütün coğrafi və tarixi adlar farslaşdırıldı [25]. 1937-ci ildə, həmin vaxta qədər coğrafi və inzibati cəhətdən bütöv olan Azərbaycan vilayəti Şərqi və Qərbi Azərbaycan olmaqla 2 hissəyə bölündü [10]. Məhz bu hadisələrdən sonra azərbaycanlılar kütləvi şəkildə Təbriz və digər yerlərdən Tehrana köçməyə başladılar [25].
 
İkinci dünya müharibəsinin gedişində azərbaycanlılar yaranmış vəziyyətdən, İranın mərkəzi hakimiyyətinin zəifləməsindən, həmçinin ölkədə rus-sovet qoşunlarının mövcudluğundan istifadə edərək milli mövqedən çıxış etdilər, öz hakimiyyətlərini qurdular. Lakin xarici dövlətlərin siyasi oyunları, daxildə güclü müqavimətin olmaması nəticəsində tezliklə azadlıq hərəkatı yatırıldı [33]. İran hakimiyyəti millətçi siyasətini daha sərt şəkildə davam etdirdi. Bir çox azərbaycanlılar da bu siyasətin təsiri altına düşür, öz köklərindən imtina edirdi. Məsələn, tanınmış alim və diplomat Seyid Həsən Tağızadə fars millətçiliyini müdafiə edirdi [24]. Bir az əvvələ aid azərbaycanlı tarixçi və dilçi Seyid Əhməd Kəsrəvi isə paniranizm ideyasının əsas tərəfdarlarından idi. O, özünün “Azəri və yaxud Azərbaycanın qədim dili” əsərində göstərirdi ki, qədim kitablarda rast gəlinən “azəri” sözü Azərbaycanın qədim əhalisinin dilini bildirib və guya türk dili ilə heç bir əlaqəsi olmayıb. Onun fikrinə görə, bu dil Azərbaycana gəlmiş midiyalıların və yerli əhalinin dillərinin qovuşması nəticəsində yaranıb, türk deyil, fars dillərinə yaxın olub [21]. Ə.Kəsrəvinin iranpərəst mövqeyi qəbul edilə bilməz. Amma bir müsbət, rasional məqam var ki, Manna-Midiya dövründə Azərbaycanda “azəri” deyilən ümumi danışıq dilinin, yəni rəsmi dövlət dilinin olduğu fikrini müdafiə edir. Bu vacib məqam diqqətə alınmalıdır. Böyük ehtimalla, bu dilin türk dilinə yaxın olduğu müəyyən vaxtdan, konkret faktlar ortaya çıxdıqdan sonra təsdiqini tapacaqdır. Hələlik isə “azəri” adlı ümumdanışıq, rəsmi dilin mövcud olduğunu əsas götürə bilərik.
İkinci dünya müharibəsindən sonra, xüsusilə də 1960-cı illərin “Ağ inqilabı” zamanı azərbaycanlıların assimilyasiyası prosesi bir qədər də sürətləndi. Bu prosesin nəticəsi olaraq, azərbaycanlıların içərisində sosial-ideoloji parçalanma baş verdi, azərbaycanlılar üç təbəqəyə bölündü. Birinci qrupa kənd əhalisi daxil idi, onlar ənənəvi həyat tərzlərini davam etdirir, siyasi, sosial proseslərə qarışmırdılar. İkinci təbəqəni iri şəhərlərin əhalisi, o cümlədən ziyalılar, təhsilli adamlar təşkil edirdi. Onlar azərbaycanlı (azəri) özünəməxsusluqlarını saxlayır və inkişaf etdirirdilər. Üçüncü təbəqə daha çoxsaylı olmaqla, özünü “iranlı” hesab edirdi [33].
 
Məhz bu fərqliliklə azərbaycanlılar İslam inqilabını qarşıladılar. Azərbaycanlılar və ya Azərbaycan türkləri müəyyən imtiyazlar əldə etmək məqsədilə İslam inqilabında fəal iştirak etdilər, bir çox hallarda aparıcı və hərəkətverici qüvvə rolunda çıxış etdilər. Tezliklə İranın ən nüfuzlu din xadimi ayətulla Məhəmməd Kazım Şəriətmədari azərbaycanlıların liderinə çevrildi və Azərbaycan üçün muxtariyyət tələbini irəli sürdü. Onun rəhbərliyi ilə Müsəlman Xalq partiyası yaradıldı [25]. Lakin ona qarşı təzyiqlər artdı. 1979-cu ilin sonu- 1980-ci ilin əvvəlində Qum və Təbrizdə Şəriətmədari və Xomeyni tərəfdarları arasında toqquşmalar baş verdi. 1982-ci ildə Şəriətmədari hakimiyyətə qarşı çevriliş cəhdində ittiham edildi, ona ev dustağı cəzası kəsildi, partiyası isə buraxıldı. O, 1986-cı ildə vəfat edəndə hələ də ev dustağı idi [22, s. 305]. İslam inqilabının digər azərbaycanlı rəhbərlərindən Seyid Əli Xamenei R.Xomeyninin qatı tərəfdarı kimi çıxış etdi, İranın üçüncü prezidenti oldu, 1989-cu ildə Xomeyninin vəfatından sonra isə ali dini rəhbər vəzifəsinə gətirildi [30]. Əli Xameneinin prezident olduğu dövrdə digər azərbaycanlı- Mir Hüseyn Musavi baş nazir vəzifəsini tutmuşdu [33]. İki azərbaycanlı ölkənin ən yüksək vəzifələrində idilər. Bu, bir tərəfdən, Azərbaycan türklərinin İslam inqilabında göstərdikləri fəallıq, digər tərəfdən isə, onların siyasi çəkisi və intellektual səviyyəsi ilə bağlı idi.
 
İslam inqilabından sonrakı ilk illərdə azərbaycanlılar fəal şəkildə hüquqlarını müdafiə edir, milli mədəniyyəti, dili və ədəbiyyatı inkişaf etdirməyə çalışırdı. Əhali Azərbaycan əyalətlərində yuxarıdan qərar gözləmədən idarələrdə Azərbaycan dilini tətbiq edir, fars əsilli məmurları azərbaycanlılarla əvəz edirdilər [34, s. 255-268]. Bu dövrdə azərbaycanlılar bir sıra ədəbi, ictimai, siyasi təşkilatlarını da qurdular. Təbriz Şairləri və Yazıçıları Cəmiyyəti, Tehranda “Azərbaycan Əncüməni”, Təbrizdə Müstəqil Azərbaycan Demokrat Partiyası, Müsəlman Xalq Respublikası Partiyası və digər qurumlar yaradıldı və uğurla fəaliyyət göstərdi. Bu qurumlar ana dilində təhsil, mətbu orqanların yaradılması, “türk kimliyinin legitimliyini bərpa etmək”, Konstitusiyada Azərbaycan türklərinin hüquqlarının əks olunması, Azərbaycana muxtariyyətin verilməsi və digər tələbləri irəli sürdülər. Hətta Şəriətmədarinin tərəfdarları 1979-cu ilin dekabrında Təbrizdə “Azərbaycan İslam Respublikası” yaratmağa cəhd etdilər [19, s. 69-76]. Bütün bunlar inqilab eyforiyasından doğan təşəbbüslər idi. Tezliklə azərbaycanlıların milli hüquqlarla bağlı tələbləri sərt şəkildə məhdudlaşdırıldı.
İslam inqilabından əsas gözləntilərdən biri dillə bağlı idi. Qəbul edilmiş Konstitusiyada bu ümidlər özünü doğrultmadı. Əsas qanunun 15-ci maddəsində deyilirdi: “İran xalqının rəsmi müştərək dili... farsdır... Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə işlədilməsi də azaddır” [8, s. 29]. Göründüyü kimi, farsdan başqa digər dillərin, o cümlədən Azərbaycan türk dilinin işlədilməsi tam şəkildə məhdudlaşdırılır və faktiki olaraq, qadağan edilirdi.
 
1990-cı illərin əvvəlində regionda yeni şərait yarandı. SSRİ-nin dağılması, Şimali Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, dünyada gedən digər dəyişikliklər İranda, o cümlədən Cənubi Azərbaycanda yeni proseslərə təkan verdi. Tehran hakimiyyəti Cənubi Azərbaycanda yerli əhalinin qüvvələrini parçalamaq məqsədi ilə inzibati-ərazi sistemində dəyişikliklər etdi. 1993-cü ildə xalqın etirazlarına baxmayaraq yeni bölgü həyata keçirildi, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətləri yaradıldı [30; 25].
 
(Davamı var)
 
 
Ədəbiyyat:
 
1. Bayramzadə Z. Türkmənçay. “Kimlik” dərgisi, № 8, dekabr, 2012, s. 90.
 
2. Cəfərov F. Nikbinliyə əsas var. “Azadlıq” qəzeti, 1 oktyabr, 1997-ci il, s.5.
 
3. Cənubi Azərbaycanda müasir incəsənət və mədəniyyət. (11.03.2021).- varyox.az/analizator/cenubi-azerbaycanda-müasir-incesenet/.
 
4. Cənubi Azərbaycan mədəniyyəti.-muhaz.org/azerbaycan-tarixi-v2.-html? page =269.
 
5. DAK-ın Azərbaycan diasporunun inkişafında rolu.- “Olaylar” qəzeti, 14-16 aprel 2012, s. 15.
 
6. GünAz TV haqqında.- web.archive.org/web/20190424072506/ //www.gunaz.tv/ az/ haqqimizda.htm.
 
7. Güneyli soydaşlarımızın Bəzz qalasına ənənəvi yürüşünün qarşısı alınıb, 08.07.2023.- aznews.tv/guneyli-soydaslarimizin-bəzz-qalasina-ənənəvi-yurusunun -qarsisi-alinib/.
 
8. İran İslam Cümhuriyyətinin əsas qanunu. Bakı, “Qızıl Şərq”, 1993.
 
9. İsmayılova E. M. Şəhriyarın “Heydərbabaya salam” poemasının nəşr tarixindən.- Lənkəran Dövlət Universiteti. Elmi Xəbərlər/Humanitar elmlər seriyası, I/2021, s. 27.- isu.edu.az/new/imgg/humanitar-2021/HUMANITAR_ new_26_32/pdf.
 
10. Kalafati, Kəskin A. İranlılıq paradiqmasının çöküş prosesi və Güney Azərbaycan milli hərəkatının yüksəlişi.- Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. Bakı, 2010.- //elibrary.bsu.az/books_460/№_191.pdf.
 
11. Kazımoğlu K. Dirçəliş məqamı. “Azadlıq” qəzeti, 4 iyul 1997-ci il, s. 5.
 
12. Mədəniyyət// Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH). //gamoh.org/m%c9%99d%c9%99niyy%c9%99t.
 
13. Məhəmmədi M. Güney Azərbaycan məsələləri. Bakı, “Bakı Çap Evi”, 2012.
 
14. Məmmədli P. Cənubi Azərbaycan mətbuatı tarixi (XIX-XX-XXI yüzilliklər). Bakı, “Elm”, 2009.
 
15. Məmmədova P. Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri (1978-1979-cu illər İran inqilabından sonrakı dövr). Avtoreferat. Bakı, 2022, s. 9-aak.gov.az/upload/dissertasion/filologiya-elml_ri/++az+-compressed. pdf.
 
16. Mustafayev V.K. Cənubi Azərbaycanlıların milli hərəkatı. “Bakı-Təbriz” dərgisi, № 8, 2007.
 
17. Səhənd. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, s. 5.- anl.az/el/s/s_se.pdf.
 
18. “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib.- yeniazerbaycan.com/xeberlenti_e77681_az.html.
 
19. Hacıyeva Y. İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər). Bakı, “Adiloğlu”, 2017.
 
20. İranian Azerbaijan and the Cartoon Cockroach Controversy// Geocurrents.- //www.geogurrents.info/geopolitics/iranian-azerbaijan-and-the-cartoon-cockroach-controversy.
 
21. Kasravi Ahmad ııı As Historian/Encyclopedia İranica. // iranicaonline.org /articles/kasravi-ahmad-iii.
 
22. Lorentz J.H. Historical Dictionary of Iran. Second Edition. The Scarecrow Press, Inc., Lanham, 2007.
 
23. Middle East: İran.- web.archive.org/web/20120203093100/ //www. cia.gov/library/publications/ the-world-factbook/geos/ir.html.
 
24. Rafi M. Universal İdeology in the Great War: Germany`s Role in the Formation of Iranian Nationalism//Teleoscope.- 17.03.2015// //www. telospress.com/universal-ideology-in-the-great-war-germanys-role-in-the-formation-of-iranian-nationalism/.
 
25. Агазаде М.М. Проблема статуса азербайджанских тюрков в Иране.- researchgate.net/publication/344554048_Problema_statusa_azerbajdzanskih_turokov_v_Irane.
 
26. Азербайджан-Иран: новая проблема.-katehon.com/ru/article/ azerbaydzhan-iran-novaya-problema.
 
27. Вырос товарооборот Ирана с Азербайджаном.////caliber.az/ ru/post/ 103851/.
 
28. Гаджиев Н. Иран и Азербайджан: конфликт интересов неизбежен, даже после свержения муллократии.-zerkalo.az/iran-vs-azerbaydzhan-konflikt-interesov-neizbezhen-dazhe-posle-sverzheniya-mullokratii/.
 
29. Гасанова М. Зачем Тегерану потребовался азербайджанский язык//Regnum.-28.08.2019.https.//regnum-ru.turbopages.org/regnum.ru/s/news/ 2701570.html.
 
30. Кириченко В.П. Иранский Азербайджан: прошлое и настоящее.- Журнал «Россия и мусульманский мир», № 1, 2023, s. 95.- cyberleninka.ru/ article/n/iranskiy-azerbaydzhan-proshloe-i-nastoyaschee/viewer.
 
31. Пархомчук Я.К. Иранский Азербайджан в XXI веке. С.-Петербург, 2017, s. 23.- //dispace.spbu.ru/bitstream/11701/14799/1/Soderzhanie_-_kopiya. docx.
 
32. Сажин В. Иран-Азербайджан: Азербайджанский вопрос. 16.09.2022.- interaffairs.ru/news/show/37023.
 
33. Сажин В. Иранский Азербайджан-история и политика. //Международная жизнь.- 26.10.2021.- //interaffairs.ru/news/show/32232.
 
34. Трубецкой В.В. Особенности национальной ситуации в Исламской Республике Иран. Национальный вопрос в странах Востока. Москва, «Наука», 1982.
 
Seçilən
110
50
moderator.az

10Mənbələr