AZ

Türkiyənin ilk qadın vəkili

Sürəyya Ağaoğlunun adı türk qadın hüquqşünaslığı tarixinə qızıl hərflərlə yazılıb. 1903-cü ildə Şuşada böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ailəsində doğulan S.Ağaoğlu Türkiyənin ilk qadın hüquqşünası olmaqla yanaşı, eyni zamanda öz ölkəsinin hüquq sahəsində ən güclu mütəxəssislərindən biri olub. Türkiyədə insan, qadın və uşaq hüquqlarının qorunması sahəsində fəal iştirak edib, şəxsi təşəbbüsü ilə bir çox mühüm işlərə imza atıb. Sadəcə qadın və uşaq hüquqlarının qorunması ilə məşğul olmayıb. Həm də Türkiyədə öz maliyyəsi hesabına ilk dəfə uşaq sığınacağı yaradıb. İstanbulda kimsəsiz qalmış, qayğıya ehtiyac duyan insanları bir araya gətirərək öz pulu ilə onların yaşayışını, təhsil haqlarını təmin edib. Onların peşə təhsilinə yiyələnməsinə, ali təhsil almasına yardım göstərib.

Dövrün nəşrlərinin yazdığına görə, uşaqlar Sürəyya xanıma "ana" deyə müraciət ediblər, ona davamlı məktublar yazıblar.

Türkiyə mətbuatına verdiyi çoxsaylı müsahibələrdə və açıqlamalarında, yazdığı memuarlarda həyatının ən böyük ürəyincə olan fəaliyyətini Sürəyya Ağaoğlu kimsəsiz uşaqları bir araya gətirməsi və dərnək yaratması hesab edir. Valideyn himayəsindən məhrum olan, küçədə səfil həyat tərzi keçirərək bir qarın çörəyə ehtiyacı olan uşaqların həyatın çətin sınaqlarına hazırlanmasında, onların təhsil alıb cəmiyyətə yararlı insanlar kimi yetişmələrində Sürəyya Ağaoğlu Türkiyədə ilk cığırı açıb və bu cığır artıq uzun bir yol olub. Bu çətin, şərəfli işə başlamasının qısa tarixçəsini S.Ağaoğlu xatırlayaraq yazır: "1949-cu ildə həyatımda ən çox ürəyimcə olan bir işin ilk addımlarını atdım. İngiltərə və Amerikada sahibsiz qalan uşaqlara dövlət və xüsusi təşkilatlar tərəfindən göstərilən münasibəti xeyli araşdırdım, bu uşaqlar üçün qurulan müəssisələri gəzdim". İnkişaf etmiş bu dövlətlərdə kimsəsiz uşaqlara dövlət və qeyri-hökumət təşkilatlarının göstərdiyi dəstəyi, uşaq evlərinin yaradılmasını və maliyyələşdirilməsinin bütün incəliklərini öyrənən S.Ağaoğlu Türkiyədəki duruma uyğun necə etməli olduğunun yollarını arayır. Türkiyənin sosial münasibətlər tarixində S.Ağaoğlunun "Uşaq Dostları Dərnəyi"nin qurulmasının incəliklərini araşdıranlar, xüsusən professor Dilarə Uslu tədqiqatlarında bir neçə önəmli fakta diqqət yönəldir. London və Amerika səfərlərində insan hüquqlarının qorunması sahəsində xeyli inkişaf mərhələləri adlayan bu dövlətlərdə kimsəsiz uşaqların taleyi və dövlətin sosial həyatında zamanın acı təsirləri ilə bir küncə atılan, ailə qayğılarından məhrum olan və küçə həyatı sürməyə məcbur buraxılan kimsəsiz uşaqların taleyi ilə bağlı S.Ağaoğlunun ciddi araşdırmaları diqqət çəkir. Bu barədə S.Ağaoğlu memuarında yazır: "Bu arada Çikaqoda, Ceyms Adams adlı bir xanımın cinayətə meyilli uşaqlar üçün yaratdığı evdə bir neçə gecə qalaraq araşdırma apardım. İngiltərədə də kasıb məhəllələrdə yaşayan uşaqlarla maraqlanan təşkilatları tədqiq etdim. Onlar arasında tanınmış uşaq məhkəməsi vəkilinin bu uşaqlara təsis etdiyi böyük evə heyran qaldım". Amerikada kimsəsiz, bəzən isə cinayətə meyilli uşaqlara yaradılan şəraitdən təsirlənən S.Ağaoğlunun gözləri önünə Türkiyənin yoxsul bölgələrində səfil həyat tərzi keçirən, heç kəsin maraqlanmadığı kimsəsiz uşaqlar gəlir. Amerika ilə yanaşı, İngiltərədə də acınacaqlı həyat yaşayan, valideyn nəzarətindən kənar qalan, doğma ocağın hənirtisini duymayan, kimsəsiz uşaqların taleyi ilə bağlı S.Ağaoğlu ciddi araşdırmalar aparır, səfərdə onu müşayiət edənlərə suallar verir, özü üçün qaranlıq qalan mətləblərə aydınlıq gətirir. Amerika, İngiltərə, Almaniya, bəzi Avropa dövlətlərinə çoxsaylı səfərlərindən sonra Türkiyəyə dönən S.Ağaoğlu kimsəsiz, sahibsiz və təhsilsiz uşaqların taleyi ilə bağlı ilk qeyri-hökumət təşkilatının yaradılmasına başlayır. İstanbuldakı evinə dövrün tanınmış iş adamlarını, cəmiyyətdə hörmət sahibi olan fərqli məslək sahiblərini, ictimaiyyətçi, fəal xanımları toplayır, istəklərini anladır. Bu toplantıda Türkiyənin fəal xanımlarından Şövkət Rana, İffət Halim Oruz, Safiyyə Elbi, Hasanə İlqad, Nemət Selen, Fəxrənnisə Sezən və başqaları qatılır. S.Ağaoğlu dərnəyin qurulması ideyasının və coşğulu keçən ilk toplantının iştirakçılar tərəfindən maraqla qarşılandığını yazır: "İkinci yığıncaqda iştirakçıların sayı yarıya endi. Üçüncü yığıncaqda isə 10-15 nəfər qalmışdıq. Bax, bu 10-15 nəfərlə 1949-cu ilin mayında "Uşaq Dostları Dərnəyi"nin ilk nüvəsini yaratdıq".



Dərnəyin təsisindən sonra İstanbul küçələrindən kimsəsiz uşaqların bir araya gətirilməsi, toplanması və sığınacaq evinin axtarışına başlanılıb. Kimsəsiz uşaqların məskunlaşma yerlərinin müəyyən edilməsində və toplanmasında S.Ağaoğlu Qalata qəza müdiri və polisin yardımından istifadə edir.

Bu çətin, ağır prosesdə cəmiyyətin gücündən istifadə etməyə çalışan S.Ağaoğlu mətbuatın diqqətini də bu məsələyə yönəldə bilir, bir neçə müxbiri görəcəkləri işin əhəmiyyətini dövlətə və cəmiyyətə anlatmaq üçün kimsəsiz uşaqların reabilitasiya işinə cəlb edir.

Belə çətin, ağır vəziyyətdə "Uşaq Dostları Dərnəyi"ni yaradan S.Ağaoğlu o günləri kövrək notlarla xatırlayır və ona dəstək olanları böyük hörmətlə yad edərək yazır: "Bu işdə ən böyük köməkçim, gündüzlər "Mobel Oya"da işləyən və gecələr də saat 12-yə qədər internatda olan bu uşaqları qarşısına alıb onlarla məşğul olan Nemət Selen xanım idi". İlk vaxtlar uşaqların dərnəyə, tərbiyəçilərə alışmasının psixoloji çətinlikləri ortaya çıxır, hətta sığınacağa cəlb olunan uşaqlar qaçır: "Böyük səy nəticəsində internatdakı uşaqları nizama sala bildik, məktəbə və işə düzəltdik. Uşaqlarımız arasından Almaniyada avtomobil zavodlarında baş usta və elektrik xidmətinin rəisi olanlar belə çıxdı".

21 mart 1954-cü il tarixli "Cümhuriyyət" qəzetində "Bunlar da bizim şəhərin uşaqları" reportajında S.Ağaoğlunun yaratdığı "Uşaq Dostları Dərnəyi"nin fəaliyyəti ilə bağlı geniş məlumatlar dərc olunub.

Sürəyya Ağaoğlu dərnəyin ilk mənzil qərargahının İstanbulda "Çiçək bazarı"nın yanında olduğunu qeyd edərək yazır: "Müxtəlif çətinliklərdən sonra "Çiçək bazarı"nda Uşaq Müdafiə Fondunun Əmlakı olan köhnə mədrəsə binasında uşaq evi açdıq". "Uşaq Dostları Dərnəyi" sonralar Fənər yolunda, bir qədər vaxtdan sonra isə Ayazağada yerləşib. "Cümhuriyyət" qəzetinin 1952-ci il 15 sentyabr tarixli sayında "Mədəni aləmdə insan qiyməti" adlı köşə yazısında S.Ağaoğlu Almaniyaya səfərinin sonunda uşaq evlərinə və qadın həbsxanalarına baş çəkdiyi, müşavirələr apardığını yazır və qənaətlərini oxucularla bölüşür. Səyahətin sonunda Berlində ümumi həbsxanalar müdirinin S.Ağaoğlunun istəyinə uyğun qadın həbsxanalarına və uşaq islah düşərgələrinə baş çəkib müşahidə etməsinə yaxından kömək edir. S.Ağaoğlu qadın həbsxanasına səfərindən sonra şəhərdə təşkil edilən iki uşaq islah mərkəzinə baş çəkir. Bu mərkəzlərin biri Ədliyyə Nazirliyinin tabeliyində olan uşaq islah mərkəzidir, ikincisi isə dini təşkilatların qurduğu müəssisədir. Hər iki kimsəsiz uşaq mərkəzində təhsilə, təlimə önəm verildiyini xüsusi diqqətə alan S.Ağaoğlu yazır: "Bir qismi məhkəmələr, bir qismi isə sosial təşkilatlar tərəfindən göndərilən uşaqlar burada 12 yaşından 20 yaşınadək saxlanılır, islah olunur, xarakter və xasiyyətlərinə uyğun işlə təmin olunurlar. Böyük hərb fəlakətinə uğrayan Berlinin özünə gələr-gəlməz bu işləri təşkil etməsi heyrət doğurur. İslah evlərini dolaşarkən mənim qurduğum uşaq dostları yurdumu düşündüm. Nə olar, bu gördüyüm müəssisələrin bir emalatxanasını qura bilərəmmi?"



Uşaqlığını bu dərnəkdə keçirən Hırzı Topuz sonralar "Axşam" qəzetinin 7 iyun 1952-ci il tarixli sayında S.Ağaoğlunun xeyirxah fəaliyyətindən, kimsəsiz uşaqlar üçün açdığı ilk sığınacaqdan geniş bir reportaj dərc edib. Bu reportajda Sürəyya xanım kimsəsiz, yetim, ata-ana nəvazişindən kənar qalan uşaqların küçələrdə səfil həyatdan qurtulmasının sevincini yaşadığını söyləyir. "33 uşaq ölümdən qurtuldu" adlı reportajda "Uşaq Dostları Dərnəyi"nin səyi ilə görülən işləri, fəaliyyət çərçivələrini, çoxsaylı faktları sadalanır və qeyd olunur ki, küçələrdə yaşamaqdan xilas olan bu uşaqlar peşə təhsilinə, elmə cəlb edilərək cəmiyyət üçün yararlı şəxsiyyətlər kimi formalaşırlar.

Bu uşaqlardan Nevzat adlı bir gənci ömrünün sonlarında xatırlayan Sürəyya xanım yazır: "Uşaqlardan Nevzat adlı bir gənc Koreya müharibəsində iştirak etdi. Getməmişdən əvvəl və oradan mənə "ana" xitabıyla yolladığı məktublar həm məni dərin bir xoşbəxtliklə, həm də dərin bir iztirabla boğurdu. Ana həsrətiylə böyüyən bu gənci Koreyadan geri dönəndən sonra Dəniz Yollarında işə düzəltdik. Təəssüf ki, Nevzat İzmit körfəzində baş verən dəniz faciəsində həyatını itirdi. Deyərdim ki, internat məsələsində məni və dostlarımı ən çox sarsıdan bu hadisə oldu".

Kimsəsiz uşaqlara sahib çıxan, ailə qursa da, övladı olmayan Sürəyya xanım 1949-cu ildən ömrünün sonunadək "Sürəyya ana" xitabının, müraciətinin xoş təsirlərini yaşadı. Göstərdiyi çeşidli fəaliyyətlərdən dolayı bir çox önəmli məqamlara yüksələn S.Ağaoğlunun Türkiyədə ilk dəfə kimsəsiz uşaqları bir araya yığması, onların təlim-tədris işinə cəlb olunması, vətənpərvər ruhda böyümələrinə etdiyi yardım bu nəcib türk xanımının qətiyyəti və iradəsi sayəsində mümkün oldu. Ömrünün ahıl vaxtında türk xalqına yararlı olmağa çalışan fəal, dinamik, yeni ideyalarla cəmiyyəti zənginləşdirən S.Ağaoğlu "Səssiz gəlişi" gözləyən dönəmlərdə həmin günləri xatırlayaraq yazır: "Şübhəsiz, kimsəsiz, pis yola düşmüş bir çox uşağı böyüdüb onlara mənəvi, maddi cəhətdən özlərinə və cəmiyyətə yararlı insanlar etmək mənim qədər dostlarıma da hədsiz bir həzz və sevinc hissi verirdi. Uşaq evini əvvəl Fənəryoluna, sonra isə Ayazağada Xəzinənin tenderlə satdığı bir ərazidə tikilən binasına köçürtdük". Bu kiçik xatirədə diqqəti çəkən məqamlardan biri S.Ağaoğlunun kimsəsiz uşaqların taleyi ilə təkcə onun deyil, dostlarının da məşğul olduğunu, bu dostları minnətdarlıqla xatırlatmasıdır.

S.Ağaoğlu ömrünün sonunadək kimsəsiz uşaqların sığınacaq və reabilitasiya yeri olan "Uşaq Dostları Dərnəyi"nin fəaliyyətinə mənəvi ana kimi nəzarət edərək, xeyirxah əməllərini davam etdirir. Vəfatından sonra isə bu dərnək öz qurucusu S.Ağaoğlunun adını daşıyır. Bu xeyirxahlıq missiyasını davam etdirənlər 1996-cı ildən etibarən fəaliyyətlərini bir qədər də genişləndirir və dərnək S.Ağaoğlu adına Təhsil və Təlim Vəqfi adlandırılır. Hər il lisey, universitet və lisanüstü təhsil alan gənc tələbələrə təqaüd verir. İndi S.Ağaoğlunun adını daşıyan bu vəqf Türkiyədə onlarla tələbənin təhsilini stimullaşdırır, gənclərə qarşılıqsız maddi yardım göstərir.

S.Ağaoğlu 1989-cu ilin dekabrın 29-da İstanbulda beyin qanaxmasından dünyasını dəyişib, ailə məzarlığında dəfn olunub.

Akif AŞIRLI

P.S. Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi hesabına Azərbaycan Türk Ocağı İctimai  Birliyi tərəfindən hazırlanıb. Məqalədə əksini tapan faktlara Agentlik deyil, İctimai Birlik cavabdehdir.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
525.az

1Mənbələr