AZ

Makron Fransasının Olimpiada təxribatları

Pərvanə SULTANOVA [email protected]


Parisdə 33-cü Yay Olimpiya Oyunlarının davam etdiyi bir vaxtda tənqidlər də səngimək bilmir. Bunun səbəbləri təkcə təşkilatçılığın aşağı səviyyədə olması, o cümlədən, çoxsaylı oğurluq halları, xidmət işçilərinin tətilləri, idmançılar üçün qida məhsullarının çatışmazlığı və digər bu kimi problemlərlə məhdudlaşmır. İctimaiyyətin qəzəbinə, hiddətinə əsas səbəb iyulun 26-da Olimpiadanın açılışı olub. Mərasim bütün dünyada milyonlarla xristianın hisslərinə toxunub və onları təhqir edib. Ən böyük hiddəti isə təqdim olunan "Son şam yeməyi"nin iyrənc parodiyası yaradıb. Dünyanın tanınmış şəxsləri, siyasi xadimlər, bir sıra rəsmilər açılışı mərasimini utancverici, biabırçılıq adlandırıblar.

Avropalılar bu səhnədən şoka düşdüklərini gizlətmirlər. Yunanıstan mətbuatı yazır ki, bu hadisə Qərb sivilizasiyasının tamamilə dağıldığını, Olimpiya bayramının və onun ideallarının transgender mədəniyyətinin karnaval nümayişinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.

"The New York Post" nəşrində dərc edilən məqalədə də mərasim absurd və təhqiramiz adlandırılıb.

Almaniyalı biznesmen Kim Dotkom deyib ki, Olimpiya Oyunlarının açılış mərasimi sanki insanlığın bağlanış mərasimi oldu.

Kreml də Olimpiadanın açılış mərasimindən narazılığını bildirib. Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov deyib ki, Beynəlxalq Olimpiya Komitəsinin iştirakı və razılığı olmadan belə şounun keçirilməsi mümkün deyil. O, 2014-cü il Olimpiadasının təcrübəsinə əsaslanaraq deyib ki, bütün ssenari qərarları BOK ilə razılaşdırılır.

İranın Xarici İşlər Nazirliyi Fransanın ölkədəki səfirini çağıraraq, Olimpiya Oyunlarının açılış mərasimində İsa peyğəmbərin təhqir olunmasına etiraz edib. Qeyd olunub ki, İsa Məsihin təhqiramiz təsviri tamamilə ədəbsiz idi və bütün qırmızı xətlərin keçilməsidir.

Rusiyalı politoloq Sergey Markov isə Vatikanın susqunluğuna diqqət çəkib. O deyib ki, Vatikan İsa Məsihə edilən təhqirləri qınamadı. Eyni zamanda, Qərbdəki protestant kilsələrinin əksəriyyəti də İsa Məsihə qarşı təhqirlərə susdu.

Qalmaqal yarandıqdan sonra Parisdə Olimpiya Oyunlarının açılış mərasiminin videosu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sosial şəbəkələrdəki rəsmi hesablarından dərhal silinib. Lakin sonradan BOK bu faktı çox qeyri-müəyyən şəkildə izah edərək bildirib ki, qurum rəqəmsal hüquqları yalnız müəyyən qlobal bazarlarda saxlayıb. Xüsusilə, BOK-un Avropa və Böyük Britaniyada rəqəmsal hüquqları yoxdur. Belə ki, rəsmi Olimpiya obyektləri və ərazilərindən olan videolar coğrafi olaraq bu bazarlarda bloklanır və bu, videolara baxmaq mümkün olmur. Onlar silinməyib".

Fransanın olimpiya təxribatları təkcə dini inancların, mənəvi dəyərlərin təhqiri ilə kifayətlənmir. Həmçinin, Azərbaycana qarşı da təxribata əl atılıb və qayəsi sülh, həmrəylik olan oyunları siyasiləşdirməyə cəhd edib. Belə ki, Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın "France-2" milli telekanalının jurnalisti azərbaycanlı və erməni idmançıların paradı zamanı ayrı-seçkilik nümayiş etdirib və Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün "Dağlıq Qarabağın Azərbaycan ordusuna məğlub olması" kimi yadda qalacaq.

Yeri gəlmişkən, Fransanın "La Gazette du Caucase" onlayn-nəşrində qeyd olunub ki, fransız televiziyası erməni milliyyətçi təbliğatını yayımlayır. Bu, biabırçılıqdır və teleizləyiciləri aldatmaq cəhdidir: "Görünməmiş biabırçılıqdır! Baxın, iki milyon izləyicini belə aldadıblar. Onlar bunu unudublar ki, Qarabağ Azərbaycana məxsusdur və dünyanın bütün ölkələri, o cümlədən, Fransa bunu tanıyıb. Onlar istəyirdilər ki, insanlar erməni işğalçıları tərəfindən Azərbaycan şəhərlərinin dağıdılmasını, 1 milyon azərbaycanlının öz torpaqlarından qovulmasını unutsunlar.

Ən dəhşətlisi odur ki, bu, "Fransanın səsi" hesab olunan milli telekanalın efirində baş verib. Fransız idman və ictimai xadimi, tarixçi, pedaqoq, ədib Pyer de Kuberten deyib ki, olimpiya məşəli parladıqca idman siyasəti və onun doğurduğu münaqişələri susdurmalıdır. Lakin görünür, Fransanın milli televiziyası müasir Olimpiya oyunlarınınn təşkilinin təşəbbüskarının çağırışını eşitməyib".

Azərbaycan artıq məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin ünvanına etiraz məktubu ünvanlayıb.

Görünən odur ki, Paris Olimpiya Oyunları tarixə ən qalmaqallı, təxribatlarla dolu, pis təşkil olunmuş, insanlığa, bəşəri dəyərlərə hörmətsizlik göstərən, mənəvi dəyərləri təhqir edən oyunlar kimi düşəcək. Eyni zamanda, Makron hakimiyyəti idmandan belə öz çirkin məqsədləri üçün istifadə etdiyini gizlədə bilmir. Bir sözlə, dünyada ayırıcı xətləri dərinləşdirməyə çalışan, kolonial siyasətdən əl çəkmək istəməyən, xalqların azadlıq mübarizəsini boğan, ksenefobiyaya geniş meydan verən, dini, etnik zəmində qarşıdurmalar yaradan Makron Fransasından bundan artığını gözləmək mümkün deyildi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, bu gün bütün dünya Fransada Olimpiya Oyunları zamanı baş verən utancverici hadisələri müzakirə etməkdədir. Fransanın sözügedən mötəbər tədbiri siyasiləşdirməsi, cinsi azlıqları təbliğ etməsi, xristianlığa, onun böyük şəxsiyyətlərinə hörmətsiz münasibət nümayiş etdirməsi haqlı olaraq bütün dünyada hiddət doğurdu: "Biz artıq dəfələrlə Fransanın İslama və müsəlmanlara qarşı dözümsüz münasibətinin şahidi olmuşuq. Bu ölkədə davamlı olaraq İslama və müsəlmanlara qarşı müxtəlif məkrli addımlar atılıb, Məhəmməd Peyğəmbərin karikaturası çəkilib, müsəlmanların inanclarına toxuna biləcək digər addımlar atılıb. Lakin bu dəfə dünya Fransanın təkcə İslama və müsəlmanlara qarşı deyil, xristianlığa və İsa Peyğəmbərə qarşı da dözümsüz və alçaldıcı münasibətinin şahidi oldu. Bu isə Fransanın növbəti dəfə dini dözümsüzlük nümayiş etdirərək olimpiadanı öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsətə çevirməsi anlamına gəlir".

C.Məmmədov deyib ki, Fransa təəssüf ki, eyni münasibəti Azərbaycan qarşı da sərgilədi, ölkəmizi Ermənistana qarşı təcavüzdə günahlandırmağa cəhd etdi: "Görün dünya nə günə qalıb ki, Afrikanı dağıdan, yeraltı və yerüstü sərvətlərinin talayan, azsaylı xalqların hüquqların pozan Fransa Azərbaycanı təcavüzdə günahlandırır. Yaxşı olardı, Fransa güzgüdə özünə baxsın. Hansı günə qaldığını görsün.

Paris Olimpiadasının açılış mərasimində İsa Peyğəmbər və onun həvarilərinin hörmətdən salınması, onların o dövrdəki görüş mərasimlərinə bənzər təqdimatın hazırlanması Fransanın xristianlara qarşı təhqiramiz münasibətini açıq ortaya qoyur. Bütün bunlarla yanaşı, Fransa burada qeyri-ənənəvi nikahları təbliğ edən nümayişkaranə davranış sərgiləyir ki, bu da əksər dünya ölkələri tərəfindən birmənalı qəbul olunmur. Bütün dünya bu məsələyə kəskin münasibət bildirməli, Fransanın bu əməlini qətiyyətlə qınamalıdır. Hətta xristian dünyası bu proseslərin önündə gəlməli, Roma-Katolik kilsəsi və digər xristian kilsələri bu məsələyə qəti şəkildə reaksiya verməlidirlər".

 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
525.az

1Mənbələr