AZ

Əməkdar incəsənət xadimi Ayaz Salayevin 64 yaşı tamam olur - FOTO

Bu gün rejissor və kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayevin 64 yaşı tamam olur. 
 
Ayaz Salayev 1960-ci ilin məhs bu günü yəni, avqustun 1-də Bakıda anadan olub. 
 
O, 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb.

1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib.
 
1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib.
 
Ekran işi Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub.

“Retro” verilişi və onun qəribə intonasiyalı nitqi ilə seçilən aparıcısı respublikada o qədər məşhur idi ki, parodiyaçıların əksəriyyəti onu yamsılayırdılar. Gənclər Ayaz Salayevin danışığı və maraqlı jestləri ilə parodiya öyrənirdilər. Ayaz müəllim bu veriliş haqqında müsahibələrinin birində deyir:

“Bu veriliş vasitəsi ilə populyarlıq qazandım. Mənim üçün bütün yollar açıldı. Populyarlıq çox əlverişli bir şeydir. Amma populyarlıqdan savayı o verilişin həyatımda çox əhəmiyyətli bir yeri var. “Retro” ilk növbədə məni ölkəyə bağladı. Sovet dönəmi idi və əgər o veriliş olmasaydı, mən ölkəni tərk edəcəkdim”.
Ayaz Salayev Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb
 
Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib. "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.

Onun filmoqrafiyası Qız qalası əfsanəsi (film 1923), Ordubad (film 1983),  Evlənmək istəyirəm (film 1983), Bir dəfə görmək... (film 1984), Təkəlduz (film 1985), Ata (film 1988), Bir nəfər hamıya görə (film 1989), Təxribat (film 1990), Yarasa (film 1995) - kinorejissor, Vahimə (film1998), Qarabağın həsrət salnaməsi (film 2016), Torpaq (film 2022) kimi ekran işləri ilə zəngindir. 
 
Ayaz Salayev iki dəfə evlənib. İkinci evliliyi özündən 17 yaş kiçik tələbəsi ilə olub. Vaxtilə xanımına dərs desə də, ailədə özünü xanımının tələbəsi hesab edir.
 
Xanımı müsahibəsində tanışlıqlarını belə xatırlayır:
 
"Məndən 17 yaş böyükdür. Təsəvvür edin, "Retro" verilişi başlayanda 6 yaşım var idi. Məni klassik musiqi konsertinə dəvət etdi və konsertdən sonra gəzintidə mənimlə evlənmək istədiyini dedi. Mənim üçün çox gözlənilməz oldu. Təsəvvür edin, müəllim kimi yanaşdığınız adamdan birdən-birə belə sözlər eşidirsiz. Mən ona ancaq bir neçə aydan sonra razılıq verdim. Sənətkar kimi çoxdan onun heyranı idim. O görüşdən çox əvvəl mən ona vurulmuşdum. Sadəcə, onu həqiqətən sevdiyimə əmin olmaq üçün vaxt lazım idi. O zaman mənim cəmi 17 yaşım var idi".

 
Seçilən
53
1
baku.ws

2Mənbələr