AZ

Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir ŞƏRH

Hər bir dilin elmi cəhətdən tədqiq olunmasının və praktik şəkildə öyrənilməsinin böyük əhəmiyyəti vardır. Dil çox mürəkkəb xüsusiyyətlərə, dərin və gizli sirlərə malikdir. Bütün bu cəhətləri öyrənildikdə dil insan həyatında fikrin ifadəsi üçün daha qüvvətli vasitəyə çevrilir. Dilə dair geniş məlumat və bilik əldə etmək sayəsində hər bir kəs ayrı-ayrı məsələləri daha dəqiq ifadə etmək imkanı əldə edir.

Respublikamızda Azərbaycan dilinin elmi və praktik cəhətdən hərtərəfli öyrənilməsinə böyük əhəmiyyət verilir. Ölkəmizdə Azərbaycan dilinin tədqiqi üçün geniş şərait və imkan yaradılmışdır. Başqa bir sıra dillər kimi, Azərbaycan dili də XX əsrdə xüsusi tədqiqat obyekti olmuş, dərindən tədqiq edilməyə, geniş dairədə öyrənilməyə başlanılmışdır.

Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zamanda, bu dil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Azərbaycan dilindən həm respublikamızda, həm də xarici ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Ümumiyyətlə, ana dili kimi Azərbaycan dilində 45 milyondan artıq adam danışır. Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana dili kimi də işlənilir. Hazırda Azərbaycan ərazisində yaşayan bir sıra azsaylı xalqlar, o cümlədən lahıc, talış, tat, qrız və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər. Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir. Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox müxtəlif bədii boyalarla ifadə etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün də çox yararlıdır.

Eyni zamanda, dünya mədəniyyəti xəzinəsinə qiymətli hədiyyə kimi daxil olan və onu zənginləşdirən Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poeması, Mirzə Fətəli Axundovun komediyaları və bir çox misilsiz sənət əsərləri həmin dildə Azərbaycan dilində yaranmışdır. Fəlsəfi-siyasi əsərlər də bu dildə çox gözəl səslənir. Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzər-diqqətini özünə cəlb etmişdir.

Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
sesqazeti.az

1Mənbələr