AZ

“Övladını xaricə göndərmək istəyənlər hansı porblemlərlə üzləşir” – Hüquqşünas rəyi

Bəzən valideynlər arasında övladını xaricə aparmaq üzərində mübahisə baş verir. Əsas mübahisələrdən biri də boşanmış cütlüklər arasında qeydə alınır. Belə ki, tərəflərdən biri övladını özü ilə xaricə aparmaq istəyəndə bununla əlaqədar problemlərlə qarşılaşır.

Valideynlərdən birinin icazəsi olmadan digəri uşağını xaricə apara bilərmi? Bu məsələ qanunvericilikdə necə tənzimlənir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov qeyd edib ki, “Pasportlar haqqında” Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində doğulmuş və yetkinlik yaşına çatmayan şəxslərin ölkədən çıxışı üçün tələb olunan vətəndaş pasportunun alınması üçün mütləq hər iki valideynin razılığı olmalıdır:

“Eyni zamanda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə görə, uşağın ölkədən xaricə çıxarılması zamanı dövlət sərhədində mütləq qaydada tələb olunan sənədlər var. Əgər uşaq valideynlərin biri ilə xaricə çıxarılarsa, digər valideynin razılığı, uşaq başqa biri tərəfindən xaricə çıxarılarsa, hər iki valideynin notarial qaydada razılıq vermiş olduqları ərizələr uşağın ölkə xaricinə çıxarılması üçün əsasdır”.

O bildirib ki, bəzən boşanmış fərdlər arasında uşağın himayəliyi kimdə olursa, onunla birgə ölkə xaricinə çıxmaq istədikdə digər valideyn tərəfindən əngəl yaradılır:

“Bu məsələlərin tənzimlənməsi ilə əlaqədar məhkəmə tənzimlənməsinin ümumiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixili 13 saylı qərarında Ali Məhkəmənin Plenumunun vahid mövqeyi formalaşıb. Bu mövqe məhkəmələrin qərar qəbul edən zaman həmin plenum qərarına istinadını şərtləndirir. Ümumiyyətlə, Azərbaycan Respublikasının məhkəmələri uşağın ölkə xaricinə çıxarılması ilə bağlı bəzi nüanslarda valideynlərdən birinin razılığı olmadan uşağın ölkə xaricinə buraxılması haqqında qərar qəbul edə bilir.

Bu aşağıdakı nüanslara aiddir:

Uşağın müalicə məqsədilə ölkə xaricinə çıxarılması;

– Bu halda valideyn tərəfindən uşağın səhhəti ilə bağlı müvafiq sübutlar məhkəməyə təqdim olunmalıdır.

Uşağın təhsil imkanlar ilə əlaqədar ölkə xaricinə çıxarılması;

– Bu zaman valideyn tərəfindən təhsil imkanlarının uşağın fərdi inkişafı üçün olduğu əsaslandırılmaslıdır.

Beynəlxalq dərəcəli idman, intellektual oyunlara getməsi ilə bağlı olaraq uşağın ölkə xaricinə çıxarılması;”.

Hüquqşünasın sözlərinə görə, uşaq kimin himayəsində olarsa, ölkə xaricinə çıxarılması zamanı qarşı tərəfə mediasiya təklifi göndərilməldir.

“Bu təklif digər valideyn tərəfindən qəbul olunmasa, valideyn birbaşa mediasiya təşkilatına müraciət edərək ilkin mediasiyanın keçirilməsini xahiş edə bilər. İlkin mediasiya sessiyasında tərəflər iştirak etmədikdə və ya iştirak etdikdə razılığa gələ bilməsələr, sənədlər müvafiq qaydada uşağın qeydiyyatda olduğu rayon və şəhər məhkəməsinə iddia ərizəsi şəkilində təqdim olunur. Mediasiyada bu məsələlər Azərbaycan Respublikasının Mediasiya haqqında qanunun 28-29-cu maddəsinə əsasən tənzimlənir”.

Aygün Mirakif,

KONKRET.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
43
konkret.az

10Mənbələr