AZ

2 min maaşla aqranom tapılmır: Hüquqşünas isə “n” qədər...

Ölkədə işsizliyin olmasının ən başlıca səbəblərindən biri də əmək bazarının tələblərinə uyğun kadrların olmamasıdır.

Belə ki, bu gün ali təhsil ocaqlarından kifayət qədər tələbələr məzun olmasına baxmayaraq, iş tapmaqda çətinliklə qarşılaşır və bu da onların təhsil aldğı ixtisasın müasir dövrün tələblərinə cavab verməməsiylə bağlıdır. 

Bu gün bir sıra ali təhsil müəssisələrində həqiqətən də əmək bazarının tələbinə cavab verməyən fakültələr olmaqla yanaşı, bəzi ixtisaslarda məzun sayının çox olması da problem yaradır. 

Onu da qeyd edək ki, hazırda xarici ölkələrdə müasir dövrün tələblərinə cavab verən yeni ixtisaslar yaradılır ki, ölkəmizdə də ali təhsil müəssisələrində buna ehtiyac var. Məsələn, Azərbaycanda ən çox müzakirə edilən ixtisaslardan biri də sosial iş ixtisasıdır. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev bildirib ki, sosial iş Azərbaycan üçün yeni ixtisasdır: 

“Bu ixtisas 2000-ci illərdə Azərbaycan ali məktəblərinin siyahısına salınıb. Sosial iş ixtisası qayğıya ehtiyacı olan insanlarla işləyən mütəxəssis hazırlayır. Bu qayğı müxtəlif səviyyədə reallaşır. Cəmiyyətin sosiohəssas qrupları ilə mikro, mezo, makro səviyyədə çalışan, onlarla işləyən mütəxəssislər sosial işçi adlanır”. 

Bu, ancaq bir nümunədir. Hazırda əmək bazarında sosial işçi, psixoloq, IT və s. sahələr üzrə mütəxəssislərə daha çox ehtiyac olduğu halda niyə ənənəvi ixtisaslara daha çox üstünlük verilir? 

Təhsilü zrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, burada iki istiqamət götürülməlidir: 

“Birinci istiqamət ixtisasların birləşdirilməsidir. Kolleclərdə, peşə məktəblərində, ali təhsil müəssisələrində ixtisaslar var ki, adlar başqadır, ancaq eyni fənnlər keçirlər. Birinci halda ixtisaslar birləşməlidir, fərqli gücləri birləşdirib o ixtisası inkişaf etdirmək lazımdır. Bizdə ikinci problem ixtisasların adlarıdır. Niyə bir ixtisasın adı “Kitabxanaçılıq və informasiya təminatı” olmalıdır? Artıq bu gün elektron kitabxanadan söhbət gedir. Ola bilər ki, “Elektron kitabxana və kommunikasiya təminatı” olsun. Ad bir qədər müasirləşsin və bu istiqamətdə islahatlar getməlidir. 

Üçüncü istiqamət isə əmək bazarının tələbinə uyğun olaraq Azərbaycanda yeni ixtisasların tətbiqidir və  vacibdir. Məsələn, Vətən müharibəsində gördük ki, yaxşı mütəxəssislərə ehtiyac var. Azərbaycan Texniki Universitetində bu sahədə silah mühəndisliyi, onun nə qədər əhəmiyyətli dərəcədə tədris olunduğu ilə bağlı hesabatı heç yerdə görmürəm. Bir dəfə görməmişəm ki, AzTU-nun açıqlamasında silah mühəndisliyi ixtisasından neçə nəfərin məzun olduğu və uğur əldə etdiklərini bildirsin”. 

Ekspert bildirib ki, ən əsası yeni ixtisasların gəlməsinə ehtiyac var:

“Məsələn, intellektlə bağlı ixtisasları göstərmək olar. Artıq dəyişən dünyada hər şeyin informasiyalaşdığını, kompüterləşdiyini görürük. 

Kompüterlə bağlı ixtisaslara yeni baxış lazımdır. Burada da “kompüter elmləri”, “kompüter mühəndisliyi” kimi baxış yox, yeni dövrün tələblərinə, süni intellektə uyğun baxış olmalıdır. Çünki hər şey süni intellektə doğru gedir. Bir də əmək bazarında “arxiv işi”, “kitabxanaşünaslıq” kimi bəzi ixtisasların ehtiyat bazası yenilənməlidir. Burada həm də kadrlardan söhbət gedir, bu ixtisaslar cəmiyyətə yaxşı təqdim olunmalıdır. Ad dəyişikliyi yaxşı formada özünü göstərməlidir. Bu halda nə ehtiyac var ki, bütün universitetlərdə bu faklütələr olsun? İldə 20-30 kadr hazırlanmalıdır”. 

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda hüquqşünas sayı çoxdur:

“ Ancaq bu gün ölkədə savadlı baytar, aqronom yoxdur. Çünki hazırda aqronom ixtisasına ən aşağı balla qəbul olurlar. Halbuki nazirlik 2 min manat maaşa aqronom tapa bilmir. Bu gün ölkədə test imtahanından keçən, işini bilən aqronom yoxdur. 

Varsa da, çox azdır. Aqronom ixtisası var, oxuyan çoxdur, ancaq normal aqronom tapa bilmirsən. Hamı yüksək bal toplayıb hüquqşünaslığa üstünlük verir. Bunu edə bilməyənlər aşağı balla aqronomluğa daxil olur və bu gün ölkədə savadlı aqronom yoxdur. Bundan başqa, ölkədə qida ilə bağlı nə qədər mütəxəssis var? Bu gün “qida mühəndisliyi”nin də balı aşağıdır. Hazırda bizə qida mühəndisləri lazımdır, sayı çox azdır. Yaxşı qida mühəndisi yoxdur. İşinin peşəkarı olan insanlar çox azdır. 

Bizdə çox vaxt əmək bazarının tələbi nəzərə alınmır. Universitet öz gəlirlərini düşünür. Məsələn, 100 tarix müəllimini BDU, 200 nəfəri ADPU qəbul edir. Əmək bazarını düşünmürlər ki, ölkəmizdə nə qədər orta məktəb var və ildə 200 tarix müəllimi kifayət edir. Ancaq 1000 məzun olur. 

Halbuki, məsələn, ölkədə yetərli qədər stomotoloq tapa bilmirik. Bu vəziyyət, ixtisaslar əmək bazarının tələbinə uyğun olaraq düzgün tənzimlənmir. Bu gün ən böyük problem budur”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
cebheinfo.az

2Mənbələr