AZ

"Epilepsiya xəstələri bəzən xəstəliklərini gizlədirlər" - HƏKİM İZAH ETDİ

"Epilepsiya xəstəliyi beyində neyronların aktivasiyasının, beynin bioelektrik aktivliyinin boşalması ilə müşahidə olunan xroniki xəstəlikdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-nevroloq Durna Ələkbərova deyib.

Həkim bildirir ki, beyində normal halda neyronlar bir-biri ilə impulslar vasitəsilə əlaqə saxlayır: "Bir neyron digərinə məlumatı impulslar vasitəsilə ötürür. Epilepsiya zamanı bu ötürücülük pozulur. Normalda neyronlardan biri oyanıqlığı təmin edirsə, digəri tormozlanmanı təmin edir. Epilepsiya xəstəliyi zamanı isə oyanıqlıq baş verir, lakin tormozlanma prosesi pozulur, oyanıqlığın qarşısı alınmır. Bu səbəbdən də belə hallar baş verir. Xəstədə baş beyində yaranan bu halı biz epilepsiya xəstəliyi kimi dəyərləndiririk.

Epilepsiya beynin xroniki xəstəliyi olub sutka ərzində iki və daha artıq epileptik tutma ilə müşahidə olunan bir xəstəlikdir. Epilepsiya xəstəliyi klinikasına görə fokal (parsial) və generalizə olunmuş olur. Əgər bir yarımkürədə olursa, biz buna fokal (parsial) epileptik tutma deyirik, əgər iki yarımkürədə olursa, buna generalizə olunmuş epileptik tutma deyirik. Fokal epileptik tutmaların baş beynin nahiyələrinə uyğun olaraq müəyyən qrupları var. Fokal baş beynin paylarına uyğun olaraq alın, gicgah, təpə və ənsə epilepsiyası olmaqla bir neçə qrupa bölünür.

Epilepsiya xəstəliyinin 40-dan çox növü var. Bu xəstəliyin müalicə taktikasında növünün müəyyən edilməsinin çox böyük rolu var. Çünki epilepsiyanın növünə uyğun olaraq müalicə taktikası seçirik. Epilepsiyanın elə forması var ki, istifadə etdiyimiz dərmanları digər formada istifadə etsək, effekt görməyə bilərik.

Fokal epileptik tutmalar sadə və mürəkkəb olur. Sadə parsial tutmada huş itmir. Epilepsiya dedikdə, loru dildə xəstənin huşunun itməsi, ətraflarında qıcolmalar baş verdiyini bilirik. Lakin epilepsiya təkcə qıcolma tutması ilə müşahidə olunmur. Eyni zamanda epilepsiyanın elə formaları var ki, xəstədə huş itməyə də bilər. Sanki xəstə xəyala dalır, danışdığı yerdə birdən mövzudan uzaqlaşır, bir nöqtəyə baxır, yolu keçərkən donur, yolun ortasında dayanır. Baxmayaraq ki, xəstə huşunu itirmir, yıxılmır, lakin donur. Bu da böyük qəzalara gətirib çıxara bilər.

Mürəkkəb parsial tutmada isə huşun itməsi müşahidə olunur. Epilepsiya zamanı aura da müşahidə oluna bilər. Aura epileptik tutmanın bir göstəricisidir. Xəstənin qulağına səs gəlir, tutmadan yarım saat əvvəl müşahidə olunur. Tutmanın auralı formasında qulağa səs gəlir, xəstə özü səs çıxarır, qışqırır, ağlayır, bədəndə ağrılar olur. Təpə epilepsiyasında xəstə müəyyən hərəkətlər icra edir.

Generalizə olunmuş epileptik tutma beynin hər iki yarımkürəsində formalaşır. Bu zaman bizim gördüyümüz, bildiyimiz epileptik tutma baş verir. Xəstənin huşunun itməsi, ətraflarında qıcolma baş verir. Əvvəlcə rəngi avazıyır, tündləşir, boğulur, ağzından köpük gəlir, bu köpük əsasən dodağını, dilini dişləməsi ilə əlaqədar qanlı olur. Sonra qeyri-iradi sidik ifrazı olur. Tutma 1-2 dəqiqə davam edir. Tutmadan sonra pasiyent dərin yuxuya gedir. Bəzən də ayıla bilər".

"Epilepsiya xəstələri bəzən öz xəstəliklərini gizlədirlər. Buna səbəb onların iş fəaliyyətinə neqativ təsir göstərməsidir. Əslində epilepsiya xəstələri sürücülüklə də məşğul ola, hər bir işdə işləyə bilərlər. Lakin bir çox müəssisə rəhbərləri biləndə ki, işçi epilepsiya xəstəsidir, onu anında işdən uzaqlaşdırır.

Epilepsiyanın bir neçə səbəbi ola bilər. Doğuş travmaları, kəllə-beyin travması, beyin-damar xəstəlikləri, immun sisteminin zədələnməsi zamanı müşahidə oluna bilər, genetik meyillilik, kəskin toksiki zəhərlənmələr, beynin iltihabı xəstəlikləri və sair ola bilər. Bəzən olur ki, bunların heç biri yoxdur, naməlum səbəbdən də yarana bilir. Bu xəstəliyin normal diaqnozunu qoyarkən onun "başlanma vaxtını, davam etmə sürətini, hansı dərmanlara tabe olur?, nə qədər davam edir?, tutmadan sonra nə müşahidə olunur?" kimi suallarla biz onun növünü araşdıra bilərik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sia.az

1Mənbələr