AZ

RBC və "Vedomosti"nin keçmiş jurnalisti qətldə təqsirli bilindi

Moskva vilayətinin Elektrostal şəhər məhkəməsində münsiflər heyəti keçmiş RBC və "Vedomosti" jurnalisti Oksana Qonçarovanı keçmiş ərini öldürməkdə təqsirli bilib. 

Qaynarinfo xəbər verir ki, ittiham tərəfi onun iki uşağının atasını qayçı ilə qəsdən bıçaqlayaraq öldürdüyünü iddia edib. 

Müdafiə tərəfi uzun illər məişət zorakılığının qurbanı olan qadının ancaq özünü müdafiə etdiyini təkid edib. Oksana Qonçarovanın təqsirli olduğuna dair hökm münsiflər heyəti tərəfindən yekdilliklə qəbul edilib, lakin kollegiya da yekdilliklə hesab edib ki, təqsirləndirilən şəxs güzəştə layiqdir.

Altı münsifdən ibarət kollegiya Oksana Qonçarovanın işinə aprel ayında baxmağa başlayıb. Jurnalist 2022-ci il sentyabrın 30-da həbs edilib. Faciə iki gün əvvəl, 2022-ci il sentyabrın 28-də Elektrostalda baş verib. Həmin gün əvvəllər üç dəfə məhkum olunmuş 36 yaşlı Aleksey Samusev (xüsusən də qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə, quldurluqda, dövlət məmurunu öldürməklə hədələməkdə və təhqir etməkdə təqsirli bilinib) Oksana Qonçarovanın evinin mətbəxində spirtli içki qəbul edib. Həmin vaxt onlar ayrılsa da, qonşuluqda yaşayırmışlar. Onların 10 və 3 yaşlı uşaqları da evdə idi (Oksana Qonçarovanın birinci evliliyindən yetkin bir oğlu da var).

Mübahisə zamanı qadın keçmiş ərinə qayçı ilə bir neçə zərbə endirib. O, xəstəxanada dünyasını dəyişib.

İttihamda bildirilib ki, xanım Qonçarova cinayət törətdiyi vaxt da sərxoş olub - bunu Samusevin birlikdə içki içdiyi dostu deyib. Təqsirləndirilən şəxs özü təkid edib ki, o, axşam bir az köpüklü şərab içib, həmçinin hadisədən sonra stressi aradan qaldırmaq üçün spirtli içki qəbul edib.

Jurnalistə qarşı 6 ildən 15 ilədək həbs nəzərdə tutan qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs təqsirini boynuna almayıb. O, qayçı ilə ona hücum edən Aleksey Samusevdən özünü müdafiə etdiyini iddia edib. Onun vəkili Aleksandr Qaranin təkid edib ki, ekspertizanın nəticələrinə görə, Oksana Qonçarovanın bədənində bir neçə zərbə və kürəyində kəsik var. Vəkilin sözlərinə görə, müvəkkili uzun illər müxtəlif inzibati xətalara görə 40 dəfə cinayət məsuliyyətinə cəlb edilmiş əri tərəfindən məişət zorakılığına məruz qalıb.

Həbsdən sonra təqsirləndirilən Qonçarova ifadə verib ki, Samusev 2007-ci ildən onu döyür, bununla bağkı polisə şikayətlər edib, o, cinayət məsuliyyətinə cəlb olunub, lakin döyülmə və hədə-qorxu səngiməyib.

Eyni zamanda, dövlət ittihamçısı iddia edib ki, bioloji ekspertizanın nəticələrinə görə, qayçının tutacaqlarında zərərçəkmiş Samusevin bioloji izləri aşkar edilməyib. Və Samusevlə mətbəxdə araq içən dostu Maksim Valiulin ifadə verib ki, Oksana Qonçarova ilə münaqişədən əvvəl onun əlində qayçı olmayıb.

Oksana Qonçarova son sözündə münsiflərdən obyektiv qərar qəbul etməyi xahiş edib:

"Mən Alekseyin ölməsini istəmirdim və ilk sorğu-sualdan sonra əməliyyatçı mənə əməliyyatdan sonra öldüyünü deyəndə güclü sarsıntı keçirdim. Hər şeyin bizim üçün belə bitəcəyini düşünmürdüm. Mən cəzanın etdiyim əməllə mütənasib olmasını istəyirəm".

Avqustun 19-da məhkəmə yekun hökmünü elan edəcək. Vəkil Aleksandr Qaranin "Kommersant"a bildirib ki, müvəkkilinə minimum 6 il həbs cəzası veriləcək.

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
qaynarinfo.az

1Mənbələr