AZ

Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi aktivləşir...

Image

Avropa Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaza davamlı sülhün gətirilməsi istiqamətində səylərini bərpa edir. Bunu “Politico” nəşri yazıb. Nəşr iki vəzifəli diplomata istinadla yazır ki, Mişel Avropa Siyasi İcmasının bu ayın əvvəllərində Britaniyada keçirilmiş sammiti əsnasında həm Ermənistan, həm də Azərbaycanın liderləri ilə ikitərfəli danışıqlar aparıb. 

Bu da xəbər verilir ki, Mişel Bakı və İrəvana hər iki tərəfi, sərhədin delimitasiyası da daxil, qalan məsələləri həll edib danışıqlar masasına qayıtmağa və sülh müqaviləsini yekunlaşdırmağa çağıran məktub yazıb.

“Politico” yazır ki, buna baxmayaraq, Brüssel aylarla davam edən ləngimədən sonra müqavilənin imzalanmasının “diplomatik dalana dirənməsindən” məyusdur. Məqalədə deyilir ki, Mişellə görüşlərinə baxmayaraq, Azərbacan prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı Londonda bir masa arxasına gətirmək mümkün olmayıb. Bu da vurğulanır ki, tərəflər görüşün baş tutmamasına görə bir-birini günahlandırır. Şarl Mişelə yaxın vəzifəli Avropa diplomatı “Politico” müxbirinə deyib: “Son nəticədə oyun oynamaqdan əl çəkmək və müqaviləni imzalamaq hər iki tərəfə bağlı məsələdir. Mişel razılaşmanın əldə olunması üçün Avropa İttifaqının ixtiyarında olan bütün vasitələrdən istifadə edib”. Rusiya-Ukrayna müharibəsinin qızğın bir dövründə Avropa İttifaqının özünün Cənubi Qafqazdakı rolunu yenidən gözdən keçirməsinə qərar verərək, regiondakı siyasi proseslərə əvvəlki təsirini yenidən maksimuma qaldırmaq istəməsi şübhə doğurmur. İkinci Qarabağ müharibəsinin aktiv mərhələsi dövründə Avropa İttifaqının neytral mövqedə dayanaraq cərəyan edən hadisələrə aktiv şəkildə müdaxilə etməməsi hər iki münaqişə tərəfində ciddi tənqidlərə səbəb olmuşdu. Lakin indi görünən odur ki, Avropada dərin təhlükəsizlik böhranı və Rusiyanın ekspansionist siyasəti qurumu Cənubi Qafqaz ölkələri ilə daha sıx təmas qurmağa və əməkdaşlığı dərinləşdirməyə məcbur edir. Belə demək olar ki, Ukrayna böhranının davam etdiyi bir zamanda Avropa Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasını qəti şəkildə istəmir və təşəbbüsü ələ alaraq hər iki tərəfi danışıq masası arxasına oturtmaq üçün diplomatiyadan istifadəyə üstünlük verir. “Politico” yazır ki, 2020-ci ildən bəri Ermənistanla azı iki müharibədə qalib gəldikdən sonra Azərbaycan Avropa İttifaqının üzvü olan Fransanın Ermənistanı silahla təchiz etməsini tənqid edir. Avropa İttifaqının sülh prosesində vasitəçiliyi ilə bağlı məyusluğuna baxmayaraq, ABŞ tərəfində daha nikbin mövqe sərgilənir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatda “Avropanın Gələcəyi” mövzusunda keçirilən dinləmələr zamanı deyib ki, Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına güclü dəstək verir. 

Moskvanın iki ölkənin sülh səylərini əngəlləməsi barədə suala O'Brayn belə cavab verib ki, Rusiya hər şeyin onun şərtləri çərçivəsində gerçəkləşməsini istəyir: “Səmimi deyim ki, hər iki ölkə bu durumdan məyusdur. Biz çox çalışırıq ki, tərəflərin ifadə etdiyi sülh istəyi saziş formasında əks olunsun”. Sülh sazişinin niyə vacib olmasına gəlincə, O'Brayn zəngin Orta Asiya ölkələrinin dünya bazarlarına Azərbaycan və Ermənistan ərazisindən quru yolla çıxmaq imkanına toxunub. Hazırda həmin ölkələr bu mənada Rusiya və Çindən asılıdır: “Azərbaycan və Ermənistan ərazisindən marşrutun açılmasnı təmin edə bilsək, Orta Asiya ölkələri dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən daha az asılı olacaqlar”. O, Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası prosesinə razılaşdığını söyləyib: “Onlar sərhəd xətlərinin haradan keçməsini razılaşdırıblar. Doğrudur, hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xətlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur”. Diplomat iki ölkənin bu məsələlər üzərində işlədiyini, hər iki tərəfin sərhəddə hər hansı dəyişikliyə əməl etməli olduğunu vurğulayıb. Amerikalı diplomat Vaşinqtonun Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaratdığını söyləyib: “Minlərlə rusiyalı, FTX əsgərinin ölkədən çıxarılması üçün verilən vaxt bu həftənin sonunda başa çatır. Bu ona görə vacibdir ki, onların bir hissəsi aeroport ərazisində idi və sanksiyalardan yayınmalar orada baş verirdi. Rusiyanın Ermənistanın suveren xahişinə necə əməl edəcəyini görəcəyik”. Azərbaycan regional sabitlik və əməkdaşlıq mühitinin təmin olunması, həmçinin Ermənistanla yekun sülh sazişinin imzalanması üçün cəhdlərini bundan sonra da davam etdirməyə hazırdır. ABŞ da Ermənistan və Azərbaycan arasında uzun müddətdir ki, vasitəçiliyə cəhd edir. Nəticə verəcəyi halda Azərbaycan buna etiraz etmir. Amma ABŞ ATƏT-in Minsk qrupunun təcrübəsini nəzəəalmalı, oradakı kimi fəaliyyət göstərməməlidir. Yeni geosiyasi reallıq isə belədir ki, Qarabağda yekun sülh müqaviləsinin imzalanması prosesini uzun illər kurasiya edən ATƏT-in Minsk qrupu artıq legitim bir format olaraq mövcud deyil. Bütün görüşlərin nəticəsində qəbul edilən sənədlərdə Minsk qrupunun adının çəkilməməsi bu formatın artıq tarixə qovuşduğunu da sübut etdi.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
baki-xeber.com

1Mənbələr