AZ

ABŞ İrəvanın Orta Dəhlizə qoşulmasında inad edir- bəs Bakının mənfəəti nə olacaq?..

Image

Fuad İbrahimov: “...ABŞ rəsmisi birtərəfli danışır”

“Biz Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın apardıqları sülh prosesini güclü şəkildə dəstəkləyirik”. Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici əlaqələr komitəsində çıxışı zamanı söyləyib.

O bildirib ki, tərəflərin sülh istəyi sülh sazişi ilə nəticələnə bilər. “Bu niyə vacibdir? Xəritəyə baxanda görürük ki, Mərkəzi Asiya inanılmaz dərəcədə zəngindir, lakin onların qlobal bazara çıxışı yalnız Rusiya və Çin vasitəsilə mümkündür. Əgər biz Azərbaycan və Ermənistandan keçən yolun açılmasına nail olsaq, onların qlobal bazara çıxışı olar, Rusiya və Çindən asılılıqları azalar. Bu, ölkələrin qlobal bazara çıxışlarını özləri seçməsi ilə bağlı məsələdir”, - deyə Ceyms O’Brayn əlavə edib.

Açıq şəkildə bəyan olundu ki, Orta Asiya (Mərkəzi Asiya) respublikalarından Azərbaycanın və Ermənistanın üzərindən Avropaya yol açmaq Amerikanın strategiyasıdır. Hədəf odur ki, Orta Asiyanın zəngin sərvətləri nə Rusiyanın, nə də Çinin üzərindən Qərb bazarlarına çıxmasın. Əsas hədəf budur. Demək, yaxın illərdə Mərkəzi Asiya ölkələri mübarizənin əsas meydanı olacaq. Bu, Azərbaycanın əhəmiyyətinin artacağını göstərir. Onsuz da Mərkəzi Asiyanın sərvətləri Azərbaycanın üzərindən Türkiyə vasitəsilə Avropaya daşınır. Yol burdandır.

Eyni zamanda burda Qərb ölkələri, Amerika çalışır ki, bu yol Ermənistanın da üstündən keçsin. Onlar Ermənistanı heç kənara atmaq istəmirlər. Bizə nə dəxli var? Qeyd etdiyim kimi, onsuz da Mərkəzi Asiyanın sərvətləri Azərbaycan üzərindən Türkiyə vasitəsilə Avropaya gedir, həmçinin onlar öz mallarını Çinin də üzərindən göndərə bilir.

İndi ABŞ gətirib Ermənistanı Azərbaycanın böyrünə pərçim edir ki, o yol həm də Ermənistandan keçsin. Keçsin, amma birinci Ermənistanı məcbur edin ki, sülh müqaviləsi imzalasın. Sülh müqaviləsi imzalanmayana qədər Azərbaycan buna imkan verməz, verməyəcək də.

“Azərbaycanın mənfəəti ondan ibarət olacaq ki, bizim yükaşırma qabiliyyətimiz, eyni zamanda şaxələnmiş tranzit xətlərimizin sayı…” 

İqtisadçı ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə şərhində “Əlbəttə, bu məsələ ilə bağlı ABŞ rəsmisi birtərəfli danışır. Birinci, nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan üzərindən dünyaya çıxışı yoxdur. Azərbaycanın çıxışı var və biz konkret olaraq layihələrimizlə gündəmdəyik. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri var, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, bu da TANAP-a, TANAP da Transadriatikə inteqrasiya olunub. Artıq ixracımız da ki, icra mexanizmi ilə hərəkətdədir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu artıq Avropaya qədər uzanır və Xəzər dənizi üzərindən Çinə, Çindən də Avropaya müəyyən yüklər daşınır. Özü də iki həftə ərzində. Bu çox vacib məqamdı. Hazırda ən əlverişli dəhliz Azərbaycandır. Sadəcə infrastruktur çatışmazlıqları var idi deyə, bu gündəmdə deyildi. Bu gün isə bu gündəmdədir. Çünki infrastrukturumuz var və icra mexanizmi daxilində artıq bu işləyir. O ki qaldı Ermənistandan bu məsələnin gələcəkdə istifadə olunmasına, bu ilk növbədə Ermənistana lazımdır. Ermənistan dörd ölkə ilə sərhəddir, onun ikisi ilə, yəni Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Ən strateji partinyorlarından biri Rusiyadır, amma Rusiyaya birbaşa çıxışları yoxdur. Çünki çıxış məhz Gürcüstandan, Yuxarı Lars qapısı üzərindəndir. Bilirsiz ki, o qapıda mövsümi problemlər yaranır. Ermənistanın gələcəyi, gələcək iqtisadiyyatı üçün nəfəslik mütləq şəkildə Azərbaycan və Türkiyədir”-deyə bildirdi.

F.İbrahimovun sözlərinə görə, Ermənistanın Qərbə də, Şərqə də, hər bir tərəfə çıxışı ordandır, elə Şimalın özünə də. O qeyd etdi ki, bu gün Rusiyaya dəmir yolu vasitəsilə, avtomobil nəqliyyatı ilə çıxış üçün ən əlverişli dəhliz Azərbaycan sayılır.

“Bu gün Amerika rəsmisi bunu belə gündəmə gətirir ki, Çindən, Rusiyadan asılı olmasınlar. Amma biz qonşuluq siyasətimizi irəli sürürük. Çin 2013-cü ildə “Bir kəmər, bir yol” layihəsini irəli sürüb. Amma illər öncə bunu “İpək yolu” layihəsi çərçivəsində rəhmətlik Heydər Əliyev irəli sürmüşdü. Bu gün bu siyasət uzlaşır, bu, böyük iqtisadi siyasətdir. İkincisi də, bəli bu şaxələnsə Azərbaycanın mənfəəti ondan ibarət olacaq ki, bizim yükaşırma qabiliyyətimiz, eyni zamanda  şaxələnmiş tranzit xətlərimizin sayı artmaqda olanda bu diversifikasiya olunur. Yəni sığortalanır. Hansısa bir fors-major halı baş verəndə bizim alternativ çıxışlarımız var. Bizə bu yollar çox lazımdır. Bizə İranla “Zəngəzur-2 dəhlizi” də lazımdır. Bilirsiz, bu gün belə bir vəziyyət yaranıb. 2023-cü ildə Çinlə Avropanın ticarət dövriyyəsi illik 750 milyard dollardan çox olub. 750 milyard dollarlıq ticarət dövriyyəsi konkret olaraq yükdaşıma ilə başa gəlib. Yəni bu gün yükün, əmtəənin A nöqtəsindən B nöqtəsinə çatdırılması, şübhəsiz ki, dövriyyəsiz olmaz. Bu baxımdan, Azərbaycanın da burda maraqları var. Ancaq Ermənistan gələcəyini görmək istəyirlərsə mütləq şəkildə Azərbaycanla xoş qonşuluq siyasəti yürütməli, sülh müqaviləsi imzalamalıdır. Bundan sonra onların iqtidiyyatında bir dirçəliş, inkişaf modelini görmək mümkün olacaq. Hər şey bununla bağlıdır”-deyə F.İbrahimov əlavə etdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
baki-xeber.com

1Mənbələr