Azərbaycanda ilk teatr, ilk qəzet, ilk opera, ilk bədii film – bunlar hamısı mədəniyyətimizin tarixi anlarıdır, bizi sivil dünyaya yaxınlaşdırır. Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşflərindən biridir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir, həmçinin hisləri, arzuları izah etmək üçün ən yaxşı vasitədir. Kinonun digər üstünlüyü əyaniliyində, yəni, inandırma gücünə və təsirə malik olmasındadır. Azərbaycan kinosunun tarixinə nəzər salanda ekran sənətimizin bunu nə dərəcədə gerçəkləşdirə bildiyinin şahidi oluruq.Müasir dövrümüzün populyar incəsənət növü hesab edilən kino tamaşaçını məkan və zamandan keçirərək gah gələcəyə, gah da keçmişə aparır. Kinonun vəzifəsi yalnız əyləncədən ibarət deyil, o, hər şeydən əvvəl, xalqa xidmət etməlidir. Buna görə kino insanların mənəviyyatını zənginləşdirməyə yönəldilməlidir.Bu gün milli kinomuzun 126 yaşı tamam olur. Azərbaycan kinosu xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində mühüm rol oynayıb. Milli kino sənətimizin bu cəhətlərini yüksək qiymətləndirən Ümummilli Lider deyirdi: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur… Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formada olub. 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi ilk film – “Balaxanıda neft fontanı” Bakıda nümayiş etdirilmişdi.Sovet Azərbaycanının ilk filmiSovet Azərbaycanının ilk kinolenti 1923-cü ildə çəkilən “Qız qalası” filmidir. Film o dövrdə çoxlu tənqidlərə məruz qalıb. Həmin dövrdə yalnız “Bakinski raboçi” qəzeti filmə belə münasibət bildirmişdi: “Qız qalası” filminin çəkilişi kino sənətinin ilk inkişaf dövrü üçün səciyyəvidir və Sovet Azərbaycanının birinci tammetrajlı bədii filmidir”.İlk detektiv filmimiz1924-cü ildə lentə alınmış “Əvəz-əvəzə” filmi Azərbaycanın ilk detektiv filmidir. Film Qafqaz dağlarında xarici kəşfiyyatın fitnə-fəsadlarından danışır. Ekran əsərində sovet çekistlərinin mübarizəsi ön plana çəkilib. Bəzi epizodlar Kislovodskda lentə alınıb.Məkan korluğu çəkməyən ilk filmimizAzərbaycan kinosu tarixində ilk böyük ekspedisiya çəkilişi 1927-ci ilin sonlarında lentə alınmağa başlayan “Hacı Qara” filmidir. Bu filmin çəkilişlərində bir neçə məkandan istifadə edilib. Film Ağdamın Muradbəyli, Şuşanın Xəlfəlidərə və Daşaltı kəndlərində, Suxumidə lentə alınıb. 1928-ci ildə Bakı kinofabrikinin yeni istifadəyə verilmiş kinopavilyonunda kütləvi səhnələr, mürəkkəb çəkiliş manerası tələb edən bazar, dükan epizodları lentə alınıb.Sonuncu səssiz film“İsmət” filmi Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Əsər M.Mikayılovun rejissorluğu ilə 30-cu illərdə ekranlaşdırılıb. O illərdə Azərbaycan qadınının taleyindən həyəcanla, eyni zamanda, iftixar hissi ilə danışan film təkcə sənət əsəri kimi deyil, həm də həyati fakt kimi əhəmiyyət kəsb edir.İncəsənətimizin hamisi…Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına qayğı daha da artmışdı. Həmin dövrdən başlayaraq Azərbaycan kinematoqrafiyasının imkanları genişlənmiş və bu sahədə ciddi nailiyyətlər əldə edilmişdi. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı həmin illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdı.1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu özünün intibah dövrünü yaşayıb. Bu illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları dəyərli filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli özünüdərk duyğularının oyadılmasındam mühüm rol oynayıb. Bu filmlər məzmun və janr etibarilə kino sənətimizə yeniliklər gətirib və bu sevilən sənəti xalqa daha da yaxınlaşdırıb. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə çəkilib. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Sovet imperiyası dövründə bu, nə qədər çətin olsa da, Ulu Öndərin təşəbbüsü ilə milli kinomuzun qızıl fondu sayılan belə sənət nümunələri yaradılıb.Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il 19 avqust tarixində “Kinematoqrafiya haqqında” Qanun qəbul edildi. Bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradıldı.Bu gün Prezident İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Təsadüfi deyil ki, son illər Azərbaycan mədəniyyəti özünün yüksəliş dövrünü yaşayır. Ölkə başçısının kino sahəsinə qayğısı son illərdə bu sahədə canlanmaya səbəb olub. Dövlət başçısı ilk gündən respublikanın kino sənətini, bu sahədə çalışan incəsənət xadimlərini diqqət mərkəzində saxlayır.Sevindirici haldır ki, Azərbaycan kinosunda yaradıcılıq baxımdan filmlərin istehsalı artıb. Yerli filmlər kinoteatrlarda xarici filmlərlə uğurla rəqabət aparır. Telekanallarda isə yerli seriallar xarici serialları əvəzləyib. Tamaşaçıların milli kinoya marağı xeyli dərəcədə artıb. Bütün bunlar 125 yaşı olan Azərbaycan kinosunun sürətli tərəqqi dövrünü yaşadığını və qarşıda böyük inkişaf perspektivlərinin olduğunu təsdiqləyir.Ümumiyyətlə, 2023-cü il Azərbaycan kinosu üçün yubileylər baxımından əlamətdardır. Milli kinomuzun 126 illiyindən başqa, “Azərbaycanfilm” Kinostudiyasının 100, Azərbaycan Kinematoqrafçılar İttifaqının 60, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının isə 11 yaşı tamamlanır.Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır. Bir sözlə, Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutub və sevilən sənət sahəsinə çevrilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Bizim kinonun tarixi və əldə etdiyi nailiyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq”. Milli Kino günümüz mübarək!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta