Ermənistan konstitusiyasında dəyişiklik edəcəyi təqdirdə Türkiyə ilə münasibətləri yeni mərhələyə qədəm qoyacaq
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Regionda 4 ildir ki, davam edən və özünün məntiqi nəticəsinə yaxınlaşan proses bu gün yeni iqtisadi-siyasi nizamı ortaya çıxarır - bu isə Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması üçün həm də bir əsasa çevrilir. Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir. Bəli, sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz evinin inşası üçün səy göstərir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur. O baxımdan ki, bölgənin əsas siyasi-iqtisadi oyunçuları açıq əşkildə gələcək şəkillənmənin məhz sülhə bağlı olduğunu bildirir - xüsusilə, Ermənistana münasibətdə bölgə dövlətlərinin mövqeyinin Azərbaycanla münasibətlərin normallaşmasına əsaslandığını vurğulayırlar.
Sülh prosesinə paralel Ankara-İrəvan danışıqları...
İrəvan isə Azərbaycanla imzalayacağı sülhə daha həssas yanaşmalıdır - çünki bu sənəd həm də Ermənistanın Türkiyə ilə münasibətlərinin yeni müstəvidə inkişafına imkan yaradacaq. Bəlli olduğu kimi, Azərbaycanla aparılan sülh danışıqları ilə paralel Ermənistan həm də Türkiyə ilə münasibətlərin normallaşmasına əsaslanan görüşlər keçirir. Bununla bağlı 2021-ci ilin sonunda həm Türkiyə, həm də Ermənistan qarşılıqlı olaraq danışıqlar aparması üçün xüsusi nümayəndə təyin edib - bu, Türkiyə tərəfdən diplomat Sərdar Kılıc, Ermənistan tərəfindən isə Ruben Rubinyana tapşırılıb. Bu günə qədər səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında beş görüş baş tutub. Birincisi görüş 2022-ci ilin yanvarın 14-də Moskvada, digər üçü isə həmin ilin fevralın 24-də, mayın 3-də və iyulun 1-də Avsriyanın paytaxtı Vyanada reallaşıb. Son görüş isə bir neçə gün öncə iki ölkənin ortaq sərhədində yerləşən Alican-Marqara sərhəd qapısında baş tutub. Tərəflər əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər. Münasibətlərin tam normallaşmasına aparan prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razılıq hər iki tərəfdən təsdiqlənib. Beləliklə, Ermənistan Azərbaycanla sülhə nail olacağı təqdirdə həm də Türkiyə ilə yeni münasibətlər quracaq - bu isə, İrəvan üçün olduqca mühüm siyasi-iqtisadi əhəmiyyət daşıyır.
Ankara da müəyyən ssenari hazırlayacaq
Qeyd edək ki, Ankara-İrəvan münasibətlərinin normallaşması, razılıqların əldə olunması prosesi Azərbaycanın mövqeyinin nəzərə alınması fonunda aparılır. Çünki Türkiyə birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini hər zaman açıqlayıb. İstər Türkiyənin keçmiş XİN rəhbəri Mövlud Çavuşoğlu, istərsə də hazırki nazir Hakan Fidan hər zaman bildirib ki, Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edilir. Türkiyə rəsmiləri xüsusi olaraq qeyd edirlər ki, Türkiyə ilə Ermənistan arasındakı danışıqların nəticəsi məhz Azərbaycanla bağlanan sülhdən asılıdır. Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” nəşrinə müsahibəsində bildirib ki, Azərbaycanla Ermənistan arasında görüşlər davam edir. O qeyd edib ki, münasibətlərin normallaşacağı təqdirdə Ankara da müəyyən ssenari hazırlayacaq: “Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənistanla sərhədi aça bilərik”.
Konstitusiya dəyişərsə...
Vurğulandığı kimi, Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm perspektiv yaradır. Bu, xüsusilə Ermənsitan üçün vacib şərtə çevrilir - hazırkı gərgin qlobal kataklizmlər dövründə Ermənistan özünü bölgəsəl inkişafdan məhrum etməklə intihara doğru yol almış olar. İndiki məqamda, Azərbaycanın sülh təşəbbüslərinə səmimi qarşılıq vermək, manipulyasiyaya əl atmamaq Ermənistan üçün həm yeganə, həm də ən effektiv çıxış yoludur. Çünki 2 ildən artıqdır ki, müzakirə edilən və fundamental mövzuları dəyişməsə də üzərində iş aparılan sülh şərtləri beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - burada yer alan müddəalar Ermənistanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şəraitin formalaşdırılması deməkdir. Eyni zamanda, bu amil Ermənistanın gələcəkdə dövlətçilik ənənəsinin yaranması üçün zəmindir - dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması Ermənistanın xilas yoludur. Ermənistanın Azərbaycan ilə sülh bağlaması, sərhədlərini müəyyənləşdirməsi rəsmi İrəvanın dövlət kimi tanınması üçün ilkin şərt rolunu oynayacaq. Təbii ki, sülhün ən birinci şərti Ermənistanın uzun illərdir ki, davam edən əsassız iddialardan geri çəkilməsidir - rəsmi şəkildə Konstitusiyasında dəyişiklik etməklə İrəvan sülhün daha da inişaf etdirilməsinə şərait yarada bilər. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı bildirmişdi ki, sülh sazişini yekunlaşdırmaq üçün yeganə maneəni aradan qaldırmaq daha çox Ermənistanın bacarıq və istəyindən asılıdır. Bu maneə Ermənistanda konstitusion şəkildə təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır. O əlavə edib ki, sülh sazişinin mətninə baxdıqda öhdəsindən gəlinməyəcək başqa çətinlik görünmür: “Bu yaxınlarda da qeyd edildiyi kimi, sülh sazişinin mətninin əksər hissəsi artıq razılaşdırılıb və geri qalan hissələri də həll oluna biləndir. Lakin biz münaqişənin mövcud olan ən böyük səbəbinə göz yumaraq irəli gedə və sülh sazişini imzalaya bilmərik. Bu səbəb isə odur ki, Ermənistanın bizə qarşı ərazi iddiaları var idi və bu iddialar konstitusiya hüququna əsasən hələ də aktualdır. Bu məsələ nə qədər tez həll olunsa, biz sonuncu mərhələyə o qədər tez yaxınlaşacağıq”.
Bu çatışmazlıq aradan qaldırılmalıdır
Söhbət ondan gedir ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Türkiyəyə qarşı iddialara gəldikdə isə, bu ölkənin gerbində yer alan yersiz iddia ilə yanaşı, konstitusiyada 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır. Eyni zamanda, bu sənəddə Ermənistanın 1918-ci ildə qurulan Ermənistan dövləti ilə əlaqəsinə də toxunulmur. Yəni, Ermənistan bölgədə özünü suveren və müstəqil dövlət kimi sübut etmək, qonşuları ilə normal münasibət yaratmaq, bölgənin bir parçasına çevrilmək istəyirsə, əsas sənədindəki bu çatışmazlıqları aradan qaldırmalıdır.
P.İSMAYILOV