AZ

Dünyanın əsas siyasi gündəmi: yeni müharibə olacaqmı?

Yaxın Şərq çalxalanır...

Yaxın Şərqdəki gərgin vəziyyət davam edir. HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsi və İsrailin Livanın paytaxtı Beyrutu bombalaması dünyanın əsas siyasi gündəminə çevrilib. Qeyd edək ki, İsmayıl Haniyə avqustun 30-da yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılmaq üçün İrana səfər etmişdi. O, gecə saatlarında evində raket hücumu nəticəsində öldürülüb.

Öldürülən 5-ci lider...

Qeyd edək ki, İsmayıl Haniyə ötən dövr ərzində öldürülən 5-ci Həmas lideridir. 1996-cı ilin yanvarında Qəzzanın Beyt Lahiya ərazisində Həmasın hərbi lideri Yəhya Ayyaş öldürülub. 2004-cü ilin yanvarında HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri Beyrutda İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində həyatını itirib. Həmin ilin martında HƏMAS-ın ruhani lideri Şeyx Amhid Yasin, aprelində isə Yasinin varisi və HƏMAS-ın həmtəsisçisi Əbdüləziz ər-Rantisi İsrail helikopterinin Qəzza şəhərinə raket hücumu nəticəsində həlak olub. İsmayıl Haniyə öldürülən sayca 5-si HƏMAS rəhbəri idi.

Kabinet üzvlərinə danışmaq yasaq olundu...

İsrail baş nazirliyi kabinet üzvlərindən Tehranda İsmayıl Haniyənin öldürülməsinə qiymət verməməyi xahiş edib. Xarici mətbuatın yazdığına görə, HƏMAS və İran İnqilab Keşikçiləri Haniyənin ölümü ilə nəticələnən hücumun arxasında İsrailin olduğunu açıqlasa da, rəsmi Təl-Əviv bununla bağlı hər hansı bir fikir bildirməyib və susqunluğunu davam etdirir. İsrail mediasında yer alan xəbərlərdə, Baş nazir Benyamin Netanyahunun ofisi kabinet üzvlərindən Haniyənin öldürülməsini qiymətləndirməkdən çəkinmələrini xahiş edib.

İDF qiymətləndirmə aparır...

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri isə Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra verdiyi açıqlamada İsrail silahlı qüvvələrinin vəziyyətin qiymətləndirilməsini apardığını deyib. O bildirib ki, qəbul olunacaq qərarlarla bağlı ictimaiyyətə məlumat veriləcək: “Müdafiə” siyasətində heç bir dəyişiklik yoxdur. Hazırda İDF vəziyyətin qiymətləndirilməsini aparır. Hər hansı bir fərqli qərar alınacağı təqdirdə dərhal İDF və Daxili Qoşunların Komandanlığı platformalarında ictimaiyyəti məlumatlandıracağıq”.

İrandan kəskin reaksiya...

Məsələyə İranın reaksiyası daha kəskinliyi ilə seçilir. İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyəni Tehranda qətlə yetirən işğalçı terrorçuları alçaq hərəkətlərindən peşman edəcək. Pezeşkian, X sosial media hesabında verdiyi açıqlamada bildirib ki, İran Qüds şəhidi İsmayıl Haniyənin vəfatı üçün yas tutur. Hücumun İranın ərazi bütövlüyünü də hədəf aldığını bildirən İran prezidenti vurğulayıb: “İran öz ərazi bütövlüyü, ləyaqət və şərəfini müdafiə edəcək və işğalçı terrorçuları alçaq hərəkətlərindən peşman edəcək”.

İranın ali dini lideri Əli Xamenei də İsmayıl Haniyənin məhz Tehranda öldürülməsinə görə özlərini məsuliyyətli saydıqlarını, bu səbəbdən də Haniyənin qisasını almağı özlərinə borc bildiklərini deyib. Xamenei HƏMAS lideri Haniyənin Tehranda öldürülməsi ilə bağlı yaydığı yazılı açıqlamada bildirib ki, dəyərli qonağı evimizdə şəhid etməklə bizi kədərləndirdilər: “Eyni zamanda, özlərinə ağır bir cəza hazırladılar”.

Haniyənin öldürülməsi ilə bağlı başsağlığı verən Xamenei İran torpağında şəhid olan Haniyənin qanının qisasını almağı özümüzə borc bilirik deyib. Qeyd edək ki, İranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar 3 günlük matəm elan edilib. Fələstin prezidenti Mahmud Abbas da  İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar ölkəsində bir günlük matəm elan etdiyi bildirilib.

Müsəlman ölkələri etiraz edir - İƏT-in iclası çağırılıb ...

Bir sıra müsəlman ölkələrinin məsələ ilə bağlı reaksiyaları da fərqlənməyib. Belə ki, Suriya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Haniyənin öldürülməsi səhv hərəkət olaraq qiymətləndirilib. Qətər Xarici İşlər Nazirliyinin Haniyə sui-qəsdi ilə bağlı yaydığı açıqlamada da sui-qəsdin bölgəni xaosa sürükləyəcəyi və sülh şansını sarsıdacağı bildirilib. Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında isə qeyd olunur ki, İslamabad səbəb və təzahürlərindən asılı olmayaraq terrorizmin bütün formalarını, o cümlədən qanunsuz qətlləri pisləyir.

İordaniya da HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsini ən sərt ifadələrlə pisləyib və hücumu bölgədə gərginliyin və xaosun artmasına səbəb olacaq cinayət adlandırıb. İordaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd edilib ki, İordaniya İsrailin HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni öldürməsini ən kəskin şəkildə pisləyir.

Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada isə İsrailin son günlərdə təhlükəli gərginliyi artıran siyasəti pislənilib. Bəyanatda bu təhlükəli eskalasiyanın bölgədə ciddi təhlükələrə yol açacaq münaqişələrə səbəb ola biləcəyi xəbərdarlığı edilib və sui-qəsd siyasətlərinin və ölkələrin suverenliyinin pozulmasının regional münaqişələrə səbəb ola biləcəyinə diqqət çatdırılıb.

Bəyanatda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) və beynəlxalq fəal güclərdən üzərinə düşən öhdəliklər çərçivəsində Yaxın Şərqdə bu gərginliyin nəzarətdən çıxmadan qarşısının alınması çağırışı edilib: “Qəzzada atəşkəs yaratmaq əvəzinə regional gərginliyi daha da artması vəziyyəti daha da mürəkkəbləşdirməklə yanaşı, İsraildə atəşkəslə bağlı iradənin yoxluğunu göstərir. Bu gərginlik Misir də daxil olmaqla bəzi ölkələrin Qəzza zolağında müharibəni dayandırmaq istiqamətindəki fəaliyyətinə də zərbə vurur”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bageri ilə telefonla danışıb. Tərəflər HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini müzakirə edib. İran rəsmisi bu addımın regional təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradacağını bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb. Ə.Bageri həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysəl bin Fərhan ilə də telefonla danışıb. Tərəflər İƏT XİN rəhbərlərinin təcili toplantısının çağırılması barədə müzakirələr aparıblar.

Rusiya pisləyib: Qəbulolunmaz siyasi qətl

Rusiya xarici işlər nazirinin müavini, prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinin siyasi qətl olduğunu və bölgədə gərginliyin artmasına səbəb olacağını bildirib. Boqdanov Rusiyanın RİA xəbər agentliyinə açıqlamasında vəziyyətin çox pis, gərgin olduğunu vurğulayıb: “Bu, qətiyyən qəbuledilməz bir siyasi sui-qəsddir və gərginliyin daha da artmasına səbəb olacaq”.

Təl-Əviv: Bütün situasiyalara hazırıq

İsrail isə həm Haniyənin ölümünün, həm də Beyrutun bombalanmasının ardından hazırlıqlara başlayıb. Ölkənin müdafiə naziri Yoav Qallant bütün situasiyalara hazır olduqlarını bildirib. Qalant “Arrow-3” adlı hava hücumundan müdafiə sistemi batareyasının yerləşdiyi bölgəyə baş çəkərək İsrail əsgərləri ilə görüşüb. Nazir buradakı çıxışında müharibə istəmədiklərini bildirərək. Bununla yanaşı hər şeyə hazırlıqlı olmanın gərəkdiyini vurğulayıb.

ABŞ müdafiə naziri Lloyd Ostin ilə aparılan telefon danışığı haqda məlumat verən Qallant bildirib ki, İsrail dövləti hazırda girovların azad edilməsi üçün platforma axtarışındadır. Təl-Əvivin bu telefon danışığı ilə bağlı açıqlamasında bildirilir ki, Qallant Beyrutda Hizbullahın yüksək səviyyəli komandiri Fuad Şükrün öldürülməsi ilə bağlı əməliyyatın məlumatlarını öz həmkarı ilə paylaşıb. Qallant əməliyyatı Məcdəl Şəms qəsəbəsində “12 uşağın öldürülməsinə birbaşa cavab” kimi qiymətləndirib. Qallant vurğulayıb ki, İsrail müharibə istəmir, lakin İsrail ordusu öz vətəndaşlarını müdafiə etməyə və Hizbullahın istənilən hücumuna cavab verməyə hazırdır.

ABŞ-a qarşı ittihamlar...

Bu arada Əl-Cəzirənin əməkdaşı Aleks Qatopoulos Haniyənin yerinin müəyyənləşdirilməsi və sui-qəsdin həyata keçirilməsində istifadə edilən kəşfiyyat hərəkətlərində ABŞ-ın yardımının olmasını iddia edib. ABŞ-ın bu cür kəşfiyyat məlumatlarını toplamaq üçün imkanının olduğunu xatırladan Qatopulos bildirib ki, Haniyənin hansı vasitələrlə ölməsinin əhəmiyyəti yoxdur, çünki bu vasitələri yönləndirilməsinə və idarə edilməsinə kəşfiyyat rəhbərlik edib.

ABŞ Dövlət katibi Antoni Blinken isə İranda Həmas-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Qəzzada atəşkəsin “vacib” olduğunu deyib. Blinken Haniyənin öldürülməsindən əvvəlcədən xəbərdar olmadıqlarını və bu məsələdə ABŞ-ın iştirakının olmadığını bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə İsrailə hücum ediləcəyi təqdirdə ABŞ-ın ona yardım göstərəcəyini bildirib. Filippinə səfəri zamanı media mənsubları ilə görüşdə danışan Ostin ABŞ-ın İsrailə dəstəyi ilə bağlı mesajlar verib: “Mən müharibənin qaçılmaz olduğunu düşünmürəm. Ancaq İsrailə hücum edilərsə, əlbəttə ki, İsrailin müdafiəsinə kömək edəcəyik”.

Netanyahu xalqına müraciət etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Haniyənin öldürülməsindən sonra xalqa müraciət edib. Netanyahu deyib ki, İsrail İranın üç əsas müvəkkilinə - Husilərə, Həmas-a və Hizbullaha sarsıdıcı zərbələr vurub. Müraciətində Haniyənin öldürülməsi ilə bağlı detallara toxunmayan Netanayhu Beyruta təşkil edilən hücumda İsrail tərəfindən öldürülən Hizbullah lideri Həsən Nəsrullahın baş məsləhətçilərindən Fuad Şükrün Məcdəl Şəmsə hücumla bağlı birbaşa məsuliyyət daşıdığını deyib. Şükrlə hesablaşdıqlarını ifadə edən Netanyahu “bizə zərər verən hər kəslə hesablaşacağıq. Uşaqlarımızı hədəfə alan, vətəndaşlarımızı öldürən, ölkəmizə zərər verən hər kəslə”, -deyə vurğulayıb. Beyruta hücumdan sonra İsrailə qarşı təhdidlərin artdığını ifadə edən Netanyahu hər cür ssenariyə hazır olduqlarını diqqətə çatdırıb. Müharibənin uzanma ehtimalı qarşısında israillilərə güclü olmalarının gərəkdiyini deyən Netanyahu artıq bir müddətdir ki, müharibəni bitirmək üçün daxildən və xaricdən təzyiqlərin edildiyini bildirib: “O zaman da bu səslərə boyun əymədim, indi də əymirəm. İsrail təzyiqlərə boyun əysəydi, HƏMAS-la mübarizə apara bilməzdi. Son aylarda əldə edilən bütün uğurların kökündə daxildəki böyük təzyiqlər qarşısında təslim olmamamız və cəsarətli qərarlar verməmiz dayanır. Bu heç də asan deyildi”.

BMT TŞ-da parçalanma

BMT TŞ İranın tələbi və Rusiya, Çin və Əlcəzairin dəstəyi ilə fövqəladə iclas keçirib. İclasda tərəflər gərginliyi azaltmağa çağırılıb. ABŞ ortaq vəzifənin gərginliyi azaltmaq olduğunu və bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyini bildirib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud çıxışında Beyrutun bombalamasında Vaşinqtonun iştirak etmədiyini diqqətə çatdırıb. İranın BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etməli olduğunu bildirən Vud BMT TŞ-nın İranın regional sülh və təhlükəsizliyi təhdid edən davranışlarına qarşı əlavə tədbirləri nəzərdən keçirməli olduğunu deyib.

Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord da zorakılığın artmasının heç kimin xeyrinə olmadığını vurğulayıb. Vudvord bomba və silahla uzunmüddətli sülhün əldə edilməsinin mümkünsüzlüyünü diqqətə çatdırıb. İranın dəstəklədiyi husilərin İsrailə hücumlarının davam etdiyini söyləyən Vudvord İranı günahlandırıb və buna son qoyulmasına çağırış edib. O bildirib ki, İngiltərənin İsrailin təhlükəsizliyinə sadiqliyi sarsılmazdır: “İsrail özünümüdafiə hüququna malikdir”. Böyük Britaniya sülhə gedən yolun diplomatik inkişaflardan keçdiyini vurğulayıb. Son həftələrdə müşahidə olunan hücumlara diqqət çəkən Britaniya rəsmiləri İranın regionda sabitliyi pozmaq üçün atdığı addımlarla bağlı danışıb. Yaponiya nümayəndəsi bildirib ki, Tokio bu hadisələri böyük narahatlıqla diqqətlə izləyir: “Regionun müharibə astanasında olduğunu müşahidə edirik. Düşünürük ki, diplomatik səylərlə bunun qarşısını almaq lazımdır. Biz Qəzzada atəşkəs çağırışımızı bəyan edirik”.

BMT TŞ-dakı İran nümayəndəsi isə Əlcəzair və Çinə bu toplantının çağırılması üçün etdikləri müraciətə görə təşəkkür edib. Haniyənin öldürülməsi ilə nəticələnən hücumu terror aktı adlandıran iranlı nümayəndə bunu, artıq bir müddətdir ki, davam edən teraktların növbəti nümunəsi hesab etdiyini deyib: “Bu terror aktı İsrailin uzun müddətdir apardığı terror aktlarının növbəti nümunəsidir. İsrail bu hərəkəti ilə bölgədə sabitliyi və sülhü hədəfə alıb. Bu hücum etibar və sülh problemini ortaya qoydu. Bu cinayət təkbaşına baş verməyib. İsrailin himayədarı olan ABŞ-ı da nəzərdən qaçırmaq olmaz. BMT TŞ bu cür çirkin cinayətlərə səssiz qalmamalıdır”.

Fələstin tərəfi isə görüşün Rusiyanın TŞ sədrliyinin son gününə təsadüf etdiyini bildirib. O qeyd edib ki, Qəzzada müharibənin başlamasından 300 gün keçir: “Təhlükəsizlik Şurasının qərarlarına, atəşkəs çağırışlarına baxmayaraq İsrail hücumlarını davam etdirir. İsrail mülki vətəndaşların ən əsas ehtiyaclarını da inkar edir. Biz Haniyənin öldürülməsini qınayırıq”.

Vurğulandığı kimi, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri Haniyənin öldürülməsini pisləsə də, ABŞ və Böyük Britaniya baş verənlərdə İranı günahlandırıb. Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq Haniyənin öldürülməsini qətiyyətlə pisləyib və bunun BMT Nizamnaməsinin əsas prinsiplərini pozduğunu bildirib: “Çin bu hadisənin bölgədə yarada biləcəyi qarışıqlıqdan dərin narahatdır”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski də Haniyənin öldürülməsini qətiyyətlə pislədiklərini bildirib. Bu hadisənin Qəzzadakı atəşkəs danışıqlarına böyük zərbə vurduğuna diqqət çəkən Polyanski İranı regional münaqişəyə cəlb etmək səylərinin onsuz da qaynama nöqtəsində olan bölgədə sabitliyi daha da pozacağına işarə edib. Polyanski Yaxın Şərqdə yüksək rütbəli siyasi və hərbi xadimlərin öldürülməsinin bölgəni müharibə həddinə çatdırdığını ifadə edərək, gərginliyin azaldılmasının hər zamankındən daha vacib olduğunu vurğulayıb. Dmitri Polyanski hərtərəfli regional müharibənin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.

Beyrut və Tehranda baş verənlərin ardından Birləşmiş Millətlər Təşkilatının baş katibi Quterreş tərəfləri və beynəlxalq ictimaiyyəti bütün Yaxın Şərqi müharibəyə sürükləyən fəaliyyətlərdən çəkinməyə çağırıb.

Aİ-dən çağırış...

İranda Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə Avropa İttifaqı da münasibət bildirib. Aİ sözçüsü Peter Stano açıqlamasında Yaxın Şərqdəki tərəfləri təmkinli olmağa çağırıb və müharibənin fayda gətirməyəcəyini söyləyib: “Bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, vəziyyəti daha da gərginləşdirməkdən qaçınmağa çağırırıq. Heç bir ölkə və heç bir xalq Yaxın Şərqdə yeni münaqişədən faydalanmayacaq”.

HƏMAS-ın hərbi qanadının lideri də öldürüldü...

İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında daha bir HƏMAS liderinin öldürülməsi ilə bağlı məlumat yer alıb. Bildirilir ki, İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri iyulun 13-də Xan Yunis bölgəsinə endirdiyi zərbələrdən sonra aparılan kəşfiyyat qiymətləndirilməsi nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deifin öldürüldüyü təsdiqlənib.

Məlumata görə, daha əvvəl yeddi sui-qəsd cəhdindən sağ çıxan Məhəmməd Deif Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin Əl-Məvasi bölgəsinə endirilən zərbə nəticəsində həlak olub. Onun köməkçisi, HƏMAS briqadası komandiri Rafa Salameh də öldürülüb.  Xatırladaq ki, Məhəmməd Deif HƏMAS-ın hərbi qanadının komandiri olmaqla yanaşı, təşkilatın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumunun təşkilatçısı olub.

S.İSMAYILZADƏ

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr