AZ

Ceyk O’Brayen 19,5 milyon avroya “Everton”da!

Fransanın “Olimpik” (Lion) klubunun irland mərkəz müdafiəçisi Ceyk O’Brayen bundan sonra “Everton”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Keçid “qənnadçılar”a 19,5 milyon avro məbləğində başa gəlib. İrland futbolçu “Everton”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

“Mən “Everton”la müqavilə imzaladığım üçün şadam. Mən Premyer Liqaya, belə tarixi kluba müvafiq keçidi arzulayırdım. Bu, mənim üçün çox həyəcanlı bir keçiddir.

“Everton” zəngin tarixə malik və qarşısında böyük gələcək olan nəhəng klubdur. Transfer pəncərəsi açılanda mənimlə başqa klublar maraqlanırdı, ancaq mən yalnız birinə – “Everton”a keçmək istəyirdim. Onlar mənə etimad göstərdilər, buna görə də bunun meydanda qarşılığını göstərmək növbəsi məndədir”, deyə O’Brayen “Everton”a keçidini şərh edib.

Ceyk O’Brayen futbola “Kork Siti”də qədəm qoyub və böyük futbolda da “üsyançılar ordusu”nun heyətində debüt edib. Ceyk O’Brayen karyerası ərzində “Kristal Pelas”, “Suindon Taun”, “RVD Molenbek” və Lion “Olimpik”ində çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə O’Brayen “Olimpik”in heyətində bütün yarışlarda 32 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Ceyk O’Brayen 2024-cü ilin iyununda debüt etdiyi İrlandiya yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ceyk O’Brayenin qənimətlər muzeyində “RVD Molenbek”lə qazandığı Belçika 2-ci liqa çempionluğu var.

“Transfermarkt” internet-portalı 23 irland mərkəz müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
arena.az

1Mənbələr