AZ

"Ermənistanın probleminin açarı bölgədədir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"İndiki şəraitdə sülh sazişinin bağlanması qeyri-mümkündür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, çünki burada Ermənistan sözün əsl mənasında təhlükəli, ikibaşlı oyun oynayır: "Digər tərəfdən də görürük ki, ABŞ başda olmaqla Qərb koalisiyası Ermənistanı öz yolundan azdırır. Son aylar ərzində görürdük ki, Ermənistan sadəcə praqmatikliyə üstünlük verir. Çalışır ki, rəsmi Bakının səsini, sözünü dinləsin. İndi görürük ki, buna mane olan qüvvələr var. İlk növbədə bu Vaşinqtonla Parisdir. Eləcə də Brüssel də bu proseslərdə yaxından iştirak edir. Elə düşünürəm ki, Brüssel formatının dirçəlməsinə ABŞ birmənalı mane olacaq. Çünki ABŞ-ın istəyi ondan ibarətdir ki, Orta dəhlizin fəaliyyətinə mane olsun. Kortəbii şəkildə Azərbaycanla Ermənistanı sülh müqaviləsini imzalamağa sövq etsin. Həmin dəhlizin də açarlarını əlinə keçirsin. İnanmıram ki, burada rəsmi Bakı Amerikanın istəyilə avtomatik olaraq razılaşsın. Çünki biz Amerika ilə tərəf müqabili deyilik. Biz Ermənistanla tərəf müqabiliyik. Ermənistana deyirik ki, ikili formatda üz-üzə danışaq. Əgər bunu bacarmırlarsa, onda tələsməsinlər. Biz, onsuz da, heç yerə tələsmirik. Çünki bütün strateji məsələləri həll etmişik".

Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Ermənistanın silahlı qüvvələrinin qalıqlarından, töküntüsündən artıq ölkənin ərazisini təmizləyib: "Əgər Ermənistan istəyirsə ki, bundan sonra dinc həyat sürsün, gərək rəsmi Bakıya diqqətlə yanaşsın. Amerika, Yunanıstan, Hindistanın sözü ilə oturub-duracaqsa, Ermənistan heç vaxt nicat yoluna çıxa bilməyəcək. Bu, mümkünsüzdür. Çünki Ermənistanın probleminin açarı bölgədədir. O, çox uzaqlara baş vurur. Okeanın digər tərəfinə, Avropanın ortasına, mərkəzinə və sair müraciət edir. Bu, çıxış yolu deyil. Elə başa düşürəm ki, Ermənistanın başı bundan sonra da daşa dəyəcək. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşadan may ayının 9-10-u xəbərdarlıqlarını, mesajlarını ötürdü. Dedi ki, əgər qırmızı xətti keçsəniz biz daha sizi xəbərdar etməyəcəyik. Bu, elə xəbərdarlıqdır. Amerika, Hindistan, Yunanıstan, və sair hansı köməkləri verirlər, versinlər.

Avropa İttifaqında, guya, sülh fondu adını daşıyan təsisat var. 10 milyon avro verir ki, Ermənistan silah-sursat alsın. Bu hansı sülh təsisatıdır ki, pul xərcləyir, Ermənistan vuruşsun, revanşizmə qapılsın. Odur ki, bu proseslər hamısı sülh prosesinə mane olur. Azərbaycan bunların hamısını yaxından izləyir və heç bir təsadüflərə yol verməyəcək. Bizim hazırlığımız yüksək səviyyədədir. Biz heç kimə Ermənistandan fərqli olaraq güvənmirik. Ancaq özümüzə güvənirik. Bu işdə də son söz bizim olacaq".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
sia.az

2Mənbələr