AZ

®Natəvan Axundova: Qohum evliliklərinə qoyulan qadağa həyatla uzlaşmayan xəstəliklərin qarşısını ala bilər

®Natəvan

Bakı, 2 avqust, AZƏRTAC

Cinsi yetişkənlik dövründə olan qız uşaqlarında yaranan problemlər gələcəkdə ciddi ginekoloji patologiyalara yol aça bilər.

Hamiləlik təbii prosesdir. Bəzən hamiləlikdən öncə qadın orqanizmində olan xəstəliklər və ya hamiləliyin səbəb olduğu problemlər müxtəlif risklər yaradır. Araşdırmalara görə, qadınların qarşılaşdığı sağlamlıq problemlərinin çoxu onların ginekoloji xəstəliklərə etinasızlıqları ilə bağlıdır. Azərbaycan Tibb Universitetinin 1-ci Mamalıq-Ginekologiya kafedrasının dosenti, tibb elmləri doktoru, ginekoloq-endokrinoloq Natəvan Axundova dövrümüzün ən aktual problemlərindən olan sonsuzluq, qadınların həmiləlik dövründə və ondan əvvəl etdikləri səhvlər, ən çox rast gəlinən ginekoloji xəstəliklərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

-Natəvan xanım, ölkəmizdə qadınların ən çox əziyyət çəkdiyi ginekoloji problemlər hansılardır?

-Ginekoloji patologiyalar çoxdur. Əvvəla bilmək lazımdır ki, qadın orqanizmi çox mürəkkəb və həssasdır. Əksər ginekoloji xəstəliklər ilkin mərhələlərdə simptomsuz keçdiyindən qadınlar yalnız ciddi problemlər ortaya çıxdığı zaman həkimə müraciət edirlər. Cinsiyyət orqanlarının iltihabi xəstəlikləri ginekoloji xəstəliklər içərisində daha çox rast gəlinənlərdəndir və buna xüsusi diqqət yetirmək lazımdır. Çünki iltihabi xəstəliklər sonsuzluğun, menstrual tsiklin və cinsi funksiyanın pozulmasının əsas səbəblərindən hesab edilir. Ginekoloji xəstələr arasında cinsi yolla keçən infeksiyalara da yoluxanlar az deyil. Təəssüflə qeyd etmək istərdim ki, bu gün xüsusilə gənclər arasında maarifləndirmə işinin zəif aparılması cinsi yolla yayılan xəstəliklərin sayını artırır. Nikahdan əvvəl nəinki cinsi yolla yoluxan infeksiyaların bəzilərinin, eləcə də talassemiyanın yoxlanılmasında məqsəd irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların doğulmasının qarşısını almaqdır. Hər bir ailə həm mənəvi, həm də bioloji baxımdan sağlam təməl üzərində qurulmalıdır. İrsi qan xəstəliklərinin daşıyıcıları praktik olaraq tam sağlam insanlar hesab olunurlar. Lakin ailə quran cütlüklərdən hər ikisi daşıyıcı olarsa, bu zaman dünyaya gələn uşaqlar xəstə və ya sağlam, ancaq xəstə genin daşıyıcısı ola bilərlər. Təəssüf ki, qohum evlilikləri də bu xəstəliklərin üzə çıxmasına təkan verir. Bu baxımdan da qohum evliliyinə qoyulan qadağa bir mütəxəssis kimi məni çox sevindirir. Mən bir ginekoloq-endokrinoloq kimi qohum nikahların ağır fəsadlarını yaşayan pasiyentlərlə ünsiyyətdə oluram və deyə bilərəm ki, bu yalnız tibbi deyil, həm də sosial bəladır. Qohum nikahlarına qoyulan qadağa alqışlanmalıdır. Bu qərar həyatla uzlaşmayan xəstəliklərin azalmasına gətirib çıxarda bilər.

-Ginekoloq-endokrinoloqa əsasən hansı şikayətlərlə müraciət edirlər?

-Müraciətlər arasında menstrual tsiklin pozulması, tüklənmə, sonsuzluqla bağlı şikayətlər üstünlük təşkil edir. Həmçinin uğursuz hamiləliklərdən sonra da müraciət edənlər çox olur. Qeyd etmək istərdim ki, sonsuzluğun strukturunda endokrin mənşəli sonsuzluq böyük yer tutur. Bəzən orqanizmdə hansısa hormonun gizli çatışmazlığı, subklinik disfunksiya da sonsuzluq yarada bilər. Söhbət müxtəlif endokrin xəstəliklər fonunda yaranan sonsuzluqdan gedirsə, belə problemlərlə müraciət edən xəstələrin sayı çox olsa da, uğurlu nəticələrimiz də kifayət qədərdir. Xüsusilə vurğulamaq istərdim ki, artıq illərdir apardığımız maarifləndirmə işləri də öz bəhrəsini verib. İnsanlar başa düşüblər ki, cinsi yetişkənlik dövrünün problemli keçməsi qadınların sonrakı reproduktiv fəaliyyətinə təsir göstərir. Cinsi yetişkənlik dövründə ikincili cinsi əlamətlərin formalaşması, final böyümə, gələcək reproduktiv orqanların formalaşması prosesi gedir. Odur ki, bu dövrdə qadınların, xüsusilə qız uşaqlarının müayinə olunması çox vacibdir. Pasiyentlərim arasında cinsi inkişafın olmaması, ləngiməsi və ya inkişafın tezləşməsi halları ilə üzləşənlər də var. Bu xəstələr doğru müalicə almadıqda, sonradan menstrual tsiklin pozulması, sonsuzluq kimi problemlərlə üz-üzə qalırlar. Unutmayaq ki, sonsuzluq bir xəstəlik deyil. Hansısa xəstəliyin nəticəsidir. Çox təəssüf ki, bəzən həkimlərimiz sonsuzluğun kökündə dayanan səbəbləri araşdırmadan - ayrıca bir xəstəlik kimi müalicə etməyə çalışırlar.

-Natəvan xanım, son dövrlərdə qadınların kabusuna çevrilən uşaqlıq boynu xərçəngi riskini kimlər daşıyır?

-Dünyada uşaqlıq boynu xərçəngi süd vəzisi xərçəngindən sonra qadın cinsiyyət orqanlarının onkoloji xəstəlikləri içərisində ikinci yerdə dayanır. Lakin sevindirici haldır ki, son illərdə aparılan rutin, skrininq müayinələr Pap -test, HPV genotiplərinin aşkar edilməsi uşaqlıq boynu xərçənginin də vaxtında aşkar edilərək, qarşısının alınmasına doğru atılmış bir addımdır. Hansı qadınlar yüksək risk qrupuna daxildirlər? Birdən çox cinsi partnyoru olan, siqaret çəkən, spirtli içki qəbul edən, erkən yaşda cinsi əlaqəyə girən, cinsi yolla yoluxan infeksiyalara - xüsusilə IPV (insan papilloması virusu, papillomavirus, HPV) virusuna - yoluxmuş, irsiyyətində cinsi orqanlarının xərçəng xəstəlikləri olan və sair qadınlar. Təzə protokola əsasən 30 yaşa qədər olan qadınların hər üç ildən bir PAP-test müayinəsindən keçməsi tövsiyə olunur. 30 yaşdan 65 yaşa qədər olan qadınlar isə hər beş ildən bir paralel olaraq PAP-test və İnsan papilloması virusu (HPV) skrininqlərindən keçməlidirlər. Həm klassik analiz, həm də maye sitologiya bərabər diaqnostik effektivliyə malikdir. Bu üsulların hər ikisi praktikada geniş istifadə edilir. Pap-test bizi tamamilə xərçəngdən sığortalayırmı? 60% halda bəli. Lakin virus bəzən dərin qatları zədələdiyinə görə PAP yaxmalarda çıxmaya bilər. Kolposkopiya isə xüsusi göstərişlər əsasında aparılır. Müalicədə alqoritmə riayət etmək müalicənin effektivliyini artırır. Bu mərhələdə səhvə yol vermək olmaz. Bu ardıcıllıq bizə düzgün diaqnoz qoymağa, doğru müayinə və müalicə aparmağa kömək edəcək.

-Qız uşaqlarının cinsi yetişkənlik dövründə ana nələrə diqqət yetirməlidir?

- Qız uşaqları mütləq qaydada vaxtında müayinə olunmalıdırlar. Qeyd etdiyimiz kimi, cinsi yetişkənlik dövründə olan qız uşaqlarında yaranan problemlər gələcəkdə ciddi ginekoloji patologiyalara yol aça bilər. Əgər bu gün ana bu problemləri görüb zamanında mütəxəssisə müraciət edirsə, bu qəbahətli hal deyil, əksinə ananın övladına olan məhəbbətinin, onun sağlamlığına olan hörmətinin göstəricisidir. Çünki cinsi yetişkənlik dövründə olan həmin qız uşağının sabah ana olub-olmayacağı ananın bugünkü addımından asılıdır. Çox yaxşı olar ki, qızlarımız hamiləlik öncəsi hazırlıq proqramından da keçsinlər. Bu, hamiləlik müddətində mənfi təsirə səbəb olan xəstəliklərin istisna olunması üçün vacibdir. Qadın hamiləlikdən əvvəl hansı laborator analizləri verməlidir, hansı müayinələrdən keçməlidir, hansı vitaminləri qəbul etməlidir? Əgər problemlər zamanında aşkarlanmırsa, gələcəkdə xəstə uşaq dünyaya gətirmək riski də yüksək olur. Təəssüf ki, bu gün xarici cinsiyyət orqanlarının qüsurları ilə - yalançı kişi və qadın hermafroditizim formaları ilə doğulan uşaqlar da var. Bu zaman valideynlər zamanında mütəxəssisə müraciət etmir, uşaq cinsi yetişkənlik dövrünə çatdıqda isə çıxılmaz vəziyyətdə qalırlar. Bu patologiyaları hansısa doğuş aparan həkim və ya terapevt aşkarlaya bilməz. Bunu zaman yalnız mütəxəssisdən məsləhət almaq lazımdır. Burada məsuliyyət valideynlərin və xəstəni düzgün istiqamətləndirməyən həkimin üzərinə düşür.

-Ekstrakorporal mayalanma xəstə uşaq dünyaya gətirmək riskini aradan qaldırırmı?

-Əksər insanlar düşünürlər ki, ekstrakorporal mayalanma yolu ilə mütləq sağlam uşaq dünyaya gəlməlidir. Bu yaxınlarda bizə boru-peritoneal faktorlu və şiddətli astenozoospermiya səbəbindən 8 il sonsuzluqdan əziyyət çəkən ailə müraciət etdi. Lazımi müayinələrdən keçdikdən sonra ailəni ekstrakorporal mayalanmaya göndərdik. Hamiləliyin 12-ci həftəsində ikili tarama testi zamanı göstəricilərdə şübhəli dəyişiklik olduğu üçün xəstə kariotip müayinəyə yönləndirildi və Daun sindromlu uşaq dünyaya gətirmə ehtimalı olduğu aşkarlandı. Valideynlərin hər ikisinin də xrosomu normal olsa da, patologiya aşkarlandı. Bu bir təsadüf ola bilər. Yəni görürsünüzmü ekstrakorporal mayalanma bu riski azaltmadı. Aparılan tədqiqatlar da təsdiq edir ki, istər ekstrakorporal mayalanma zamanı, istərsə də təbii yolla hamilə qaldıqda xəstə uşaq dünyaya gətirmək tezliyi eynidir. Baxırıq ki, atada, anada patologiyalar var və növbəti hamiləliklərdə də qüsurlu uşaqlar doğula bilər, bu zaman ekstrakorporal mayalanmaya üz tuturuq. Bəs ekstrakorporal mayalanma bizə hansı üstünlük qazandırır? Xromosom patologiyalı olan embrionlar kənarlaşdırılır və yalnız sağlam embrionlar toplanılır, PGD aparılır. Gen patologiyalarında, rezus konfliktin, hətta molekulyar səviyyədə olan xəstəliklərin aşkarlamasında isə NGS tətbiq olunur. Tutaq ki, saglam embrionları seçdik, bunlar tutacaqmı? Böyük ehtimalla yalnız 35-40% halda. Orqanizmin özünün reaktivliyindən çox şey asılıdır.

-Oxucularımıza nə demək istərdiniz?

-Əvvəla hər birinə can sağlığı arzu edirəm. İstər həkim seçimində, istərsə də müayinələrə müraciətdə heç vaxt yanlışlıqlara yol verməsinlər. Hər zaman düzgün mövqe tutsunlar. Profilaktik məqsədlə müayinələrə getmək heç də qəbahət deyil. Bu sağlamlığımızın əsasını təşkil edir.

-Müsahibə üçün təşəkkür edirik.

Həkimlə əlaqə: (050)331-31-16 / (050) 562-48-86

https://www.instagram.com/ginekoloq_axundova_natavan/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
46
azertag.az

10Mənbələr