AZ

MUSA YAQUB ŞEİRLƏRİNDƏ TƏBİƏTİN KONSEPSİYASI

 ...Təbiət həmişə insanlar üçün böyük sirr və maraq mənbəyi olub.

Antik yunan fəlsəfəsinin başlanğıcındakı filosoflar da bu mənada “təbiət filosofları” adlanırlar. Təbiətdə gedən proseslər fəlsəfi münasibətləri ortaya qoyduğu kimi, ədəbiyyatın da daimi mövzusuna çevrilmişdir.

Xalq şairi Musa Yaqub şeirlərində təbiət ünsürlərini kainatın yaradılışını və təbiət hadisələri vasitəsilə həyati prosesini təsvir edərkən istifadə edir. Şair bir müsahibəsində deyir: “Allahdan çox razıyam, mənə təbiətin gözəlliyini, sirlərini görməyi qismət edib.”

Təbiətin bir fəlsəfəsi, bir sirri vardır və insan da daxil olmaqla hər şey o fəlsəfənin, o sirrin içində əriyir. M. Yaqub bu fəlsəfəni öyrənib mənimsəyir və bir alim kimi bütün yaradıcılığında “tədqiq və təhlil edir”, əsərlərinin uğuru isə öyrəndiyi təbiət fəlsəfəsindən yaradıcılığında bəhrələnə bilməsidir.  

Geydim libasını, gördüm barını, Atımı xəzana sürdüm bu payız. Ömrümün saralmış yarpaqlarını Gözümlə çox aydın gördüm bu payız.

Ovcuma da baxdım, bir xəzələ də, Damarlar, cizgilər nə qədər oxşar. Bizdən ayrı deyil bircə gilə də, Ovcumun içində bir payız yaşar.

Xiromantiya elminin öyrəndiyi ovuc içindəki tale, ömür, ürək və s. xətlərini şair payızda saralan yarpaqdakı xətlərlə müqayisə edir, onlarda oxşarlıq tapır, ağac yarpağını insanın ovuc içi ilə poetik bir şəkildə obrazlaşdırır. 

Təbii ki, bu məqalənin mövzusu “Təbiət dialektikası” və buna təsir edən amillər deyil. Məqsəd şairin içindəki təbiəti və təbiətdəki şairi göstərmək səyidir.

Nədir, üfüqlərə qar düşüb elə, Bir cuna göylərdən asılıb qalıb. Girib ünsiyyətə qaranlıq ilə, Dərələr ucalıb, zirvə alçalıb. Kahalar ətrafa qaranlıq ələr, Dağlar çox qəribə olur gecələr.

Bircə qarışlıqda zülməti qırıb, Bir şırım qar tutub qar yarğanını, Sanki çadrasını ildırım cırıb, Pambığı çıxıbdı daş yorğanının.

…Ən dərin yuxudur, dərindən dərin, Torpağın ən nəhəng kölgəsi yatır. Vəhşi qartalların, dağkəlilərin Qayalı-qapçaqlı ölkəsi yatır.

 

Təkcə “Dağlar çox qəribə olur gecələr” şeirinə görə M.Yaqubu “təbiət filosofu” adlandırsaq şişirtmiş olmarıq. Çünki təbiət burada şair üçün də bədii-poetik düşüncənin təsir sahəsidir. Təbiət insanları özündə birləşdirən bütövlükdür. Bu mövzuda şair Yusif Nəğməkarın bir şeirini xatırlamaq yerinə düşər.

Arxa arxayadır silsilə dağlar

Üstünə gürşadlar tökülsün, nə qəm

Zirvələr buludu başına bağlar,

Bir daşı tərpənməz titrəsə aləm.

 

Budaqlar hörülər biri birinə,

Hölləşən kəllərin buynuzu kimi.

Mat qalıb dağların bu hünərinə,

Mələr təbiət də bir quzu kimi.

 

Dağları əbədi yaşadan belə,

O dağın bu dağa kömək əlidir.

Əl-ələ verməyi - birliyi hələ,

İnsanlar dağlardan öyrənməlidir. (Y.Nəğməkar)

musa-yaqub-1

M.Yaqub dağların başındakı dumanı göylərdən asılan cunaya bənzədir, Y.Nəğməkar isə bu görüntünü zirvələrin buludu başına bağlaması kimi təsvir edir. Hər iki şairin eyni təbiət mənzərəsini oxşar poetik təsvirlərlə təqdim etməsi diqqətçəkicidir. Və hər iki şairin gəldiyi qənaət, ilahi fəhm kağıza bükülən həqiqətlərdir. Bu həqiqətlərdən bir daha yəqin edirik ki, insanların təbiətə istədiyini edə bilən bir usta kimi yanaşması böyük səhvdir. Əksinə, insanlar təbiətə tabedirlər və ancaq ondan öyrənməklə faydalana bilərlər. Tərsini düşünənlərin dünyanın bilinməyəndən kənarda bilinən bir quruluşa malik olması fikri ilə formalaşan müasir rasional dünyagörüşünü təbiətə tətbiq etmək doğru deyil. İnsan birmənalı olaraq qəbul etməlidir ki, təbiətin mərkəzində insan yoxdur, təbiətin mərkəzində təbiətin öz qanunları, münasibətləri var və bu münasibətlərdə sadəcə tərəfin biri insandır.

1977-cı ildə ictimai-siyasi məzmunda yazdığı “Bu dünyanın qara daşı göyərməz” şeirində sosialist poeziyasından uzaqda öz iç dünyasının səsini dinləyib, oxucuya da dinlədən şair bədbin halını ifadə edir. Cəsarətli şair bu şeirini həm də Sosialist İnqilabının ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə səsləndirir. İnsan duyğularına təsir edən bu bədbinliyi Arazın o tayındakı durğunluğa bağlayır, şair bu əhval-ruhiyyəsini təbiətdəki neqativ hallarla əlaqələndirərək maraqlı təşbehlər yaradır.

Ot göyərdib o cığırım, o izim,

Tufanlanıb çalxalanmaz dənizim,

Daha məndən sevgi umma, əzizim,

Bu dünyanın qara daşı göyərməz.

 

Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm,

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz...

İnsan-təbiət mübarizəsində insanları “məsum” kimi görmək və təqdim etmək şairə doğru gəlmir. M. Yaqubun təbiətindəki saflıq, təmizlik, təvazökarlıq, dinclik, hətta narahatlıq da yəqin ki, elə ana təbiətdən gəlirdi.

Bir allah taxtıdır o quzey, güney, Burda təbiətin işi nə düzdü. Qəzəb deyilən şey, qəsd deyilən şey, Yoxdu bu dünyada, əfsanə sözdü.

deyərkən, şairin nəzərində təbiət hətta vəhşiliyi ilə də insandan daha təmiz və günahsızdır, çünki təbiətdə yalan, aldatma, qəsd Şair “Yamanlıq eyləyib ceyranı ağlat, Timsahın yaşını silənə kimi.” misraları ilə namərd, riyakar, nadan insanların olduğuna, ürəyiyumuşaq və ya cahil insanların da istər-istəməz onlara uymasına diqqət çəkir.

Bundan əlavə, şair ədəbiyyatımızda və milli ənənəmizdə insanlar kimi təbiətdəki qeyri-insan varlıqlarının da bir xarakter daşıdığını (timsah göz yaşları) xatırladır ki, şeirdəki digər elementlər də bu mənada rəmz kimi işlənir. Başqa bir şeirində də oxşar fikirlərini şeirə gətirir. İnsanların arasında bir parçası olduqları təbiətə zidd gedənlərin də olduğunu qeyd edir və bunu zamanla əlaqələndirir. 

Zəmilərim, xırmanlarım sovrulub,

Təndə canım, saçda dənim qovrulub,

Xəzəl altda gül otlarım qıvrılıb,

Bundan sonra nə olacaq, olacaq.

 

Mən dərdimi pıçıldadım dağlara,

Dağlar alıb payladı oymaqlara.

Dövrüm verdi haqqımı nahaqlara,

Bundan sonra nə olacaq, olacaq.

Məhz burada şairin təbiətə baxışına təsir edən amilləri – içində olduğu dövrün poeziya və təbiət anlayışını və şairin ideologiyasını özəlliklə diqqətdə saxlamaq gərəkdir. Bu iki amil M. Yaqub poeziyasının əsasını təşkil edir. Bu iki amili düzgün dərk etsək, şair-təbiət münasibətinə tam o nöqtədən baxar, Müsa Yaqub sözünün və şeirinin təbiətlə, tarixlə və xüsusilə şairin əqidəsilə əlaqəli olduğunu bir daha yəqinləşdirmiş olarıq.

Bu baxımdan M.Yaqubun yaradıcılığına bələd olanlar bir məsələdə həmfikirdirlər: Təbiət, onu oxusun deyə yaradıb Musa Yaqubu!

IX əsrdə yaşamış sufi Bəyazid Bəstami buyururdu: “Allah insanı sevdiyi zaman ona üç sifət verir: dəniz kimi səxavət, günəş kimi hərarət, torpaq kimi təvazökarlıq.” Bildiyimiz kimi, bədii ədəbiyyatda dəniz səxavətlə, günəş hərarətlə (istiqanlılıqla), yer isə təvazökarlıqla eyniləşdirilir.

M.Yaqub özü də təbiət kimi səxavətli və təvazökar idi. Bu fikiri Xalq şairi Zəlimxan Yaqub Musa Yaqub haqqında yazdığı “Bənzətmə” şeirində bir daha təsdiqləyir.

Qardaşıma bir bənzətmə tapmışam, Musa Yaqub dağ kəlinə bənzəyir. Başı zirvə, döşü yamac, özü dağ, Şeiriyyətin heykəlinə bənzəyir.

…Bir çiçəkdi, təravətin dilidi, Halallıqdı, ləyaqətin dilidi. Danışdığı təbiətin dilidi, Süleymanın quş dilinə bənzəyir.

 

Acı deyil şan-şöhrətin, ad-sanın, Dalğasıdır söz adlanan dəryanın, Bir gözütox balasıdı Şirvanın, Öz yurduna, öz elinə bənzəyir.

Bəlkə də şairin əsasən təbiət qoynunda yaşamasından irəli gəlir ki, hər daşla, hər bulaqla, hər ağacla öz dilində danışmağı bacarır.

M.Yaqubun şeirləri İsmayıllının dərələrindən keçib dərinləşir, Buynuz kəndindəki həyətindən keçən dəyirman arxının gur axarında yuyulub söz-söz, heca-heca arınır. Şair insanlardan çox təbiətə sarılır, təbiətin dogma qoynunda sözün əsl mənasında yaşayır.

..Könül, hər ömürdən sən xəbərdar ol, O palıd babamdır, bu şiv yaşıdım. Ağacım, yamacım, Göy meşəm, sağ ol, Burda bir anımı bir il yaşadım. ...Laləm, yolum üstə bir də çıraq ol, Bu çıraqlı döşdə qoy şehə batım. Ümidlə yaşayan bənövşəm, sağ ol, Bir az ömür sürüb xeyli yaşadım.

M.Yaqub “insan təbiətin bir parçasıdır” həqiqətinə həmişə sadiq qalmışdır, onun şeirlərində insan təbiətləşir, təbiət insanlaşır. Yəni, insanı təbiətdən ayırmır, onun şeirlərində insan bütün halları ilə görünür. Şair şeirlərindəki obyektə fərli və müxtəlif mənalar verir – həyatı cəmiyyətlə, təbiəti insanla əlaqələndirir.

Payızın hökmüylə əsdi bir külək,

Bir yaşıl səltənət çovğuna düşdü.

Ağaclar bir yaş da qocaldı demək,

Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,

Qazancı nə oldu bağın, bağçanın…

Bir yarpaq boy atdı körpə bir uşaq,

Ömründən bir yarpaq düşdü qocanın...

(Bu şeirdə çox dərin mənalar, mətləblər yatır. Şeirin gücü imkan verir ki, bir neçə yöndən təhlil olunsun. Mən bu şeirdə Xocalı faciəsinin bəii-poetik təsvirini görürəm.)

Göründüyü kimi, M. Yaqub təbiətdən cəmiyyətə boylanır və eyni dərəcədə də dönüb cəmiyyətdən təbiətə baxır. Təbiəti göstərib insana səslənir, zamandan, həyatdan, insandan narahatlığını təbiətin köməyi ilə ifadə edir. 

“Yaşıdlarım… Yaşıllarım…” şeirində özünə (insana) ağacların timsalında baxır.

Çoxdan bu cığırla qalxmamışdım heç, Çoxdan Canalıya güzar eyləyib, Yaşıl sərgisində baxmamışdım heç. Salam, a tək qanad qoca göyrüşüm, Qoy bu ağaclarla bir-bir görüşüm; Solanım, qalanım, a yaşıllırım, Salam, a dostlarım, a yaşıdlarım, Yaşa dolmusuz ki, əməlli-başlı… Yaxşıca köhnəmi, təzəmi gördüm, Mən sizi görəndə özümü gördüm. Ömrün budaq-budaq nərdivanında Bir də ayaq-ayaq izimi gördüm.

Yaqub təbiət haqqında ehtirassız yaza bilmir, çünki ona gözəllik tablosu kimi baxır. Onun təbiətə vurğunluğu ən çox dogma yurdunun təbiətinə həsr etdiyi şeirlərdə görünür. Şairin baxışında ətraf mühit, canlıların həyatları boyu münasibətlərini və qarşılıqlı təsirlərini qoruduğu mühitdir. Onların içində olduqları mühitə verilən addır. Təbii mühit dedikdə təbiət hadisələri nəticəsində formalaşmış və günümüzə qədər gəlib çatmış, insanlar tərəfindən deyil, özbaşına yaranmış mühit nəzərdə tutulur. Təbiət mühiti – meşə, dağ, dəniz, çay, göl, torpaq, düzənlik, səhra və s. təbii mühiti təşkil edən elementlər sırasındadır. M.Yaqub bu elementlər­dən ən çox ağacı tərənnüm edib. Hətta ağaclara olan bağlılığını soruşanda deyir ki, “Ağaclara olan sevgimə görə bəlkə Allah mənə əlimdəki çəliyi mükafat verdi.”

Səmada quşların uçmaması, yarpaqların küləklə hərəkət etməməsi, dənizin hərəkətdə olmaması təbiətin axınına ziddir. Yaşadığı yurdun dağlarına gələn dumanla xəyalında dəniz yaradan şair xəyalının gözəlliyini misralara köçürür.

Dağlara dəniz gəlib

Dağların arasında

Dəniz olub ağ duman,

Dağlara dəniz gəlib

Baxıram heyran-heyran.

Hər səmadan bir taya,

Hər buluddan bir əlçim,

Hər dəryadan bir içim

Yığılıb dəniz olub.

Dağların arasında

Sıxılıb dəniz olub.

Bu şeirdə sözlər sanki adilikdən çıxır, bədii-poetik hüsn və təmtəraq qazanır, ifadə tərzindəki axıcılıq, təbiilik misralara naxış vurur. Şair həmişə olduğu kimi bu şeirdə də təbii mühit elementlərindən istifadə edir və bu vəziyyəti özünün əhval-ruhiyyəsi ilə uzlaşdırır.

Yaqub hər şeirində təbiətə güzar edib, şüuraltında özünə müraciət edir, təbiətə, insana, dosta, sevdiklərinə və nəhayət qələmə deyəcəyin nə varsa de, - deyir, vaxtın gözləmədiyini xatırladır. Qədim yunan filosofu Efesli Heraklitin “Çayda eyni suda iki dəfə yuyuna bilməzsən, üzərindən axan sular yeni sulardır.” fikrini yada salır. Şair bir şeirdə həm ümidini, həm də ümidsizliyini anladır.

Dayanıb beləcə payıza baxdım. Baxıram… Payızın nəyi olacaq?- Ələnən ələyi, solan çiçəyi… …Tapdayır adamlar, keçir adamlar, Hə, bax, o gedəndi, o da gələndi… İki cavan baxır biri-birinə Bir də belə baxa bilməyəcəklər, …Orda bitməyəcək o solan çiçək, Torpaq o xəzəli ayıltmayacaq. Düzdür, hələ min-min payız gələcək, Amma heç bu payız qayıtmayacaq.

Təbiətin Müsa Yaqubunda olduğu kimi, Musa Yaqubun təbiətində də əsasən iki rəng var: yaşıl və sarı. Şairin yaradıcılığında payız ayrıca bir qoldur ki, bu mövzu daha çox şeirlərini əhatə edir.

Yay da son bahardan gülümü dərdi, İndi payızı da qış tələsdirir. Birinci nəfəsim budaq əyərdi, İkinci nəfəsim yarpaq əsdirir.

Və ya:

…Yarpaq daldasında, qabıq altında,      Ömür qırışların, vallah, görünür. …Ay Cökəm, bəzənib-düzənmə belə.

..Sən yarpağa güc ver, mən də ki, dilə.

Yazıçı Mirzə İbrahimov şair haqqında yazırdı ki: “Onun yarpaqları muğamat üstündə ötür. Musa Yaqubun şeirlərində düşünən və düşündürən təbiət, yaşayan və yaşadan insan, sevən və sevilən bir qəlbin çırpıntıları var.”

M.Yaqubu digər şairlərdən fərqləndirən onun İlahi eşqdən, qadından, sevgidən yox, təbiətdən ilhamlanmasıdır, onun şeirlərinin obrazları ağacdır, çiçəkdir, çaydır, dağdır, quşdur, poetik ruhu isə insandır, onun mənəvi dünyasıdır. 

Bir yorğun torpağam dincə qoyulmuş, Daha əkilməyim, biçilməyim yox. Köhnə qarağacam içi oyulmuş, Bir də körpülənib keçilməyim yox.

Və ya: “Çiçəkdə tələsən, barda gecikən, Zoğal ağacıyam, zoğal ağacı”. Bu şeirlərdə şair özünü ömrünü başa vurmaqda olan qarağaca, vaxtına düşməyən zoğal ağacına bənzədir. Oxucuya elə gəlir ki, şair o ağaclara hardasa “Kitabi-Dədə Qorqud”dan boylanır:

Ağac, ağac! Dersəm, sana, ərlənmə ağac!

Məkkə ilə Mədinənin qapısı ağac!

Musa Kəlimün əsası ağac!..

… Məni sana asarlar, götürməgil ağac!

Bu məqamda türkçü şair Rüstəm Behrudinin payızda solan ağacı insan ömrü ilə müqayisə etdiyi “Dərd öldürmür adamı” şeirindən də iki misra yada düşür. “Bu payız gecəsi çılpaq ağacam, Bu payız gecəsi ölən bir budaq.”

Şairin “Vətən məhəbbəti” fərqlidir, o, vətənimi sevirəm, ona canım fəda demir, sadəcə olaraq əqidəsini poetik sözə çevirir:

Bəlkə də borcundan çıxmadım, Vətən!

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki, mən,

Çürüyüm, bir ovuc torpağın artsın.

Şair demək istəyir ki, vətəni sevmək üçün nəyinə gözləmək lazım deyil, insan ömrü bahar deyil ki, hər il yenidən gəlsin, ömrün hər anı həyatda iz qoymaq üçün, yaşadığın, üstündə gəzdiyin torpağın dəyərini bilmək üçün verilən fürsətdir.

Bu məqamda filosof-şair Nəsiminin bir beytini xatırlamaq yerinə düşər. Nəsimi bahariyyələrindən birində deyir:

Bahar oldu, gəl, ey dilbər, təmaşə qıl bu gülzarə, Buraxdı qönçələr pərdə, bəşarət bülbüli-zarə.

Burada Nəsiminin müraciət etdiyi “dilbər” sevgili deyil, eynilə Musa Yaqubun Nəsiminin vətən həsrətini tərənnüm etdiyi poemadakı “Şirvan alverçisi”dir. (“Şirvan alverçisi və Nəsimi”) Yəni, onun həmsöhbətidir. Nəsimi baharda üzə çıxan gülzarın tamaşasına dəvət edir, qönçələrin pərdəsini – örtüynü atıb, açılıb saçıldığını ağlayan bülbülə müjdə verin, - deyir. M. Yaqub “Şirvan alverçisi”nə Nəsiminin dilindən vətəni Şirvanı – kükrəyib çağlayan Girdiman çayı, Şamaxı dağlarını soruşur, vətən çiçəyinin həsrətini çəkdiyini bəyan edir.

Vətəndən danış bir,

              Vətəndən danış,

Sən özgə sözləri gətirmə dilə. 

Sən Allah o yerdən ayrıldığın gün

Girdiman kükrəyib çağlayırdımı?

Ürəyim darıxır burda qar üçün

Şamaxı dağları indi qardımı?

Könlüm ümidini niyə kəsibdir?!

Dağlar tanıyarmı məni görüncə?

Bir vətən çiçəyi görsəm bəsimdir

Görüm bitir necə, açılır necə.”

Yaqubun tərənnümündə vətən də təbiət qədər incə, xəfif bir poeziyadır. Şair qürbətdəkilərin yaşadığı nisgili, həsrəti, düşüncələrindəki təbəddülatların bütün xarici və daxili cizgilərini oxucuya Nəsiminin dili ilə açır.

.. Sizdən el-obanı soruşmuram, yox,

Vətəndədirlərsə, nə dərdləri var,

Həsrətsiz yaşarlar, qəmsiz yaşarlar.

…Ah ipəyim mənim,

Çiçəyim mənim.

Qeyd edək ki, Azərbaycan şeiri zaman-zaman tarixi forma, məzmun və üslub dəyişimi mərhələləri keçib. M. Yaqub da üslub baxımından poeziyamıza yenilik gətirən şairdir. Onun bir çox şeirində olduğu kimi, bu poemasında da sadə xalq dili və belə demək mümkünsə “vabi-sabi” üslübu (Vabi-sabi yaponlara xas olan estetik dünyagörüşünün xarakteristikasıdır. Vabi - iddiasız olan sadəlik, sabi isə orijinallıq və təbiilik kimi ifadə olunur. Ümumilikdə rahatlıq və təbii uyğunluq anlamındadır.) ilə yazdığı bu poema vətən və təbiət sevgisi aşılamaqla bərabər, eyni zamanda böyük tərbiyəvi əhəmiyyətə malikdir. Həmçinin:

Çiçəyi saralıb, yarpağı solsa, Quru torpağından alaq ətrini. Qürbətdə vətənçin yanar kim olsa, Vətənin vətəndə bilək qədrini.

Yaxud:

Göyərçinlər uçdu getdi, Göyərçinlə uçmaq olmur. Təyyarədən qanadımız olsa belə Uçmaq olmur. Vətən adlı, torpaq adlı Bir sevginin sərhədini Keçmək olmur, aşmaq olmur.

kimi şeirləri sosial vəziyyətlə razılaşmayan və ya siyasi əqidəsinə görə özünü boşluqda hiss edənlərin, ölkəni tərk etmək fikrinə düşənlərin bəhrələnəcəyi, həmçinin, onların övladlarının milli-mənəvi dəyərlər sevgisini artıracaq əsərlərdir.

Həmçinin tələskənlik ucbatından həyatında çox çətinliklə rastlaşan gənclərə öyüd-nəsihət olacaq “Tələsən bənövşə bilsən nə çəkdi, Yaz onun hayına gələnə kimi.” və s. misraları şəxsiyyətin formalaşması və mənəvi cəhətdən zənginləşməsi üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan qeyd olunan poemanın və şairin bu məzmunlu digər şeirlərinin dərsliklərə salınması məqsədəuyğun olar.

M.Yaqubun təbiət şeirlərinin təhlilini əlbəttə ki, bir məqaləyə sığdırmaq mümkün deyil. Biz sadəcə respublikada 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə bağlı dövlət tədbirlərinin həyata keçirilməsində iştirak etmək məqsədilə AR Təhsil İnstitutun “Fəaliyyət planı”na salınmış mövzulardan birində “yaşıl dünya”nı M.Yaqub poeziyasında az da olsa əks etdirməyə çalışdıq.

 Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru,

AR Təhsil İnstitutunun Elmi Katibliyinin aparıcı elmi işçisi

adile-1

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
tezadlar.az

1Mənbələr