AZ

Yeni mərkəz yaradıb sərnişinləri yollarda qoydular

Bir neçə gündür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Koroğlu" metrostansiyasının ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıb.

Bir sıra marşrut xətti, o cümlədən, Sabunçu rayonu Ramana qəsəbəsindən “Koroğlu” metrostansiyasına hərəkət edən 204 nömrəli avtobus Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən metronun piramida çıxışına köçürülüb. 

Bu isə hər gün sərnişinlərin yola sərf etdikləri vaxtın 20 dəqiqəyə qədər uzanması deməkdir. Avtobus “Qara Qarayev” metrostansiyasının yaxınlığında dövrə vuraraq “Koroğlu” stansiyasına tərəf yönəlir. Hələ avtobusdan düşəndən sonra da metroya bir qədər məsafə var. Metroda aşağı doğru hərəkət edən eskalator işlək vəziyyətdə olmadığından, sərnişinlər məcbur qalıb uzun pilləkənləri piyada düşməli olurlar. Bu pilləkənlərin tikintisi zamanı isə əlilliyi olan şəxslər nəzərə alınmayıb. 

Məcbur qalıb digər çıxışa yollanmalı olan sərnişin bir az daha burada zaman itirirlər. Xəstə, qoca, hamilələr üçün bu pilləkənlər diskomfort yaradır. Maraqlısı budur ki, avtobusların bir hissəsi piramida çıxışına yönləndirilsə də, digər hissəsinə əvvəlki dayanacaqda – metronun şəhər tərəf çıxışında və ya Nəqliyyatın Mübadəli Mərkəzində dayanmasına məhdudiyyət qoyulmayıb. Sərnişinlər isə hər gün bununla bağlı olaraq sürücülərə şikayət etsələr də, sürücülər məsələnin onlara aidiyyəti olmadığını, daşıyıcı şirkətin və AYNA-nın bu cür göstəriş verdiyini bildirirlər. 

Sürücülərin sözlərinə görə, bu çıxışa yönləndirilmə zamanı heç bir səbəb göstərilməyib, həmçinin avtobuslarının bir qisminin bu, bir qisminin digər tərəfdə qalmasının da səbəbi bildirilməyib. 

Onların sözlərinə görə, AYNA-nın piramida çıxışı tərəfdə olan əməkdaşları sırf bu cür şiakyətlərə baxır və hansı avtobusların sərnişinləri tərəfindən çox şikayət olarsa, onların şikayəti əsasında avtobus digər çıxışa yönləndirilir. Nəzərə alsaq ki, indi yaydır, tətil dönəmidir, hələ ki, yollar çox da tıxaclı deyil. Lakin sentyabrdan etibarən yolu 20 dəqiqə uzanan sərnişini hansı atraksionlar gözləyir, indidən təsəvvür etmək o qədər də çətin deyil. 

Bu arada AYNA yaydığı məlumatda bildirib ki, yeni multimodal nəqliyyat mübadilə mərkəzinin yaradılmasında məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması, rahat gediş-gəlişinin təmin edilməsidir. Lakin Sabunçudan “Koroğlu” metrostansiyasına gəlmək üçün “Qarayev” metrostansiyasının yanından keçən sərnişinlər nə qədər rahat ola bilər, bu da sual doğurur, amma cavabını verməyə aidiyyəti qurum, yaxud şəxs tapılsa... 

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı 25 sentyabr 2019-cu ildə olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
cebheinfo.az

1Mənbələr