Cənab Prezidentin ölkədə turizmin inkişafına xüsusi diqqət ayırdığını, turizmin inkişafının dövlət prioritetləri sırasında olduğu vurğulayan iqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında qeyd etdi ki, turizm sektorunda rekreasiya zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir:
“Rekreasiya təbiət qoynunda istirahətdir. Turist gəzintiləri, eko-turizm, haykinq, müalicə turizmi, sağlamlığın, əmək qabiliyyətinin bərpa olunması... bunlar hamısı rekreasiyaya daxildir. Rekreasiya zonaları quruda da ola bilər, su hövzələrində, dağətəyi zonalarda, çay kənarında, bulaqlar olan yerlərdə, meşəlik ərazilərdə də. Belə yerlərdə istirahət mərkəzləri tikilir, məhz sağlamlıq və müalicə məqsədilə gələn turistlərin, yerli əhalinin istirahətlə bərabər müalicə alması üçün lazımi şərait yaradılır. Belə məkanlarda mütləq tibb mərkəzləri də olur. Müraciət edənlərin tibbi müayinədən keçirilməsi və uyğun proqram tərtib edilməsi təmin edilir. Turistlər parklarda, qoruq ərazilərində gəzir, istirahət edir, eyni zamanda idmanla məşğul olur, mərkəzin fəaliyyət istiqamətinə uyğun naharla təmin edilirlər. Rekreasiya meşələrində xüsusi yollar, cığırlar şəbəkəsi də planlaşdırılır”.
İqtisadçı bildirdi ki, vaxtilə, Ermənistan Silahlı Qüvvələrinin ərazilərimizi işğal etməsindən əvvəl Kəlbəcərdə, Şuşada sanatoriya-kurort zonaları olub:
“Hesab edirəm ki, Prezidentin imzaladığı sərəncam və fərmanlar işğaldan azad edilmiş ərazilərdə sanatoriya-kurort zonalarının yenidən formalaşması, fəaliyyətinin müasir tələblər çərçivəsində təşkili məqsədi daşıyır. Hamımıza məlumdur ki, Kəlbəcər, Şuşa, Laçında termal mineral su yataqları vardı, yerli əhali ilə yanaşı, o zamanlar SSRİ-nin digər respublikalarından, xarici ölkələrdən də müalicə almağa gəlirdilər. İndi də biz bu məkanların əvvəlki şöhrətini özünə qaytarmalıyıq. Bunun üçün şərait, imkanlar var və yaradılır. Müsbət olan həm də budur ki, yaradılacaq Rekreasiya Mərkəsi özünü maliyyələşdirə biləcək, dövlət əmlakından da istifadə edə biləcəklər”.
Törə Zeynallı
Demokrat.az