AZ

“Latsio” Xames Rodriqeslə müqavilə bağlamaq niyyətində deyil

“Latsio”nun idman direktoru Anjelo Fabiani “qartallar”ın kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqesə marağı haqda məlumatı cavablayıb.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssin bu barədə fikrini təqdim edir:

“Mən onu heç vaxt qəbul etməyəcəyəm. Səbəbini izah edim: Onun 33 yaşı var və son bir neçə ildə heç vaxt ildə 12-13 oyundan çox oynamayıb. Baxmayaraq ki, son Amerika Kubokunda kifayət qədər yaxşı çıxış edib.

Futbolçuya hörmətlə, həm yaş baxımından, həm də son illərdə oynadıqları dəqiqələr nöqteyi-nəzərindən, biz 360 dərəcə qiymətləndirmə aparmalıyıq”, deyə Fabiani Rodriqesin “Latsio”ya gərəksiz olduğunu başa düşməyə əsas verib.

Xatırladaq ki, daha əvvəl, Xames Rodriqes ABŞ-da keçirilmiş 2024-cü il Amerika Kubokunun ən yaxşı oyunçusu seçilib. Kolumbiyalı yarımmüdafiəçi yarışda meydana çıxıdığı 6 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib, komandasını finala qədər daşıyıb. Həlledici oyunda Kolumbiya yığması əlavə vaxtda Argentina yığmasına 0:1 hesabı ilə məğlub olaraq, gümüş medalla kifayətlənməli olub.

Ameika Kubokundan sonra Xames Rodriqes “San Paulo” ilə müqaviləsini birtərəfli qaydada xitam verərək, Avropa futboluna qayıtmağa iddialı olduğunu bildirib. Hazırda azad agent qismində olan Xames Rodriges təklifləri çeşidləməklə məşğuldur.

Xatırladaq ki, Xames Rodriqesin Braziliya klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Kolumbiyalı futbolçu “San Paulo”da 22 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi peşəkar karyerasına Kolumbiyanın “Enviqado” klubunda başlayıb. Daha sonra o, Argentinanın “Banfild”, Portuqaliyanın “Portu”, Fransanın “Monako”, İspaniyanın “Real”, Almaniyanın “Bayern”, İngiltərənin “Everton”, Qətərin “Əl Rayyan”, Yunanıstanın “Olimpiakos” klublarında da forma geyinib.

Xames Rodriqes 2011-ci ilin oktyabr ayında debüt etdiyi Kolumbiya yğmasında 106 oyuna çıxıb. O, bu oyunlarda 28 qola imza atıb, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
arena.az

1Mənbələr