AZ

İstedadlı skripka ifaçısı: Ən böyük arzum Şuşada solo konsert verməkdir

İstedadlı

On dörd yaşlı skripkaçının uğuru - 6 solo konsert, 14 beynəlxalq müsabiqədə birincilik

Bakı, 3 avqust, Gülay Nəzərova, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz beynəlxalq və respublika müsabiqələri laureatı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi, skripka ifaçısı Surə Rüfətdir.

On dörd yaşlı Surə hələ 4 yaşından skripka dərslərini professor, Əməkdar müəllim Fatimə İdyatulinadan alıb. Müəlliminin məsləhəti ilə sonrakı illərdə təhsilini Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında davam etdirir.

Surə beynəlxalq və respublika müsabiqələrində 14 dəfə birinciliyə layiq görülüb. O, azərbaycanlı bir gənc olaraq respublikamızı xaricdə təbliğ etməyin, tanıtmağın onun üçün ifadə olunmaz, gözəl bir hiss olduğunu söyləyib. O, Azərbaycanın dünya miqyasında musiqi mədəniyyətinin inkişafına böyük dəstək göstərildiyini bildirib, ölkə mədəniyyətinin geniş təbliğ olunması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlərin xüsusilə diqqətəlayiq olduğunu qeyd edib. Məhz respublikamızda musiqinin inkişafına göstərilən diqqət və qayğı gənc skripka ifaçısının bu sahəyə olan marağını daha da artırıb.

Kiçik yaşlarından bəri musiqiyə həvəs salan Surə üçün skripka dünyanın ən sevimli musiqi alətlərindən biridir. Seçdiyi yol ona həyatının hər gününü musiqi ilə məşğul olmağa imkan yaradır. Onun anası da musiqiçidir. Surənin sözlərinə görə, böyüdüyü mühit onun bu istiqamətə yönəlməsində böyük rol oynayıb: “Skripkanın mənə hiss etdirdiyi duyğuları sevirəm. Barmaqlarım skripkanın simlərinə toxunanda sanki sehrli bir dünyaya düşürəm. Deyə bilərəm ki, hər bir texnika musiqi əsərində özünəməxsus səsi yaradır. Müəllimin yaxşı olmasından asılı olmayaraq skripka mənimsənilməsi çox çətin olan alətlərdəndir”.

Öz dünyasını quran bir çox musiqiçilərdən ilham alan Surə bir çox dövlət əhəmiyyətli və xeyriyyə konsertlərində çıxış edir. O, 7 yaşında olarkən “Testene-Art” və “Ümid 2018” adlı beynəlxalq müsabiqələrdə birinci yerə layiq görülüb. Həmçinin dirijorlar-Xalq artisti Fəxrəddin Kərimov və Orxan Həşimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera Orkestri ilə konsert verib.

Gənc musiqiçi sadəcə ölkə daxilində deyil, eyni zamanda, xaricdə də bir çox müsabiqələrə qatılıb, uğur qazanıb. O, Gürcüstan, Belçika, Fransa, İtaliya, Türkiyə, İsveçrə, Rusiya, Almaniya və s. ölkələrdə Azərbaycanı layiqincə təmsil edib. “Gürcüstan və Azərbaycanın birgə layihəsi olan “Future stars” adlı IX Beynəlxalq müsabiqəsində I yeri, Brussel şəhərində skripka ifaçıları arasında keçirilən “Grumiaux” (keçmiş Bravo) adlı çox nüfuzlu beynəlxalq müsabiqədə II yeri qazanmışam. Həmçinin Fransada “Yeni Ulduzlar” (Nouvelles etoiles) adlı beynəlxalq müsabiqədə I yer və iki xüsusi mükafata layiq görülmüşəm. Bu mükafatların sayəsində Parisdə Novosibirskin “Bright bows” adlı Kamera Orkestri ilə çıxış etmək və orada keçirilən skripka ifaçıları üçün “Inter corder” adlı beynəlxalq müsabiqədə birbaşa finalda iştirak etmək hüququnu qazanmışam. Müsabiqələrdə iştirak etdiyim hər bir ölkədə Azərbaycanın mədəniyyətini təbliğ etmək mənim üçün çox qürurverici bir hissdir”.

O, I Beynəlxalq Caz müsabiqəsində, İslam ölkələri arasında keçirilən XI Beynəlxalq müsabiqədə, “Marine Laşville” adlı skripka ifaçıları üçün keçirilən nüfuzlu müsabiqədə, “Geneva Junior Music Competition” adlı beynəlxalq müsabiqədə də I yerə layiq görülüb. 2018 və 2019-cu illərdə ilin ən yaxşı skripka ifaçısı seçilib. Eyni zamanda, bu ilin may ayında Moskvanın “Qelikon-opera”nın səhnəsində Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsertdə dünyada tanınmış məşhur Azərbaycan və Rusiya musiqiçiləri ilə çıxış edib.

Skripka insanlara izdihamın arasından parıldamaq və nailiyyət mənasında həzz almaq şansı verir, çünki digər orkestr alətləri ilə müqayisədə solo ifalar üçün daha çox imkan yaradır. Belə ki, Surənin altı solo konserti olub. Onun ilk konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında “Əlvida 4-cü sinif” adı altında təqdim edilib. O bildirib ki, bu cür sevimli anın bir hissəsi olmaq onun üçün məmnunluq hissi yaradıb: “Sonrakı illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində “Səninləyik, Türkiyə!” adlı solo konsertim oldu. Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə “Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş solo konsertimlə çıxış etmək sevindirici idi. Konsertlərim sadəcə ölkə daxilində deyil, həm də xarici ölkələrdə də keçirilib. Belə ki, pianoçu, Prezident təqaüdçüsü Eldəniz Ələkbərzadə ilə birlikdə Parisdə “Association Dialogue France-Azerbaijan” adlı təşkilatın dəstəyi ilə 20 Yanvar faciəsinə həsr olunan solo konsertimiz olub. İyul ayında “Mənim ay işığım” adlı solo konsertimi təqdim etdim. Növbəti solo konsertimi isə Qarabağın gözəl guşələrindən biri olan Şuşa şəhərində keçirmək ən böyük arzumdur. İnanıram ki, bu istəyim tezliklə reallaşacaq. Bunun üçün öz üzərimdə ciddi şəkildə məşğul oluram”.

Surənin sözlərinə görə, bacarıqlı skripkaçı ifa edərkən, musiqiyə öz emosiyaları və təsvirini də əlavə etməli, əsərin ümumi ifadəliliyini gücləndirməlidir: “Çünki musiqi vasitəsilə duyğuları ifadə etmək insanı xoşbəxt edən özəlliklərdən biridir. Mən artıq bu hissi yaşayıram”.

Surə bir çox tanınmış skripka ifaçılarından ustad dərsləri alıb. Rusiya Federasiyasının Samara və Novokuybışevsk şəhərlərində keçirilən SSRİ Xalq Artisti Yuri Başmet adına XIV Uşaq Musiqi Akademiyasında seçim turunda uğur qazanıb. O, həmçinin Rusiyanın Əməkdar artisti, P.İ.Çaykovski adına Konservatoriyasının Violin Kafedrasının Professoru A.B.Trostyanskinin ustad dərslərində iştirak edib. Gənc istedad qatıldığı bu dərslərlə daimi özünü inkişaf etdirmək yolunda irəliləyir.

Bu gün Azərbaycanda yaradıcı gənclik dövlətimizin qayğısı ilə əhatə olunub. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətimizin dünyaya tanıdılmasında, uğurların qazanılmasında gənclərimizin rolu böyükdür. Dövlətimiz tərəfindən gənc istedadları aşkar etmək, onların inkişafına şərait yaratmaq, yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənclər kimi yetişmələri istiqamətində həyata keçirilən işlər təqdirəlayiqdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
azertag.az

2Mənbələr