AZ

Məryəm Şeyxəlizadəxangah Paris-2024-də 35-ci oldu

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında çıxış edən idmançımız 6-cı qrupda yer alıb.

5-ci zolaqda üzən Məryəm finişə 3-cü çatıb. O, məsafəni 27,76 saniyəyə qət edib.

İdmançımızın 79 iştirakçı arasında yekun mövqeyi bütün qruplar çıxış etdikdən sonra bilinib. 16 yaxşı nəticəyə malik üzgüçü yarımfinala adlayıb. Onların arasına düşə bilməyən idmançımız Olimpiadada çıxışını başa vurub. Məryəm təsnifat mərhələsində 35-ci yeri tutub.

Qeyd edək ki, yarımfinal mərhələsi günün ikinci yarısında keçiriləcək.

Məryəm Şeyxəlizadəxangah Olimpiadada 35-ci yeri tutması barədə bunları dilə gətirib:

“Əslində yarış mənim üçün pis keçmədi. Mənim üzdüyüm 50 metr məsafədə 79 idmançı mübarizə aparırdı. Bu isə rəqabətin çox olmasından xəbər verir. Olimpiadalardakı ikinci çıxışımda ən yaxşı nəticəmi göstərdim. Gələcəkdəki yarışlarda daha yüksək yerlərdə qərarlaşmaq istəyirəm”.

Xatırladaq ki, Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq. Azərbaycan Olimpiadada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Onlardan yalnız ikisi – cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) medal qazanıb. Hər iki idmançımız bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes də özü üçün ən azı bürünc medalı təmin edib. Amma onun medalının əyarı növbəti görüşlərindən asılı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
arena.az

1Mənbələr