AZ

Füzuli Məmmədov: “Neftçi”nin futbolçuları keyfiyyət baxımından “Turan Tovuz”dan üstündür

Füzuli

Bakı, 3 avqust, AZƏRTAC

Mövsümün ilk oyunu olduğu üçün həm “Neftçi”, həm də “Turan Tovuz” komandaları tam olaraq hazır deyillər.

Bu fikri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Füzuli Məmmədov bu gün Azərbaycan Premyer Liqasının I turunda “Neftçi” və “Turan Tovuz” komandaları arasında keçiriləcək oyunla bağlı danışarkən deyib.

Mütəxəssis “Neftçi” futbolçularının keyfiyyət baxımından “Turan Tovuz”dan üstün olduğunu bildirib: “Ağ-qaralar” buna görə də matçın favoritidir. Bu görüşü yeni baş məşqçilər – Roman Qriqorçuk ilə Kurban Berdıyevin qarşıdurması kimi adlandırmaq olar. Onlar Premyer Liqaya böyük maraq qatacaqlar. Bizi bu gün maraqlı və gərgin oyun gözləyir”.

Hazırda 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan F.Məmmədov həm Roman Qriqorçukun, həm də Kurban Berdıyevin bu mövsüm uğurlu nəticə əldə edəcəklərinə ümidvar olduğunu söyləyib: “Neftçi” Azərbaycan futbolunun tarixi klubudur. Azarkeşlər komandadan uğurlu nəticə istəyirlər. Deyərdim ki, “Neftçi” bu mövsüm “Qarabağ”la mübarizə aparmaq əzmindədir. “Turan Tovuz”a gəlincə, Avropa futbolunda tanınan Kurban Berdıyev çox iddialı və savadlı məşqçidir. Bölgə təmsilçisinin avrokuboklara vəsiqə qazanmaq potensialında olduğunu düşünürəm. Çünki onların çalışdırıcıları sürpriz etməyi bacarır”.

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu bu gün saat 18:30-da “Neftçi Arena”da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
azertag.az

1Mənbələr