AZ

XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasiminə sözardı

Fransa 2024-cü il Olimpiya Oyunlarını da ümumbəşəri dəyərləri dağıtmaq üçün alətə çevirdiyini, xalqlar arasında nifaq toxumları səpməkdə israrlı olduğunu  bir daha ortaya qoydu  desək, səhv etmərik. Belə ki, Olimpiya Oyunlarının prinsiplərinin əksinə olaraq açılış mərasimində təcavüzkar Ermənistana göstərilən dəstək, xüsusi qayğı və Azərbaycanın suveren hüquqlarına təhdid olan hərəkətlər, ifadələr sözügedən ölkənin  beynəlxalq hüquq normalarına, idman oyunlarının əsasnamələrinə əsla əhəmiyyət vermədiyindən bir daha xəbər verdi.

Xatırladaq ki, açılış mərasimindən canlı yayım nümayiş etdirən "France 2" kanalının aparıcısı Ermənistan komandasını: "Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə… Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan Ordusu tərəfindən süqutu ilə ağır bir il oldu…" ifadələri,  bizim milli olimpiada komandasını isə "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası" sözləri ilə  təqdim etmişdir.

Odur ki, Azərbaycanın müvafiq qurumları Fransanın Olimpiya Oyunlarının prinsiplərini heçə sayaraq siyasi mövqe nümayiş etdirməsinə, ölkəmizin ünvanına səsləndirdiyi qərəzli və böhtan dolu fikirlərə ciddi reaksiya verdi. Nəticədə bu olayla bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən göndərilən etiraz məktubuna əsasən Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istədi.

Şübhəsiz, Azərbaycanın uğurlarını hələ də həzm edə bilməyən Makron Fransasının bu addımı heç də təsadüfi deyildi. Digər tərəfdən, unutmayaq ki, İslama, türkçülüyə qarşı nifrətin bu ölkədə geniş yayılması, müsəlmanlara qarşı təzyiq və təsirlərin gücləndirilməsi Fransanın dövlət siyasətinin tərkib hissəsidir. Bu isə o deməkdir ki, Makron Fransası belə bir addım atmaqla özünün dövlət siyasətinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Bu qalmaqallı mərasim  xristian dünyasına təhlükənin miqyasını da göstərdi. Yəni, Makron Fransası Leonardo da Vinçinin "Sonuncu şam yeməyi"ni fransızsayağı, yəni saqqallı qadın və qadın paltarı geyinmiş kişilərin ifasında parodiyası ilə xristian dünyasını  təhqir etdi. Bütün bunlar, o cümlədən İsa Məsihin etikadan kənar obrazının yaradılmasına dünyanın tanınmış siyasətçiləri, ictimai xadimləri, eləcə də  Fransa Katolik kilsəsi  öz etiraz səslərini qaldırdılar. Xristianlığın bu şəkildə təbliğ edilməsi  bu dinə sitayiş edənlərə, əslində, insanlığa hörmətsizlik kimi dəyərləndirdilər. Məsələn, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Parisdə Olimpiadanın açılış mərasimini biabırçılıq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə xristian dünyasına qarşı nümayiş etdirilən əxlaqsız münasibət   adlandırdılar. Müqəddəs Taxt-Tacın mətbuat xidməti isə  bu biabırçılıqla bağlı məlumat yaydı. Məlumatda deyilir: “Müqəddəs Taxt-Tac Olimpiya Oyunlarının açılış mərasimindəki bəzi səhnələrdən kədərləndiyini ifadə edir və son günlərdə bir çox xristianın və digər dinlərə inananların təhqir olunmasını pisləyir. Bütün dünyanın ümumi dəyərlər ətrafında birləşdiyi mötəbər tədbirdə bir çox insanın dini inanclarını ələ salan heç bir eyhamlar olmamalıdır”.

Bütün bunlar bir daha  göstərdi ki, müstəmləkəçilik siyasətini davam etdirən, Ermənistanı silahlandırmaqla Cənubi Qafqazı qarışdırmaq niyyətini həyata keçirməyə çalışan, Azərbaycanın işğalçı dövlət üzərində qələbəsini özünün məğlubiyyəti kimi qəbul edən Fransa üçün müqəddəs heç nə yoxdur. 

Buradan belə qənaətə gəlmək olar ki, olimpiadanın açılış mərasimində həm Azərbaycana, həm də xristian dininə qarşı nalayiq hərəkətləri Fransanın nələrə xidmət edən bir ölkə olduğunu açıq-aydın göstərdi. Şübhəsiz, bütün bunlar Olimpiya tarixindən daha çox Fransanın itirilməkdə olan imicinə daha bir  zərbə vurdu.

Elə bu kimi səbəblərdən bəzi siyasi xadimlər XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak etməyəcəklərini bildirirlər. Məsələn, Slovakiyanın baş nazirinin müavini Tomas Taraba feysbuk səhifəsində aşağıdakı fikirləri yazıb: "Bağlanış mərasimində Slovakiyanı təmsil etməli idim. Lakin bu Olimpiada həmişə idmanın gözəlliyindən sui-istifadə edən, onu mütərəqqi siyasi teatra çevirən iyrənclik rəmzi olaraq qalacaq. Buna görə də bağlanış mərasimində iştirak etməmək qərarına gəldim".

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
ikisahil.az

1Mənbələr