AZ

Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev vəfat edib

AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev noyabrın 7-də vəfat edib.
Fərman Ağadədə oğlu Quliyev 19 may 1937-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olmuşdur.
1959–1961-ci illər ərzində Azərbaycan Elmi-tədqiqat Bağçılıq və Subtrоpik Bitkilər İnstitutunun Lənkəran Filialında kiçik elmi işçi vəsifəsində işləmişdir. 1961–1962-ci illərdə sabiq Ümumittifaq Çay və Subtropik Bitkilər Elmi-tədqiqat İnstitututunda (ÜİÇ və SBETI) kiçik elmi işçi vəzifəsində işləmişdir.
1965-ci ildə Gürcüstan Subtrоpik Təsərrüfatı İnstitututunda (Suxumi şəhəri) namizədlik dissertasiyasını müdafiə etmiş və 11 iyun 1965-ci il tarixində kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır.
1965–1967-ci illər ərzində Krasnodar vilayətinin (Rusiya) Soçi Subtropik və Cənub Meyvə Bitkiləri Təcrübə Stansiyasında (indiki Rusiya Dağ Bağçılığı və Gülçülüyü Elm İstehsalat Birliyi) baş elmi işçi vəsifəsində çalışmışdır.
1967-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Azərbaycan Bağçılıq və SB ETI-nin Lənkəran Filialında aqrokimya və bitki fiziologiyası laboratoriyasının müdiri vəzifəsinə gəlmiş və iyul 1968-ci ildən oktyabr 1984-cü ilə qədər Lənkəran Filialının direktoru vəzifəsində işləmişdir.
1973-cü ildə “Baş elmi işçi” rütbəsini və 1988-ci ildə isə “Dosent” elmi rütbəsini almışdır.
1980-ci ildə “Xalqlar Dostluğu” ordeni və “Əmək Rəşadəti” medalları ilə təltif olunmuşdur.
1982-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Aqronomu” fəxri adını almış, “XXI-ci əsrin tanınmış alimi” Beynəlxalq diploma layiq görülmüşdür.
1988-ci ildə Gürcüstan Subtropik Təsərrüfatı İnstititunda (Suхumi şəhəri) “Azərbaycanda çay bitkisinin intensiv texnologiyasının elmi əsasları” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və Kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsini almışdır.
1988-ci ildən 2003-cü ilə kimi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Genetika və Seleksiya İnstititunda müsabiqə yolu ilə “Subtropik bitkilərin genetikası və seleksiyası” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1991–1995-ci illər ərzində Azərbaycan Respublikasının Prezident Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi vəzifəsində işləmişdir.
1996-cı ildə Beynəlхalq Ekоenergetika Akademiyasının həqiqi üzvü-akademiki seçilmişdir.
Çay bitkisinin becərilməsinə dair 5 səmərəli təklifin vəsiqəsini almışdır.
2014–2015-ci illərdə 4 çay sortu: “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay Çəhrayı” Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim etmiş və 2019-cu ildə patentləşdirilərək rayonlaşdırılmışdır.
Fərman Quliyevin rəhbərliyi altında Azərbaycanın və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və tədris müəssisələri üçün 18 fəlsəfə doktoru və elmlər doktoru hazırlamışdır. Onların bir qismi artıq elmi dərəcələrini almışdır.
Elmi əsərləri azərbaycan, rus, fars, ingilis, çin, gürcü və s. dillərdə çap olunmuşdur. Subtropik bitkilər sahəsində 300-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın, monoqrafiyaların, metodik vəsaitlərin, tövsiyələrin müəllifidir.
Mərhum noyabrın 8-də doğulduğu Sütəmurdov kəndində torpağa tapşırılacaq.
Allah rəhmət eləsin.

Seçilən
783
2
azpost.info

3Mənbələr