AZ

8 Noyabr şərəf və ləyaqət rəmzimizdir

Bu gün ölkə ictimaiyyəti və bütün dünya azərbaycanlıları böyük təntənə və qürur hissi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin növbəti ildönümünü qeyd edir. Üç il bundan öncə Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və əzmi, Azərbaycan əsgərinin rəşadəti və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırılmış və 8 Noyabr tariximizə Zəfər Günü kimi əbədi həkk olunmuşdur. İşğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən müqəddəs savaş xalqımızın şərəf və ləyaqət rəmzi kimi çağdaş tariximizi zənginləşdirmişdir. Builki Zəfər bayramı həm də ona görə əlamətdardır ki, həm “Heydər Əliyev İli”nə, həm də ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam şəkildə bərpa olunduğu dövrə təsadüf edir.
Əbədi yaşayacaq tarix
Vətən müharibəsinədək Qarabağ probleminin danışıqlar yolu ilə həllinin alternativinin olmaması ilə bağlı bir sıra beynəlxalq təşkilatların və aparıcı dünya dövlətlərinin ikili standartlara söykənən subyektiv yanaşmaları mövcud idi. Lakin hələ müstəqilliyimizin bərpasının ilk dövrlərində müdrik lider və təcrübəli siyasət­çi Heydər Əliyev öz fəaliyyəti ilə sübut etmişdi ki, istənilən şəraitdə problemin həllinə düzgün yanaşma sayəsində uğur qazanmaq mümkündür. Belə ki, başı hakimiyyət uğrunda mübarizəyə qarış­mış AXC – Müsavat cütlüyünün tutduğu xəyanətkar mövqe nəticəsində 1993-cü ilin ortalarınadək ölkənin 20 faizdən artıq ərazisi Ermənistanın nəzarəti altına keç­mişdi. Bütövlükdə, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dövlət­çiliyi real təhlükələrlə üzləşmişdi. Bu is­tiqamətdə dönüş yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Onun, bilavasitə, rəhbərliyi ilə 1994-cü ilin yanvar ayında Azərbaycan Ordusunun böyük uğurla yerinə yetirdiyi “Horadiz əməliyyatı” nəti­cəsində 23 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu uğuru 2016-cı ilin aprel ayında böyük hərbi-strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini ələ keçirmək­lə Prezident İlham Əliyev də təkrarladı. Ordumuzun böyük üstünlüyünü və xalqın qələbə əzmini nümayiş etdirən Aprel dö­yüşləri münaqişənin hərb yolu ilə həlli­nin mümkünlüyü barədə qarşı tərəfə və beynəlxalq təşkilatlara ünvanlanmış bir ismarıc idi.
Təəssüf ki, Ermənistan bu dərslərdən düzgün nəticə çıxarmadı və keçmiş Dağ­lıq Qarabağda 30 ilə yaxın davam edən status-kvo və son dövrlər formalaşmış geosiyasi vəziyyət Vətən müharibəsinin qaçılmaz olduğunu şərtləndirən bir sıra ciddi amilləri ortaya qoydu. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev problemin həllinə yanaşmada güzəşt siyasətinə deyil, diplomatik hü­cum taktikasına üstünlük vermiş, bütün çıxışlarında Azərbaycan xalqının işğal faktoru ilə heç zaman barışmayacağı­nı və torpaqlarımızı azad etmək üçün mümkün vasitələrdən istifadə ediləcəyini dönə-dönə təkrar etmişdir. 
Müharibənin bitdiyi gün müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhə­rinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqı­na müraciətində demişdir: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixin­də əbədi qalacaqdır. Bu tarix əbədi yaşa­yacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfə­rimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir... Biz bü­tün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır...” 
Ordumuzun qüdrəti
Azərbaycanın hərb tarixinə şərəf­li salnamə yazan ordumuzun inamlı və möhtəşəm qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi xalqımızın və dövlətimizin milli dəyərlərə söykənən çoxsaylı cəhətləri ilə səciyyəvidir. Əl­bəttə, bizi bu zirvəyə aparan yol heç də hamar olmayıb, çox böyük çətinliklərdən, maneələrdən keçib. Bu savaş sübut etdi ki, böyük Qələbə heç də təsadüfi deyil, Prezident, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin siyasi prioriteti kimi uğurla davam etdirilən ordu quruculuğu prosesinin nəticəsidir. 
Azərbaycan Silahlı Qüvvələri bu gün regionun müasir texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Bu müddət ərzində NATO-nun ikinci ən güclü ordusuna malik Türkyə modelinə uyğunlaşdırılan Azərbaycanın Silahlı Qüvvələri müasir standartlar sə­viyyəsinə çıxaraq dünyanın 50 ən güclü ordusundan birinə çevrilmişdir. Bu is­tiqamətdə böyük uzaqgörənlik nümayiş etdirən Prezident İlham Əliyev 2003-cü ildən bəri ölkə büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin 17 dəfəyə qə­dər artırılaraq 6,5 milyard manata yaxın bir səviyyəyə qalxmasını təmin edib ki, bu da digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə qat-qat çoxdur. 
Ölkəmizdə müasir hərbi-sənaye kompleksinin formalaşması və qısa za­man ərzində 20-dən çox hərbi zavodun işə salınması Azərbaycanın öz daxili imkanları hesabına arsenalını formalaş­dırmaq üçün əhəmiyyətli baza rolunu oynayır. Dünyanın aparıcı silah ixracatçı­larından ən müasir silahların alınması və bu sahədə də şaxələndirilmiş siyasətin verdiyi dividendlər əldə edilmiş Qələbəni təmin edən mühüm faktordur. 
Hayların xəyanətkar xisləti
Müharibənin gedişində döyüş mey­danında yenilməz ordumuz qarşısında duruş gətirə bilməyən işğalçı Ermənistan bütün dünyanın gözü qarşısında Azər­baycanın dinc əhalisini və mülki obyekt­lərini atəşə tutmaqla beynəlxalq hüququn norma və prinsiplərini, daha dəqiq desək, 1949-cu il Cenevrə Konvensiyasını ko­bud surətdə pozaraq, ağıır cinayətlər törətmişdir. İkinci Qarabağ müharibəsi ərzində düşmən Azərbaycanın dinc əha­lisini qəsdən hədəfə alıb mülki obyektlə­ri ağır artilleriyadan atəşə tutaraq terror əməllərindən çəkinməmişdir. Hətta er­məni diasporunun və beynəlxalq hüquq normalarını cinayətkarcasına pozmaqla xarici ölkələrədən gətirilmiş muzdlu terror qruplarının uğursuz cəhdləri Ermənistanı düşdüyü aciz durumdan xilas edə bilmə­di. 
Əlbəttə, xalqımız inanırdı ki, zaman gələcək bu cinayətlərə görə erməni vandalları və onlara havadarlıq edənlər beynəlxalq mühakimə qarşısında cavab verəcəklər. Azərbaycan hökuməti artıq bu istiqamətdə çevik və qətiyyətli addım­lar ataraq müsbət nəticələr əldə edir. Bu proses, xüsusilə, Laçın sərhəd-buraxılış məntəqəsinin Azərbaycanın bilavasitə nəzarəti altında fəaliyyətə başlaması və Qarabağda həyata keçirilmiş antiterror tədbirlərinin uğurlu nəticələrindən sonra daha məhsuldar və intensiv səciyyə da­şıyır. 
“Prezident – Xalq – Ordu” birliyi 
Möhtəşəm Qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, pozulmuş hüquqla­rını özü bərpa etmək iqtidarındadır. Əldə etdiyimiz tarixi nailiyyətin əsas şərtlərin­dən biri ən yüksək həddə təzahür edən “xalq–iqtidar–ordu” birliyindən doğan re­allıqdır. Postmüharibə dövründə regionda formalaşmaqda olan yeni siyasi konfiqu­rasiya fonunda ümummilli məsələlərlə bağlı müqəddəs amal uğrunda ictimai-si­yasi həmrəyliyin mövcudluğu son dövrün ən mühüm nailiyyətlərindəndir. O dövrdə Azərbaycanda fəaliyyət göstərən 50 si­yasi partiya tərəfindən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatın imzalanması söy­lənənlərə əyani sübutdur. Müqayisə üçün qeyd edək ki, müharibənin gedişində 10 mindən çox erməni fərarinin mövcud ol­duğu zaman Azərbaycanda bir dənə də olsun belə hal qeydə alınmamışdır. Cə­nab İlham Əliyevin səsləndirdiyi “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasay­dı, biz heç vaxt torpaqlarımızı işğalçılar­dan azad edə bilməzdik” fikri Azərbaycan xalqının ürəyində Vətən sevğisinin nə dərəcədə böyük olduğunun bariz sübutu­dur. Bu monolit birliyə arxalanan Ali Baş Komandanımızın çevik taktiki gedişləri, bənzərsiz diplomatiya bacarığı, kritik və­ziyyətlərdə hədəfləri və istiqamətləri düz­gün müəyyənləşdirmək qabiliyyəti, güçlü və dönməz iradəsi möhtəşəm Zəfərin əldə olunmasında müstəsna əhəmiyyət kəsb edən meyardır. 
İnformasiya müharibəsinin önündə
Ötən 20 ilə nəzər salsaq, görərik ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin həllinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Bütün nitq və çıxışlarında, beynəlxalq təşkilat­ların tribunalarında, dünya liderləri ilə görüşlərində, müsahibələrində bu barə­də danışıb. Çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu hər kəs bilsin. Vətən müharibəsinin uğurunu şərtləndirən əsas amillərin biri də məhz budur. 
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qar­şı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Azərbaycan bu platformada da işğalçı ölkəni üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vax­tında təkzib olundu, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Erməni ki­ber hücümlarının da qarşısı layiqincə alı­nırdı. Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqument­ləri ilə ermənipərəst medianın qarayax­ma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı. 
Xatırlayırsınızsa, xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbay­can tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Lakin xarici kütləvi infor­masiya vasitələrinin əməkdaşları İlham Əliyevin siyasi və diplomatik cavabları, tutarlı arqumentləri və ensiklopedik tarixi bilgiləri qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Döyüşlərin ilk günündən bey­nəlxalq erməni lobbisi Azərbaycana qarşı təzyiq rıçaqlarını işə saldı, BMT-də qət­namə qəbul etmək istədilər. Hətta, Prezi­dentdən müsahibə alan bəzi xarici kütləvi informasiya vasitələri təxribatçı sualları ilə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirdi. Lakin hər bir mərhələdə er­məni təəssübkeşləri məğlubiyyətə uğra­dılar. Prezident İlham Əliyev onların hər birinə siyasət və diplomatiya dərsi keçdi. 
BMT-də Ermənistanın maraqlarına xidmət edən qətnamənin qəbul olunma­sının qarşısı məhz İlham Əliyevin dip­lomatik müdrikliyi sayəsində alındı. Bu işdə dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, 60-dək ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi müsəlman aləmində qazandığı bö­yük nüfuz, Avropanın enerji təhlükəsiz­liyinə verdiyi önəmli töhfə, düşünülmüş neft strategiyasının gətirdiyi siyasi divi­dendlər Azərbaycanı diplomatik uğurları­nı şərtləndirən amillərdir. 
Dünya erməniliyinin süqutu
Tarixi Zəfərin qazanılmasında diqqət çəkən əsas məqamlarından biri də Azər­baycanın xarici siyasətində istiqamətlə­rin düzgün seçilməsi və dünyanın güc mərkəzləri, həmçinin region ölkələri ilə faydalı münasibətlərin qurulması ilə bağ­lıdır. Bu münasibətlər bu gün də yüksələn xətt üzrə inkişaf etməkdədir. 
Bu proseslərin digər mühüm tərəfi Prezident İlham Əliyevin müharibə gün­lərində nümayiş etdirdiyi yüksək qətiyyət və dünya erməniliyi ilə mübarizədə bey­nəlxalq təzyiqlərə sinə gərməsi ilə səciy­yəvidir. Azərbaycan ictimaiyyəti dövlət başçımızın qələbə əzmini Zəfərimizin əsas şərtlərindən biri kimi dəyərləndirir. Bu, bir reallıqdır ki, Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yalnız hərb meydanında deyil, həm də diplomatik cəbhədə mahir strateq kimi heyrətamiz taktika nümunələrini nüma­yiş etdirdi, informasiya müharibəsində yorulmadan Azərbaycanın haqq səsini ucaltdı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi ədalət uğrunda mücadilə rəmzinə çevril­di. Məhz onun rəhbərliyi altında uzun illər ərzində davam etdirilən diplomatik müba­rizə hərbi uğurumuzu möhkəmləndirən əsas amillərdən biridir və Qələbənin əldə olunmasında bu fəaliyyətin səmərəsi da­nılmazdır. 
Cənab İlham Əliyev 10 noyabr 2020-ci il tarixli üçtərəfli Moskva Bəyanatını qalib sərkərdə kimi fəxrlə, Ermənistanın baş naziri Nikol Paşinyan isə kapitulyasiya aktı kimi gizli şəkildə imzaladı. Bununla biz bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu tarixi yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək təkcə Ermənis­tanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, bu Zəfər haqq yolunda, ədalətin bərpası uğurunda qazanılmışdır. 
Nəticə isə ondan ibarətdir ki, müha­ribədəki acı məğlubiyyət faktiki olaraq Ermənistanın və onun havadarlarının yüzilliklər boyunca yürütdükləri təcavüz­kar siyasətin süqutuna gətirib çıxarmış, “dənizdən-dənizə Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin xəstə milli ideologiyasının fəqərə sütunu qırılmışdır. Bu mücadilədə dahi Heydər Əliyevi si­yasi səhnədən atmaq istəyən daxili anti­milli ünsürlər məğlub oldular. Beynəlxalq erməni mafiyası və onların Fransa, Ni­derland, Kanada və s. kimi havadarları məğlub duruma düşdülər. Bu müstəvidə erməni maliyyəsindən bəhrələnən bey­nəlxaq siyasi və media şəbəkələrinin qazanc imkanları əllərindən çıxdı. “Bu iqtidarın siyasəti ilə biz heç vaxt Şuşaya, Xankəndiyə gedə bilməyəcəyik” iddiası ilə Zəfərin parlaq işığının təsirindən göz­ləri tutulmuş və əldə olunan tarixi nailiy­yətlərimizi sinirə bilməyən AXCP sədri Əli Kərimov və ona bənzər radikal müxalifət­çilərin arzuları birdəfəlik puç oldu, xalq qarşısında nüfuzlarını tamamilə itirdilər. Cənab İlham Əliyevin polad iradəsi və “dəmir yumruğ”u ilə bütün bu maneələr məharətlə dəf olunaraq tarixi ədalət bər­pa edildi.
Ulu öndərin vəsiyyəti
Tarixi Zəfər Prezident, Silahlı Qüv­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəlik istedadının, onun həm siyasət, həm də döyüş meydanın­da sərgilədiyi uğurlu taktiki addımların, müzəffər ordumuzun qüdrətinin, igid əs­gər və zabitlərimizin qanlarının töküldüyü müqəddəs Qarabağ torpağının həsrətinə son qoymuş tarixi Qələbənin dünyaya nümayişidir. Azərbaycan xalqı bununla, ilk növbədə, bütün bəşəriyyətə sübut etdi ki, biz heç zaman bir qarış torpağımızı belə heç kəsə güzəştə getməyəcəyik. İşğaldan azad olunmuş Şuşada dalğa­lanan Qələbə Bayrağımızı parada gə­tirərək və qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirərək hərbi gücümüzü dünyaya göstərdik.
Müharibənin dayandırılması məqsə­dilə imzalanmış üçtərəfli Moskva Bəya­natı Azərbaycan diplomatiyasının böyük tarixi Qələbəsi və mahiyyət etibarilə, Ermənistanın kapitulyasiyasını təsdiq edən sənəddir. Bu tarixi hadisəyə Milli Məclisin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azər­baycan xalqına ünvanlanan 13 noyabr 2020-ci il tarixli müraciətində siyasi qiy­mət verilmişdir: “2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıq­ları üçtərəfli Bəyanat 30 ildən artıq da­vam edən münaqişəyə, Azərbaycan tor­paqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etmişdir...Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibə­də Azərbaycan xalqının şanlı qələbəsini təcəssüm etdirir. Tarixi ədalət öz yerini tutur, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunur”. 
Bu şanlı Qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı, onu ağır nisgildən xilas etdi, dünya azərbay­canlılarını “azərbaycançılıq” ideologiyası ətrafında daha sıx birləşdirdi, dünyaya əsl tolerantlıq nümunəsi bəxş edən xalqı­mızın daha yüksək dəyərdə milli özünü­dərk və öz gücünə inam hissinin möh­kəmlənməsi üçün tarixi zəmin yaratdı, gənclərimizin vətənpərvərlik duyğularını daha yüksəklərə qaldırdı.
Bu Zəfəri Azərbaycan xalqına bəxş etməklə müzəffər Ali Baş Komandanımız həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbay­can yoxdur”, – söyləmiş Ulu öndərin ən ümdə arzusunu reallaşdırdı, onun vəsiy­yətinə əməl etdi.
Tarixin ibrət dərsləri
44 günlük Vətən müharibəsinin Azər­baycan tarixində yeri və rolunu daha ay­dın dərk etmək üçün və dövlət siyasəti müstəvisində tarixi şəxsiyyətlərin rolu baxımından, düşünürəm ki, müqayisəli tarixi paralellərin aparılması yerinə düşər. Bu fikrin sübutu AXC-Müsavat hakimiy­yəti dövründə aparılan xarici siyasətlə müqayisədən aydın görünür. 
Öz səriştəsizliyini qardaş Türkiyənin üzərinə yıxan Əbülfəz Elçibəyin 1993-cü ildə “İki helikopter istədik, vermədilər” şəklində nümayiş etdirdiyi davranış 2020-ci ildə Rəcəb Tayyib Ərdoğanın böyük səmimiyyətlə dilindən səslənən “Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycan­lı qardaşlarımızın yanındadır” ifadəsi ilə əvəzləndi. 
Ötən əsrin 90-cı illərində məhz AXC-Müsavat hakimiyyətinin günahı uc­batından Ermənistana açıq dəstək verən Rusiya 30 ildən sonra Vladimir Putinin deyimində “Qarabağ Azərbaycan ərazi­sidir” fikri ilə yekunlaşdı. Daha sonra şi­mal qonşumuzla 2022-ci ildə rəsmiləşən müttəfiqlik münasibətləri bu ilin sentyabr ayında Rusiya sülhməramlılarının mü­vəqqəti dislokasiya olunduğu ərazidə lo­kal antiterror tədbirlərinin daha rahat şə­kildə həyata keçirilməsi üçün vacib amil rolunu oynadı.
Birinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ənənəvi güc­lü erməni lobbisini Azərbaycana qarşı alət kimi istifadə edən ABŞ ikinci Qara­bağ müharibəsində və ondan sonra baş verən prosesləri bizi qane edəcək tərzdə müşahidə etməklə kifayətləndi.
İctimaiyyəti qonşu İranın üzərinə qal­dıran “cəbhəçi”lərin avantürist siyasə­tindən fərqli olaraq, həssas məqamların mövcud olduğu İran–Azərbaycan müna­sibətləri Prezident İlham Əliyevin diplo­matik gedişləri sayəsində Azərbaycanın ərazi bütövlüyü məsələsində İranın aydın şəkildə nümayiş etdirilən dostluq münasi­bətləri ilə səciyyələndi.
Türkiyə və Pakistan kimi ənənəvi dost ölkələrlə münasibətlər daha yüksək səviyyəyə qalxaraq sarsılmaz qardaşlıq birliyinin təcəssümünə çevrildi.
Böyük Britaniya, İsrail, İtaliya, Maca­rıstan kimi böyük dövlətlərin Azərbayca­nı açıq şəkildə müdafiə etməsi müasir diplomatiyamızın zirvə nöqtələridir. Həm yaxın qonşu ölkələr, həm də bir çox di­gər dövlətlərin bir çoxu bu mücadilədə bizə loyal münasibət göstərmiş, ya da ən azından neytral mövqe nümayiş etdirmiş­dir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğanın və türk əsgərlərinin Zəfər pa­radında iştirakı, müttəfiqlik məsələlərinə dair 2021-ci il 15 iyun tarixli Şuşa Bəyan­naməsi Türkiyə–Azərbaycan sarsılma­yan birliyinin təcəssümüdür. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədr­lərinin Bakı və İstanbul üçtərəfli Bəyan­namələri, Bakıda keçirilmiş “Üç Qardaş” beynəlxalq hərbi təlim bütün dünyaya bir daha nümayiş etdirdi ki, bu üç dost və qardaş ölkə bundan sonra da bir-birinin yanında olacaqdır. 
Sülhün və yeni intibah dövrünün astanasında
Beləliklə, bugünkü taleyüklü möh­təşəm uğurlarımıza tarixi proseslər süzgəcindən nəzər saldıqda, Heydər Əliyevin XX əsrdə başladığı və İlham Əli­yevin XXI əsrdə yeni keyfiyyətdə davam etdirdiyi siyasi kursun nə dərəcədə doğ­ru olduğuna daha böyük əminlik yaranır. Digər tərəfdən, tarixi Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ münaqişəsinə son qoyulması­nın qlobal miqyasda və bölgənin pers­pektiv inkişafı üçün son dərəcə müstəs­na əhəmiyyətini dərk etməmək mümkün deyil. Artıq xəyallar gerçəkliyə çevrilib, ermənilərin 200 illik layihəsi tarixin zi­billiyinə atılıb. Böyük Qələbənin məntiqi davamı kimi, bu il sentyabrın 19-20 ta­rixlərində həyata keçirilmiş antiterror təd­birləri ilə Qarabağda 35 illik separatçılığa birdəfəlik son qoyulub. Ölkəmizin bütün ərazisində, xüsusilə, Qarabağın hər ye­rində suverenliyimiz və Konstitusiya qu­ruluşumuz tam bərpa olunub. 
Bununla da, Prezidentimiz, yenil­məz sərkərdəmiz cənab İlham Əliyevin Xankəndidə ucaltdığı müqəddəs üçrəngli Dövlət Bayrağı ilə Cənubi Qafqaz regio­nunda tamamilə yeni geosiyasi reallıq­ların formalaşması prosesi başa çatıb. Özünü xalqın birinci xidmətçisi elan etmiş dövlətimizin başçısı bu il oktyabrın 15-də 20 illik prezidentlik fəaliyyətinin hesaba­tını da məhz Xankəndidə verdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seç­kilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqla­rını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konsti­tusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoydu­ğum bütün vəzifələr icra edildi”. 
Beləliklə, Azərbaycan Prezidenti cə­nab İlham Əliyev regionumuzu böyük im­periyaların sərvət və geosiyasi maraqları uğrunda yüz illərlə davam edən mübarizə meydanından bölgə xalqlarının birgəyaşa­yışı, əmin-amanlığı və sülh məkanına çe­virmişdir. Bu gün Cənubi Qafqaz öz tarixi, coğrafi, təbii sərhədlərinə qayıtmaqdadır. Bu, indiyədək misli görünməmiş yeni tarixi dönüş mərhələsinin, yeni intibah tarixinin təməlidir. Şübhə yoxdur ki, artıq regional sülh və təhlükəsizlik arxitekturasının real olaraq qurulması ilə səciyyələnən hazırki dövr Azərbaycan tarixində İlham Əliyev dühasının yazdığı növbəti parlaq və şərəf­li səhifəyə çevriləcəkdir. 
 
Əli HÜSEYNLİ, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri

Seçilən
148
50
xalqqazeti.az

10Mənbələr