AZ

Azərbaycanda bahalı diplom: Təhsil pula adekvatdır?

Ali məktəblərdə təhsil haqqı artımı müntəzəm baş verir və davam edəcək.

Bunu Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı deyib.

O qeyd edib ki, qiymət artımı heç də təhsilin keyfiyyəti ilə bağlı deyil:

"Sadəcə, təhsilverənlər görəndə ki, təhsil haqqını bir az daha artıq almaq mümkündür və alanda imkanları daha da böyüyür, o zaman bu addımı atırlar. Bu baxımdan, burada təəccüblü heç nə yoxdur. Bu, valideynlə müqavilə bağlananda da qeyd edilir. Adətən, müqavilə bir illik olur və universitetlərin növbəti tədris ilində buna yenidən baxmağa ixtiyarları var".

Onun sözlərinə görə, təhsil haqqı zaman-zaman artacaq.

"Çünki dünyada təhsil haqları çox yüksəkdir. Avropada, İngiltərədə, Amerikada təhsil haqlarına nəzər salsanız, rəqəmin 20-40 min arası dəyişdiyini görərsiniz. Onlarla müqayisədə bizdə təhsil haqları çox aşağıdır. Təbii ki, bu, bazara görə tənzimlənir. O ali məktəblərdə dünyanın hər yerindən oxumaq istəyənlər çox olduğuna görə onlar yüksək təhsil haqqı müyyənləşdirirlər”, - o, "Kaspi" qəzetinə müsahibəsində deyib.

Məsələ ilə bağlı təhsil ekrperti Elmin Nuri "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, təəssüf ki, Azərbaycanda universitetlərin illik təhsil haqqı məsələsi problem olaraq qalır:

"Günümüzdə istər dövlət, istərsə də özəl universitetlərin rektorları tələbələrin verdikləri təhsil haqqını adekvat hesab etmirlər, ödənilən məbləğin az olduğunu düşünürlər. Lakin vətəndaşlar, valideynlər universitetlərin illik təhsil haqqının yüksək olduğunu qeyd edirlər. Vətəndaşlara haqq qazandırmaq olur, lakin universitetlərin mövqeyinin də yalnış olduğunu demək olmaz. 

Təəssüf ki, ölkəmizdə universitetlərin şəxsi gəlir əldəetmə mexanizmi hələ formalaşmıyıb. Bu gün universitet–biznes, universitet-marketinq əməkdaşlığı istiqamətində layihələrin həyata keçirilməsi anlayışı ölkəmizdə mövcud deyil. Məhz bizdə universitetlərin labarotoriyası həddindən artıq xərc aparır və gəlir gətirmir".

Ekspert qeyd edib ki, universitet pul gətirmir:

"Nəticədə xərc adı ilə bağlı bütün vəsaitlər tələbələrin ödədikləri illik təhsil haqqı hesabıma formalaşır. Kommunal xərclərdən tutmuş, ödənişli əsaslarla oxuyan tələbələrin təqaüdünə, professor, müəllim və elmi heyətin əməkhaqqısına kimi hər biriillik təhsil haqqının hesabına formalaşır. 

Universitet bir müsəssisə olaraq başqa seçimə malik deyil. Müəssisələr "necə pul qazanmaq olar?" sualı qarşısında aciz qalır. Buna görə təhsil haqqları məcburi şəkildə, yəni xərclər artanda artırılır. Azərbaycanda univeristetlərin illik təhsil haqqı sosial vəziyyətə görə bizə çox görünə bilər, lakin dünya ölkələri ilə müqayisədə azdır".

Ekspertin sözlərinə görə, dünya ölkələrində insanların gəlir indeksi də mühüm rol oynayır:

"Azərbaycanda insanların gəlir indeksi ilə dünya ölkələri insanları arasında müəyyən fərq var. Yəni qiymət müqayisə ediləndə, yaşam səviyyəsi də nəzərə alınmalıdır. Düşünürəm ki, Azərbaycan universitetlərində illik təhsil haqqı nə düşünüldüyü qədər nə çox, nə də azdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
36
cebheinfo.az

10Mənbələr