AZ

"Armud" desəm, çıx, "alma" desəm, gizlən... - Ölüm saçan köhnə və "sahibsiz" liftlərə "yiyə" axtarılır

Bakıda sovet dövründən qalan binalar ölüm saçan köhnə liftlərdən və çürüməyə üz tutmuş daşıyıcı dəmir tellərdən hələ də qurtula bilməyib. Binəqədi rayonunda belə hündürmərtəbəli (əsasən, doqquz mərtəbəli-red) binaların sayı üstünlük təşkil edir. Bu binalarda fəaliyyət göstərməli olan liftlər ya ümumiyyətlə işləmir, ya da müəyyən mərtəbələrə qədər qalxır, ordan sonrasını isə bina sakinləri piyada qalxmalı olurlar. Liftlərin içi natəmiz olmaqla yanaşı, müvafiq düymələrin əksəriyyəti yerində deyil və işıqlandırma demək olar ki, yoxdur.

Bəzi liftlərin daxili qatı taxta materialdan hazırlandığından, onun necə çürüyüb, boşluqlar yaratdığına da şahid olmaq olur. Bütün bunlardan daha önəmlisi isə bu liftləri daşıyan metal tellərin illərlə dəyişdirilməməsi və aşınmasıdır. Bəs bu problemi aradan qaldırmalı olanlar kimlərdir? Məlum oldu ki, ölkədə Lift-Təmir İstehsalat Birliyi adında bir qurum var imiş. Hansı ki, bu qurumun başında duran şəxslərdən birinin illər öncə öz övladının toyu üçün dörd yüz min manatlıq toy məclisi təşkil etməsi barədə illər öncə mətbuatda və sosial şəbəkələrdə məlumatlar dərc olunmuşdu. Hətta bəzi məlumatlara görə, toy axşamı qurumun rəhbəri olan qaynata öz kürəkəninə 250 min manat dəyərində "Porsche"nin açarını da hədiyyə edibmiş. Bu söz-söhbətlərə görə Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunmuşdu. Hadisədən sonra Bakı binalarındakı liftləri "ağ gün"ə çıxaran baş direktorun daha sonra yalnız özünə və yaxınlarına xidmət edən, Yaponiya istehsalı olan və qiyməti 400 min dolları aşan lift quraşdırması barədə məlumatlar mətbuatda öz əksini tapdı. Altı il öncə lift qalmaqalı ilə gündəmi zəbt edən bu adamın və onun rəhbərlik etdiyi qurumun - Lift-Təmir İstehsalat Birliyinin daha "səs-səmiri" gəlmir.

Bir çox qurumun sosial şəbəkələrdə rəsmi səhifə açdıqları, vətəndaşların sorğu və şikayətlərini dinlədikləri bir dövrdə adıçəkilən qurum barədə nə qədər axtarsaq da, bu istiqamətdə rəsmi bir mənbə tapa bilmədik. Vətəndaşlar isə yaşadıqları binalardakı lift problemlərini təmir məsələləri üçün açılmış xüsusi qruplarda qeyd edərək, bu "sahibsiz" liftlərə bir "yiyə" axtarırlar.

Yaşadıqları köhnə binalardakı yararsız liftlərə "cavabdeh" axtaran vətəndaşların nəzərinə çatdırırıq ki, Lift-Təmir İstehsalat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin xidmət dairəsində, yəni tabeliyində fəaliyyət göstərir. Ancaq normalda belə qurumların özlərinin müstəqil və rəsmi sosial şəbəkə hesabları olmalı idi. Köhnə və təmirsiz liftlər ucbatından demək olar ki, hər gün bir neçə qəzanın yaşandığı köhnə binalarda vətəndaşlar kimə və hara müraciət edəcəklərini bilmirlər.

Mətin Şükürlü, Bizimyol.info

Seçilən
103
paytaxt.org

1Mənbələr