AZ

Stress həzm sistemi orqanlarına necə təsir edir?

 “Stress keçirdikdən sonra qarında diskomfort hiss edilir. Daha doğrusu həzm sistemi orqanlarında. Yəqin ki çoxları bu iki prosesin bir-biri ilə əlaqəsi haqqında məlumatsızdır. Xüsusən də əgər bu hallar az rast gəlinir və tez zamanda keçirsə. Məsələn, imtahan öncəsi və ya geniş kütlə qarşısında çıxış öncəsi. Yalnız bu hal adət halını aldıqda biz səbəbini araşdırıb,narahatlığı aradan qaldırmağın yollarını axtarmağa başlayırıq”. 
 
Bu sözləri stressin həzm sistemi orqanlarında diskomfort yaratmağının səbəbləri ilə bağlı Moderator.az-a  açıqlamasında tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov danışıb: 
 
 
“Təbii ki həzm sisteminin problemləri təkcə stress və emosional gərginliyin nəticəsi deyil. Lakin sinir sisteminin vəziyyəti həzm sistemi problemlərini yaradan faktorlar içərisində çox önəmli yer tutur. Belə ki bəzən keçirilmiş stress,yorğunluq, psixoloji travma uzun müddət davam etdikdə sinir sistemi,ürək-damar sistemi,o cümlədən həzm sistemi problemlərinə də gətirib çıxara bilər. Bu halda aşağıdakı şikayətlər müşahidə oluna bilər:
* Mədənin həddən artıq dolu olması ( tez doyma) və ya əksinə boş olması hissi
* Mədə və ya digər qarın boşluğu orqanlarında ağrı
* Ağızda acılıq və ya turş dad
* Yanğı hissi 
* İştahın dəyişməsi 
* Əzginlik, ümumi narahatlıq, yuxunun pozulması 
* Spazm 
* Ürəkbulanma 
* Qəbizlik və ya ishal 
Bütün bunlar mədənin selikli qişasının iltihabına,yara və ya xoranın yaranmasına səbəb olur.
İlk olaraq qeyd etmək lazımdır ki, serotoninin (xoşbəxtlik hormonu adlandırılan baş beynin neyromediatoru) əsas hissəsi bağırsaqlarda mərkəzləşmişdir və mədə-bağırsaq sisteminin motorikası və sekresiyasının tənzimlənməsində başlıca rol oynayır. Yoğun bağırsağın bəzi xəstəlikləri zamanı serotoninin ifrazı müəyyən dərəcədə zəiflədiyi üçün əhval-ruhiyyənin pozulmasına səbəb ola bilər. Bundan başqa depressiya, həyəcan-təşviş pozuntusu,somatoform vegetativ disfunksiyalar zamanı vegetativ sinir sistemi tərəfindən mədə-bağırsaq sisteminin innervasiyasının pozulması səbəbindən həzm pozuntuları yaranır ki,bu da serotonin ifrazının azalmasına,əhval-ruhiyyənin enməsinə səbəb ola bilər. Beyin sanki vegetativ sinir sistemi ilə bağırsaqlara stress vəziyyəti haqqında məlumat ötürür. Nəticədə bağırsaqlarda bir sıra dəyişikliklər yaranır,bu da qida maddələrinin sorulmasını,həzm olunmuş qida hissəciklərinə qanın axınını,fermentativ prosesləri zəiflədir. Yəni bütün həzm sistemi stress vəziyyətinə cavab reaksiyası verir. Mədə-bağırsaq sistemi baş beyin ilə qarşılıqlı əlaqədə olduğu üçün həzm sistemi də öz növbəsində baş beyinə həzm problemləri haqqında məlumat ötürür. Stress vəziyyətində orqanizmimiz sanki yalnız həyati vacib prosesləri icra edir,həzm prosesini arxa plana keçirir. Bu həzm sistemi orqanlarının qan dövranına təsir edir, qanın axınını azaldır,mədə-bağırsaq əzələlərinin yığılmasını və həzm fermentlərinin sekresiyasını zəiflədir. Xroniki olaraq davam edən stress vəziyyəti bir sıra həzm sistemi problemlərinə səbəb olur: qastroezofagial reflyuks xəstəliyi, mədə xorası ve diger xestelikler”. 
 
Həkim həzm sistemi orqanlarındakı xəstəliyi necə təyin etməyin mümkünlüyü və müalicənin necə aparılması ilə bağlı fikirlərini də qeyf edib: 
 
“İlk olaraq həkim mütəxəssisə (qastroenteroloq) müraciət etmək lazımdır. Lazımi müayinə üsulları təyin olunmalıdır. Alınmış nəticəyə görə həkim dərman terapiyası, pəhriz və həyat tərzinin korreksiyasını aparacaqdır. Başlıca səbəbdən asılı olaraq (Stress vəziyyəti) nevroloq, psixoterapevt və ya psixoloq ilə birgə konsultasiya və müalicə məsləhətdir. 
Əsas səbəb stress olduğu üçün müalicəyə də stress vəziyyətinin aradan qaldırılması ilə başlamaq lazımdır. Həkim qastroenteroloqun təyin etdiyi müalicəyə əlavə olaraq sakitləşdirici preparatlar,ehtiyac olduqda psixoterapiya və gərginliyi aradan qaldıran massaj,həyat tərzində dəyişikliklər məsləhət görülür. Təmiz havada olmaq,idman və meditasiya (yoqa,fitnes, tənəffüs hərəkətləri),yuxu və istirahət tələbatının korreksiyası aparılır.
Stressdən uzaq olun ki, həzm prosesiniz də normal olsun”.
 
 
Vüsalə İbrahimli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
moderator.az

1Mənbələr