AZ

Parlament seçkiləri azad və demokratik şəraitdə baş tutacaq TƏHLİL

Seçkiqabağı prosesləri təhlil edən yerli və xarici ekspertlər seçkilərə hazırlıq və namizədlərin qeydə alınması ilə bağlı hər hansı bir çatışmazlığın olmadığını qeyd edirlər

Dünyada baş verən təlatümlər, qarşıdurmalar fonunda Azərbaycan sabitlik adası olaraq sakit və təhlükəsiz olaraq inkişafını davam etdirir. İnsanlarımız xoşbəxtdir, məmnundur. Çünki qayğılardan, problemlərdən uzaqdır. Ona görə ki, 30 illik torpaq həsrətinə, yurd niskilinə son qoyulub. Artıq işğaldan azad edilən ərazilərimizdə aparılan genişmiqyası quruculuq, bərpa, təmir işlərindən sonra insanlar öz doğma yurdlarına qayıdırlar. Təbii ki, qürurverici, fərəh duyulan gözəl günlərimiz qabaqdadır. Bu ilin sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri qələbələrimizin növbəti mərhələsi üçün yeni imkanlar yaradacaq. Azad və demokratik şəkildə baş tutacaq seçkilər qələbələrimizə yeni rəng qatacaq. Birmənalı mövqe ondan ibarətdir ki, parlament seçkilərində hüququn aliliyinin təmin olunması, seçki prosesinin azad və demokratik şəraitdə başa çatdırılması üçün dövlətimiz, o cümlədən Mərkəzi Seçki Komissiyası lazım olan bütün işləri həyata keçirib. MSK tərəfindən həyata keçirilən işlər, qəbul edilən qərarlar beynəlxalq prinsiplərə əsaslanır. Xüsusilə də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi ücün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” təlimatlar, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları” və digər qərarlar seçicilərin və namizədliklərini irəli sürən şəxslərin maraq və mənafeylərinin yüksək səviyyədə təmin olunmasına, eləcə də seçkilərin azad və demokratik şəkildə başa çatdırılmasına hesablanıb.

MSK nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə maarifləndirmə layihələri intensiv şəkildə reallaşdırılır. MSK-nın maarifləndirmə proqramı çərçivəsində ümumrespublika miqyaslı növbəti layihəyə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər olub. MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində 22 il bundan əvvəl - 2002-ci ildə əsası qoyulan treninq layihəsi ilbəil təkmilləşdirilib, xüsusilə 2008-ci ildən sonra yeni forma və məzmun əlavə olunmaqla daha da genişləndirilib. MSK-nın mühüm əhəmiyyət verdiyi və daim məxsusi diqqət yetirdiyi treninqlər, bir qayda olaraq, ölkəmizdə keçirilən bütün seçkilərdə təşkil edilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin məlumatlılığının, bilik və bacarıqlarının, o cümlədən işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində müstəsna rol oynayır. MSK tərəfindən ardıcıl olaraq treninqlər təşkil olunur. Bu proses seçkilər gününə qədər davam etdiriləcək. Layihənin “Trenerlər üçün treninq” adlı birinci mərhələsinə avqustun 5-dən start verilib və müxtəlif əyani, metodiki, habelə yardımçı vəsaitlərdən istifadə olunmaqla, tam praktiki məşğələlər şəklində təşkil edilib. Beş gün fasiləsiz keçiriləcək bu treninqlərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Treninqlər zamanı iştirakçılara seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə aydın və əhatəli məlumat verilir. Seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar izah edilərkən praktiki məşğələlərə geniş yer verilir, müxtəlif məqamlar əyani şəkildə səhnələşdirilərək təqdim olunur və yaranan suallar yerindəcə cavablandırılır.

Treninq layihəsinin avqustun 12-dən başlanacaq ikinci mərhələsi məntəqə seçki komissiyalarının bütün üzvlərini əhatə etməklə, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına uyğun olaraq, 3-10 gün davam edəcək. Bu mərhələnin də maksimum effektiv, praktiki və informativ olması üçün treninqlərin MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplarla - təqribən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.Həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə treninqlərə cəlb edilən bütün iştirakçılar MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlərlə təmin olunacaqlar.Treninq layihəsi, ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

Əhali seçkilərlə bağlı tam məlumatlıdır

Seçkilərin yüksək səviyyədə təşkil olunması onu bir daha deməyə əsas verir ki, ümumxalq tədbir azad və demokratik şəraitdə baş tutacaq. Seçicilərin tədbirlə bağlı geniş və ətraflı bilgilər əldə etmələri üçün MSK müvafiq dövlət qurumları ilə bilikdə Bakıda və bölgələrdə görüşlər keçirir. Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə məlumatlılığının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.Nəşrdə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması, səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurların aydın, müfəssəl və əhatəli izahı verilib.Seçki Məcəlləsinin müddəaları, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraqlanan seçki subyektlərinə çatdırılıb.

Seçkiqabağı prosesləri təhlil edən yerli və xarici ekspertlər seçkilərə hazırlıq və namizədlərin qeydə alınması ilə bağlı hər hansı bir çatışmazlığın olmadığını qeyd edirlər. “Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 18 min 467 yerli müşahidəçi akkreditasiyadan keçib”. Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 5-də keçirilən iclasında söyləyib.O bildirib ki, bu müşahidəçilərdən 5588 nəfəri Mərkəzi Seçki Komissiyasında, 12 min 879-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. M. Pənahov onu da bildirib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 9 beynəlxalq qurumdan və 27 ölkədən 101 nəfər akkreditə olunub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Deputatlığa namizədliyini irəli sürənlərdən 1420 nəfəri imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapan müddəalara görə, parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq və proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək. Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər. Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Bir sözlə böyük qələbələri, uğurlu nailiyyətləri ilə parlaq zəfərlər yazan Azərbaycan parlament seçkilərini azad və demokratik şəraitdə keçilməsinə nail olmaqla ənənəsinə sadiq olduğunu nümayiş etdirəcək.

İLHAM ƏLİYEV

Seçilən
35
50
sesqazeti.az

10Mənbələr