AZ

Bakı Zəngəzur dəhlizi bəndinin sazişdən çıxarılmasına niyə razı oldu? – SƏBƏB

Azərbaycan və Ermənistanın kommunikasiyanın açılması məsələsinin sülh sazişindən çıxarılması və sonraya saxlanılmasına dair razılaşması mövcud şərtlərdə “zaman qazanmaq” gedişdir. Kommunikasiyanın hansı prinsiplə açılması sərhədin delimitasiyası kimi tərəflər arasında əsas ziddiyyətli məsələlərdən biridir. Bu maddənin sonraya saxlanılması ilk baxışda Ermənistan üçün sərfəli görünür.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan siyasi ekspert Asif Nərimanlının fikrincə, Ermənistan bununla kommunikasiyanın Zəngəzur dəhlizinin reallaşması çərçivəsində açılması perspektivinə qarşı zaman qazanır və Zəngəzur dəhlizi açılmadan Azərbaycanla sülh sazişini imzalamaqla Türkiyə ilə danışıqlarda “Bakı şərtini” yerinə yetirdiyini göstərməyə və sərhədlərin açılması ilə Qərbə çıxış əldə etməyə ümid edir. Bəs Bakı niyə buna razılaşır?:

“Əslində bunu Azərbaycanın zaman qazanmaq üçün strateji gedişi hesab etmək olar. Bakı “mövcud şərtlərdə kommunikasiyanın açılması Zəngəzur dəhlizi layihəsinin reallaşması imkanlarını arxa plana keçirirsə, məsələni sonraya saxlamaq daha sərfəlidir” prizmasından yanaşır, çünki sülh danışıqlarında təşəbbüsü ələ almağa çalışan və faktiki önə çıxan Vaşinqtonun irəli sürdüyü plan Zəngəzur dəhlizinin əleyhinədir.

Orta dəhliz coğrafiyasına nəzarəti ələ keçirmək istəyən ABŞ-ın Mərkəzi Asiyadan Avropaya uzanan marşrutla bağlı planında Ermənistanın “sülhün qovşağı” layihəsi dəstəklənir. Ceyms Obrayn da son dövrlər “Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan və Ermənistandan keçən nəqliyyat şəbəkəsini” mütəmadi olaraq vurğulayır. ABŞ bu planın icrasını sürətləndirmək məqsədilə Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına və kommunikasiyanın açılmasına çalışır. Bu halda nəinki Zəngəzur dəhlizi, hətta Bakının Naxçıvana maneəsiz keçid üçün təklif etdiyi “Azərbaycandan Azərbaycana” prinsipi də sual altına düşür, əvəzində, Ermənistan “sülh qovşağı” layihəsi ilə həm dəhliz məntiqini sıradan çıxarır, həm də nəqliyyat şəbəkəsində hablardan birinə çevrilmək imkanı qazanır”.

Analitik hesab edir ki, Bakı kommunikasiya məsələsini sülh sazişindən çıxarmaqla məhz ABŞ-ın mümkün planının yaratdığı riskləri neytrallaşdırmaq gedişi edir:

“Birincisi, kommunkasiya açılmadan sülh sazişi imzalamaqla Bakı-İrəvan danışıqları üzərindən bölgəyə müdaxilə edən üçüncü tərəfləri prosesdən uzaqlaşdıracaq;
İkincisi, üçüncü tərəflər prosesdən uzaqlaşdığı təqdirdə, İrəvanı kommunikasiyanın Zəngəzur dəhlizi, yaxud Naxçıvana maneəsiz keçid (əslində bu, birbaşa Azərbaycana xidmət edən dəhlizdir) məntiqi ilə açılmasına təşviq edəcək: Ermənistanın “dalandan” çıxmağının yeganə yolu Azərbaycan və Türkiyə ilə kommunikasiyanın açılmasıdır. Ki, masada tək qaldıqda Bakı və Ankara ilə razılaşmamaq şansı yoxdur;
Nəticə etibarilə, kommunikasiya maddəsinin sülh sazişindən çıxarılması Zəngəzur dəhlizi layihəsinin yox, bu layihəyə yaranmış risklərin arxa plana keçirilməsi məqsədi daşıyır.

Bütün bunların fonunda kommunikasiya maddəsinin yer almadığı sülh danışıqlarının əhəmiyyəti üçüncü tərəflər – ABŞ üçün azalır və bu, Vaşinqtonu heç bir strateji məsələnin yer almadığı prosesdən uzaqlaşmağa vadar edə bilər, xüsusilə seçki mübarizəsi fonunda. Bu da Zəngəzur dəhlizinə yaranmış risklərin uzaqlaşması deməkdir”.

Nigar

Seçilən
149
7
tribunainfo.az

10Mənbələr