AZ

Azərbaycanlı bankirin keçmiş arvadı Britaniyada dəbdəbəli daşınmaz əmlakını itirdi

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Bakıda 3 milyard dollardan çox pul mənimsəməkdə təqsirli bilinərək 16 il həbs cəzası çəkən azərbaycanlı bankirin həyat yoldaşına məxsus dəbdəbəli London taunhausunun və qolf klubunun müsadirə edildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (OCCRP) yayıb.
Mənbə qeyd edir ki, Cahangir Hacıyev rəhbərlik etdiyi bankı qarət edərkən, arvadı Zamirə Londona 42 milyon dollar dəyərində şəxsi təyyarə ilə uçaraq dəbdəbəli həyat sürürmüş.
Hacıyevanın adı 2018-ci ildə Böyük Britaniyada açıqlanmayan sərvət sərəncamının (UWO) mövzusu olduqda hallanmğa başlanıb.
NCA ondan şübhəli dərəcədə böyük sərvətinin mənbəyini izah etməyi tələb edib.

2018-ci ilin noyabrında NCA London hərrac evindən Hacıyevanın qızı üçün qiymətləndirildiyi 500 min dollar dəyərində zərgərlik məmulatını müsadirə edib. Daha sonra 2019-cu ilin yanvarında NCA Hacıyevanın ərindən hədiyyə olaraq aldığı 1,5 milyon dollarlıq Cartier üzüyünü müsadirə edib.

İndi Hacıyeva Londonun Naytsbricdəki 17,8 milyon dollarlıq evindən, həmçinin Berkşir ştatının Askot şəhərindəki qolf klubundan imtina etməyə razılaşıb.

NCA hesab edir ki, həm ev, həm də qolf klubu külli miqdarda dələduzluq, oğurluq və çirkli pulların yuyulması yolu ilə əldə edilib.

Hacıyevanın əri 2001-2015-ci illərdə dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankının (ABB) sədri vəzifəsində çalışıb. O, 2015-ci ilin dekabrında Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib, daha sonra 2016-cı ildə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda dələduzluq və mənimsəmədə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə Hacıyevə qarşı əsasən oğurluq şübhəsi ilə bağlı yeni ittihamlar irəli sürülüb. Azərbaycan məhkəməsi onun ümumi cəzasını bir il yarım artıraraq yenidən təqsirli bilib. Məhkəmənin hökmü ilə C.Hacıyev Azərbaycandan kənarda qeydiyyatda olan şirkətlərlə veksel alqı-satqısı yolu ilə bankdan pul çıxarıb.

Nəticədə, “əsasən xarici yurisdiksiyalarda yerləşən, çox vaxt çirkli pulların yuyulmasına qarşı nəzarətin zəif olduğu 69 şirkətlə 922 müqavilə bağlanıb. Bildirilir ki, sövdələşmələr bu şirkətlərin maliyyə gücü və ödəmə qabiliyyəti, fəaliyyət dairəsi, kredit tarixçəsi və s. baxımından düzgün qiymətləndirilmədən bağlanıb.

NCA izah edib ki, onlar əmlakı satacaqlar və satışdan əldə edilən xalis gəlirin 70%-ni Böyük Britaniya hökumətinə təhvil verəcəklər, agentliyin hüquqi xərcləri çıxılmaqla, 30%-i isə Hacıyevaya qaytarılacaq.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
konkret.az

10Mənbələr